İlahi Surətində yaradılmaq həm də, səni Müqəddəs Üçlüklə əsrarəngiz münasibətə dəvət edir. Məsihilik İlahinin tək olduğunu və bu təkliyin üç şəxsdə\vahiddə açıqlandığını öyrədir. Bu təklik-üçlük qavramını insan münasibətlərinə də tətbiq etmək olar.
İnsani üçlük birisinin başqa insanlarla münasibətinin əsas teoloji və universallıq potensialı olan prinsipidir. Sən başqaları ilə münasibətdə bir üçlük qura bilərsən. Bu çətindir, lakin mümkündür. Əlaqədə olduğun istənilən başqa biri ilə işin içinə sadəcə özünü deyil, İlahini, onun niyyətini və iradəsini gətirdiyin anda sən insani üçlüyü başlatmış olursan. Başqa birisi ilə, məhz sənin kimi Rəbbin surətində yaradılımış biristək münasibətə girdiyində, ona sayğı duyduğunda və sevgiylə, mərhəmətlə yanaşdığında, İlahi səninlə o şəxs arasındakı münasibətin bir parçası halına gəlir. İnsani üçlük bir varlıq dairəsi kimi və İlahi-insan münasibətlərinin minimum vahidi kimi, qarşı tərəf də sənə eyni şəkildə (İlahi surətində yaradılmışlığa və bundan qaynaqlanan sevgi, mərhəmət və acını bölüşməyə), qarşılıqlı cavab verdiyində qapanır. İlahi, insan və sən Müqəddəs Üçlüyün yerdəki simvoluna çevrilirsiniz. İlahinin sevgi, təvazö, ümid, inanc və bağışlama prinsipi münasibətlərin əsas nüansı olur. Bibliya öyrədir ki, Tanrı sevgi(də)dir. Tanrı özü də bir sevgi kimi, üçlükdə mövcuddur. Bu çətin və insanların çox nadirən sona qədər həyata keçirdiyi prinsip İlahiyə gedən yolun başqalarından və özündən keçən şəklidir. İlahinin bənzərlərində İlahinin işığını görmək üçün insani üçlüyü güncəl həyatına tətbiq etməyi bacarmaq lazımdır. Bu əlbəttə ki bir idealdır. Qarşılıqlı olaraq bunu həyata keçirmək hər kəsə müyəssər olan bir şey deyil. Lakin buna cəhd etmək özü səninlə İlahi arasında körpü sala bilər. Beləliklə, əziz Surət, sənin həm özündən, həm də ətrafdakı insanlardan keçərək İlahiyə yol almaq şansın var. Sənin əsil kimliyini tapmaq və qurmaq şansın var. Çünki sən İlahiylə bir neçə səviyyədə əlaqədəsən. Sən onun surətisən. Alıb-verdiyin nəfəs ondan gəlir və səni ona bağlayır. Səndən tələb olunan, içindəki ruhu buna açmandır. Sən Müqəddəs Üçlüyün insani simvolu kimi münasibətlərində üçlüyü canlandıra bilərsən.
Unutma. Gördüyün hər insan, necəliyindən asılı olmaraq İlahidən bir parçaya malikdir...
No comments:
Post a Comment