Monday, December 31, 2012

Yeni İl

Hamınızı Yeni İl Bayramı münasibətilə təbrik edirəm! Yeni ildə yeni sevgilər tapasınız, yeni şənliklər görəsiniz, yeni və yaxşı insanlarla dostlaşasınız!


Monday, December 24, 2012

Milad Bayramınız Mübarək!




Xoş gəldin, Emmanuel, xoş gəldin!
Gəldin, səfa gətirdin, sən gəldin!

Thursday, December 20, 2012

Deus ex machina?

Həəəə. Belə-belə işlər.:)


Monday, December 17, 2012

Bağışlayan və Sevən




Bir duada deyildiyi kimi:

Κύριε Ἰησοῦ Χριστέ, Υἱὲ τοῦ Θεοῦ, ἐλέησόν με τὸν ἁμαρτωλόν.

"Rəbb İsa Məsih, Allahın Oğlu, mən günahkara mərhəmət eylə!"


Lukanın nəql etdiyi müjdə: 15:1-7

1."Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. 2.Fariseylər və ilahiyyatçılar isə "bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir" deyirdilər.
3.Amma İsa onlara bu məsəli çəkdi: 4."Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı? 5.Tapanda isə onu sevinclə çiyinlərinə qoyar. 6.Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: "Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!" 7.Sizə bunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq."

(Müqəddəs Kitab. Əhdi Ətiq və Əhdi Cədid. Bakı - 2009. Müqəddəs Kitab Şirkəti.)


Monday, December 10, 2012

Həvari Pavlosu Çağıran Səs




Həvari Pavlos tarixi şəxsiyyət olub. Xristianlıqda dərin iz buraxıb, bu inancın istər yayılmasında, istərsə də bir sıra təlimlərinin ərsəyə gəlməsində onun böyük rolu var. Onun yazdığı məktublar Əhdi-Cədidin önəmli parçasını təşkil edir.
Ancaq həvari Pavlos həmişə məsihi olmayıb. Özünün öyrətdiyi kimi, İsrailin Benyamin tayfasından çıxıb, doğulduqdan sonra səkkizinci gün sünnətlənən, fərisi kimi təhsil alan və yəhudi dini qanunlarını qüsursuz yerinə gətirən Pavlos, Musəvilik üçün o qədər içdən və şövqlə çalışırmış ki, İsa Məsih üçün ilk şəhid olaraq adı tarixə keçmiş Stefanos daşlandığı zaman onu öldürməyə gedən insanlar öz pal-paltarlarını baxması üçün onun yanında buraxıblarmış.

Monday, December 3, 2012

Pudel

Pudel:)
Ən ağıllı, ən gözəl, ən ərköyün, ən həssas it növü. Bir dəfə hardasa eşitdim ki, pudellər it dünyasının sarışınlarıdır...

Tuesday, November 27, 2012

Sev(il)mək Hekayətindən Bir Səs


"Ey sevimlilər, biri-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir. Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi. Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək biri-birimizi sevək. Allahı heç kim heç zaman görməyib. Əgər biz biri-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur." (Yəhyanın birinci məktubu 4:7-12). (Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid.) Müqəddəs Kitab Şirkəti. Bakı-2009. Səh.383)

Tuesday, November 20, 2012

Spoiler Alert! Və ya hələ oxuyub bitirmədiyiniz kitablar haqqında müsahibələri dinləyəndə diqqətli olun!



Marilynne Robinsonun "Gilead" əsərini oxuyuram. Çox gözəl, həqiqətən aldığı mükafata layiq əsərdi. Xristianlığı bilənlər üçün isə xüsusilə qiymətlidir, çünki kitabda işlənən teoloji mövzular maraqlı suallar qoyur.
Çoxdandı belə axıcı, sakit, dilinin gözəlliyi sadəliyində olan kitab oxumamışdım, özəlliklə də D.F.Wallace-in uzun, ən azı bir səhifəni tutan, xoruz banı eşitməmiş sözlərlə dolu cümlələrindən sonra belə bir əsəri oxumaq yeni nəfəs kimi gəlir adama.
Nəsə, sözüm onda deyil. Bu gün düşündüm müəllifin kitabla bağlı youtube-dəki müsahibələrinə baxım. Birini tapıb dinləməyə başladım. Müsahibənin heç ortasına çatmamış kitabın hələ oxumadığım hissələrilə bağlı danışmağa başladılar və bir xarakterlə bağlı dedikləri həmin xarakterdəki tapmacanı əməlli-başlı öldürdü. Fikirləşdim eybi yox, bir xarakterin necə olacağını və ümumiyyətlə şəxsiyyətini kitabı oxuyub sona çıxmamış bilmək böyük itki deyil. Bir az da dinlədikdən sonra gördüm kitabın sonundan danışırlar və romandakı ən maraqlı sualın cavabı gəlir. Ürəyimə damdı ki, indi kitabın "sirri" açılacaq, romana bütün marağım öləcək.
Macal tapıb mən videonu dayandırmamış o cavabı da eşitdim, kefim pozuldu.
Ağlıma gəldi ki, gərək filmlə bağlı məqalələrdə olduğu kimi, belə müsahibələrin də adına bir "spoiler alert!" yazsınlar. Belə də iş olar!?  
Amma kitabl oxuyub bitirəcəm. Görək bir kitabın sonunu ya ən önəmli süjet elementini bilə-bilə oxumaq necə olur.

Saturday, November 17, 2012

Doqma




Dilimizdə doqma və doqmatik sözünün mənfi çaları var. Bir qayda olaraq, köhnə, daşlaşmış, rigid bir fikri, və ya belə düşünən birisini anlatmaq üçün istifadə edilir. Xristianlıqda doqma bu və ya digər inancı ifadə edən formal dil, formula, ümumqəbulolunmuş rəsmi ifadə tərzi kimi anlaşıla bilər.

Wednesday, October 31, 2012

Bilirsinizmi ki...




Bir qəhvə fincanını,
Dodağınıza yaxınlaşdıran anda,
Xatirələr,
Çağrılmamış qonaq kimi
Xəyallarınıza hopar?

Sunday, October 21, 2012

Mizoteizm: Allaha Nifrət




İlahiyə, daha doğrusu, monoteist dinlərdəki yaxşı, tək, hər şeyi bilən və idarə edən ədalətli Allaha qarşı nifrət mizoteizm adlanır.
Mizoteizm ateizmə yaxındı, ancaq eyni deyil. Məncə bunların kəsişmə nöqtələri var, bununla belə, ateizm İlahini fiksiya, olmayan birisi kimi xarakterizə edirsə, mizoteizm Allahın varlığını qəbul edir. Bu mənada, mizoteist ilahinin varlığını qəbul edən, ancaq ona ibadət yerinə ona nifrəti təlqin edən bir mövqedi.
Düzünü desəm, mən İlahiyə nifrət etməyin mümkünlüyünü tam anlaya bilmirəm, çünki İlahi bilavasitə hiss orqanları vasitəsilə qavranılan bir şey deyil. Allaha nifrət etmək, bir növ mücərrəd bir şeyə, məsələn, 2+2=4 formulasına nifrətə bənzəyir. Amma belə insanlar da var.
Allaha nifrət etmək satanist olmaq, əxlaqsız olmaq, oğraşlıq eləmək anlamına gəlmir. Yaxşılıq edən, əxlaqlı ateistlər olduğu kimi, xeyirxah mizoteistlər də var. Niyə də olmasın?
Nəsə...bir mizoteistə rast gəlsəniz, onu daş-qalaq etməyin. Onu da İlahi yaradıb. Onun üzərində sizdən çox, onu öz surətində yaradanın haqqı var. 

Monday, September 24, 2012

Özlərimiz




Hamımızda bir neçə öz var. Birində mərhəmət, sevgi, şəfqət, çalışmaq, çiçəklənmək, yardım etmək, sevmək, bağışlmaq var. Digərində qisas almaq, nifrət etmək, özünü hər cür zövqə, istəyə fərqinə varmadan təslim etmək, kiminsə ayağının altını qazmaq, suda boğulana vecsiz yanaşmaq, tənbəllik var. Hər iki öz biri-birindədi, biri-biriylə qarışıb biri-birindən təsirlənir və onların arasında münaqişələr olur. Heç bir özü tam yox etmək, tam gəlişdirmək mümkün deyil. Onların hər ikisiylə yaşamağa məcburuq. Ancaq onlardan birini gəlişdirə və digərini də qısırlaşdıra bilərik. Sizin hansı özünüz hansı özünüzə nəzarət etdir?

Thursday, August 30, 2012

Eqzistensial Angst?

Çox düşündürücü musiqidi (özəlliklə istinadların hardan gəldiyini bilənlər üçün). Düzdü, çox qaranlıq və pessimistidi, ancaq məni bu musiqiyə çəkən onun sözləri və həmin sözlərdə anladılan yanaşmadı (Razılaşmaq mənasında deyil, maraqlı baxış bucağı mənasnıda). Doğrudan da, sevgini, ədaləti, hər şeyi rədd etmək və məna axtarışına etinasız yanaşmaq mümkündü.
Açığı, bu düşüncədə olan birisinə nə deyəcəyimi bilmirəm.
Əslində İlahiyə, fövqəltəbii varlığa inanmağın bir ucu da həmin bu potensialı dərk etməyə dayanır. Belə bir potensialın olduğunu anlayıb onu könüllü şəkildə rədd etmək də mümkündü. Ancaq iş burasındadı ki, bu cür yanaşmanı tam və əsaslı rədd edə bilən tək inanc şəkli transsendental inancdı. Onun da özünə görə problemləri var...

Monday, August 20, 2012

Bayramınız mübarək!

Bütün müsəlmanların, özəlliklə də bu bloqu oxuyanların:), Ramazan bayramını təbrik edirəm! Allah dualarınızı qəbul eləsin!

Friday, August 17, 2012

Övlad Qatili?




İslamdakı bəzi mənbələrə görə İbrahim peyğəmbər oğlu İsmayılı, Xristianlıq və Musəvilikdə isə oğlu İshaqı qurban etmək üçün götürür. Niyə? Çünki Allah belə istəyibmiş. Çağdaş teoloji interpretasiyada bir qayda olaraq İlahinin İbrahimi durdurmasına diqqət ayırarlar, ancaq Xristianlıq və Musəvilikdə bir də qurbanlıq və qurban istəmədə İlahinin rolu məsələsinə də yer ayrılır və bu bucaqdan baxaraq İlahinin xarakteri haqqında fərqli fikirlər irəli sürülür. 

Saturday, August 11, 2012

Bab-ül-Bibel


Siz elə bilirsiniz, Bibliya sadəcə gəlişgözəl sözlərdən ibarətdi? Bibliyada Rəbb sevgisindən, yaxşı olmaqdan, Onun mərhəmətindən, sədaqətindən və əhdü-peymanından çox danışılır. Ancaq Bibliya çox qarışıq, həm də çox maraqlı kitabdı (daha doğrusu kitablar toplusudu). Orda həqiqətən qorxunc hekayələr də var və onların arasında çağdaş dönəmimizin dəhşət (bəzən də erotik-porno) filmləri üçün zəngin materiallar tapmaq olar. Orda İlahinin verəcəyi cəzalardan, dolayısıyla, həm də onun qəddarlığından, anlaşılmazlığından, bəzən gözlənilməz əməllərindən və s. bəhs edilir.

Sunday, August 5, 2012

Pro et Contra


Bir neçə ay bundan öncə fəlsəfə fakultəsində oxuyan bir iranlı tanışımla inanc, inanmağa səbəb haqqında maraqlı söhbətim oldu. Həmin tələbəylə təxminən bir il əvvəl də buna bənzər söhbətim olmuşdu və o vaxtı o, öz aqnostikliyinə haqq qazandıranda demişdi ki, fövqəltəbii varlığı sübut etmək mümkün deyil.
Əslində düz deyir. Hər hansı bir fövqəltəbii varlığın mövcudluğunu tam və birmənalı, hamı üçün keçərli şəkidlə, çağdaş elmi anlayışlar və metodlar vasitəsilə sübut etmək mümkün deyil.

Monday, July 30, 2012

Qlossoladualaliya


Saqitə, İlahi, təmrakinəsu,
Arilü intəmər sorin səmasu,
Ahiya rinyəmal haani sirəma,
Şöntəla serima üncə-rə-qa-hu!

Menidvat tsauvəya şti-fanəri,
Bosarunk xzəneri ihe-jigayə,
Taroa, taroa, inqa civali,
Bentaruy pügora ağdi zə-ma-ku...

Sunday, July 15, 2012

Miserere Mei, Deus!

Bir bu musiqini dinləyin. Sonra bunu oxuyun. Sonra da ruhunuza qulaq asın.

Wednesday, July 4, 2012

Düşündürücü Kitab



Duqlas R. Hofstatderin bu kitabının inancla, dinlə heç bir bağlılığı yoxdu, ancaq hər inancın, hər insan düşüncəsinin, hər eqonun altında yatan simvollarla, gözəllik konseptilə, təməl və praktiki riyazi ideyalarla (bəli, bəli! Düz oxudunuz. Riyaziyyatla!) əlaqəsi var. Fəlsəfə də öz yerində. Müəllifi bu kitaba görə mükafatlar alıb. Anlamaq üçün riyaziyyatı bilməyinizə ehtiyac yoxdu, ancaq bir az musiqidən, incəsənətdən, fəlsəfədən, lap az da olsa formal məntiqdən anlamanıza ehtiyac var. Oxuduqca, klassik musiqi korifeylərinin həyatından maraqlı hadisələr haqda bir şeylər öyrənəcəksiniz. Kitabda maraqlı dialoqlar, nümunələr, şəkillər də var.
Kitabı hələ bitirməmişəm. Ancaq elə lap başdan maraqlı olacağına şübhəm olmayıb. Birinci səhifəsindən sizi içinə alan, udan bir kitabdı.    

Tuesday, June 26, 2012

İnanclı Olmaq: Via Negativa




İnanclı olmaq, yəni İlahiyə inanmaq
Uzun saqqal saxlamaq
Qaşqabaqlı olmaq, sir-sifətindən ciddi
Kədərli görkəm asmaq
Demək deyil.

Wednesday, June 20, 2012

Yaşam Oyunları




Həyata oyun kimi baxsanız nə görərsiniz¿ Bütün oyunlarda olduğu kimi, müəyyən məqsəd(lər), oyunçular, öncədən müəyyənləşdirilmiş qaydalar, həmin qaydalar əsasında gedişlər, strategiya, taktika və zər və ya təsadüfün, bəxtin oyuna gətirdiyi fürsətlər, uduzan, udan. Əlbəttə, bu siyahını uzatmaq olar. Məsələn, bəzi oyunlarda müəyyən şərtlərə dayanaraq oyunçulardan biri oyunun müəyyən qaydalarını dəyişə bilər. Sizin həyat oyununuzda qaydaları kim müəyyənləşdirir və kim dəyişdirir¿ 
Əslində həyata bir oyun kimi baxmaq çətindi. Yaşamın axıcılığı, qeyri-müəyyənliyi onu oyunların şahınamı deyim, oyunlar oyununamı deyim, makrooyunamı deyim, nəsə buna bənzər bir şeyə çevirir. Ancaq həyata, insanların münasibətlərinə oyun kim baxanlar və ya müəyyən bir oyun anlayışını tətbiq edərək insanın müəyyən iş sahələrini öyrənməyə çalışanlar var. Məsələn, riyaziyyatda oyunlar nəzəriyyəsi deyilən bir sahə var. Düzdür, həmin sahənin mənim bu sözü işlətdiyim mənada oyunlarla (şahmat, nərd, domino, kompüter oyunları və s.) bir elə əlaqəsi yoxdu ancaq hər halda iqtisadi münasibətlərə tətbiq edərəkdən, sözünü etdiyim oyunları nümunə kimi ələ alaraqdan insan həyatına göz atmaq yeni bir şey deyil.

Monday, May 21, 2012

İnanclı Düşüncə və Düşüncəli İnanc - 1




Bu, Tim Kellerin çox maraqlı və dili sadə kitabıdı. Xristian baxış bucağından yazılsa da qeyri-xristianlar üçün də oxumalı və öyrənməli çox şeylər var. İlahinin varlığı ya yoxluğu haqqında qəliz arqumentlərin sadə dillə və hamı üçün izahıyla bağlı, Xristianlığın önəmli təlimləri haqqında oxumaq istəsəniz bu kitab sizə yardım edə bilər.
Müəllif özü pastordu, PhD-si var (yəni ki fəlsəfə elmləri doktorudu), bir çox kitabların müəllifidi, yəni yetərincə təhsili var və kitab da çox tarazlaşdırılmış informasiya verir.
  

Sunday, May 6, 2012

De Docta İgnorantia

Bəzi şeylər vardır ki, onları bilməmək bilməkdən daha yaxşıdı.

כי ברב חכמה רב כעס ויוסיף דעת יוסיף מכאוב 




Və ya Vaiz kitabında deyildiyi kimi, çox bilik çox ürəkağrısı gətirir. Söhbət təbii ki, formaldehidin nə olmasını bilməkdən ya bilməməkdən getmir. Söhbət özünü və insanlığı tanımaqdan, həyatın dərinliklərindəkini bilməkdən gedir.

Saturday, April 21, 2012

Yuxu



Ya Rəbb! 
Demə kitab yetər mənə, istəmirəm bunca yozum,
Pişvazına çıxım sən gəl, ya Rəbb, səni kimdən sorum?!

Sunday, April 8, 2012

Xristos aneste!

Salam əzizlərim! Bu gün Pasxa və ya Diriliş bayramını qeyd edir məsihilər. Bütün məsihilərə bayramınız mübarək deyirəm. Məsihi olmayanlara da bizə qoşulub sevincimizi bölüşün deyə bilərəm. Aşağıda Yunan Pravoslav kilisəsindən bir himn yerləşdirmişəm.

Tuesday, April 3, 2012

Bir Ovuc Xatirə


Bhaqavad-Gitanı oxumusunuz? Oxumasanız da bu musiqidən zövq alacağınıza əminəm (musiqinin “kafirliyi” sizi qorxutmasa). Ancaq mahnıda işlənən bəzi cümlələrin alt qatındakıları (məsələn, gözləri nilufər və ya müdrik canlar) anlamaq üçün Bhaqavad-Gitanı oxumağa ehtiyac var və ümumiyyətlə Krişnaizmlə (Hinduizmin bir şəkli) tanış olmanız lazımdı. Mən bu musiqini dinlədikcə, maraqlı xatirələrim yadıma düşür.
Bakıda iki dəfə Krişna Şüuru məbədində olmuşam (tanışlıq üçün getmişdim). Hər ikisində də həm xoş, həm çaşdırıcı hisslərim olub. Ancaq yenə də mədəni və nəzakətli davranışlarına görə onlarla bağlı xoş xatirələrim üstünlük təşkil edir.

Monday, March 19, 2012

İlahiyə Doğru Daha Bir Addım


Gerçək inanclının ən önəmli özəlliyi İlahidən gələn danlağı, cəzanı belə sayğıyla, sevə-sevə qəbul etməkdi. Bu, bir az absurd səslənə bilər. Ancaq İlahi hər kəsə cəza vermir. İlahi ya şeytana uymuşlara, ya da sevdiklərinə cəza verir: özünü tamamən şeytana satmışlara İlahinin səbrini sui-istifadə etdikləri üçün, sevdiklərinə isə onları əryi yoldan çəkindirmək üçün.
Ancaq məncə İlahinin bir insana verəcəyi ən ağır cəza, Tanrının həmin şəxsə etinasız yanaşmasıdı. Tanrının unutmasından, daha doğrusu bilə-bilə, necə deyərlər “iqnor” etməsindən, birisinə tamamən etinasız davranmasından böyük cəza mümkün deyil.
Odur ki, Rəbbin sizi tamamən unudub varlıq ümmanının bir küncünə atmasındansa, onun əlindən içi acılarla dolu kasəni alıb içmək daha yaxşıdı. Bunu etmək, əlbəttə, çətindi. Danlaq, cəza hər nə olursa – olsun insanı incidər. Lakin bunu ata-ananın odla oynamaq istəyən və ya qonşunun evindən əşya oğurlayan övladına verdiyi dərs kimi də başa düşmək olar.
Sizcə hansı yaxşıdı?
  

Wednesday, March 7, 2012

Nota Bene




Tanrım mənim!
Əllərini aç əllərimdən tut.
Cavabsız sualları soruşmayım.
Gözlərimə bax, gülümsə,
Sənin dərinliklərində ruhumu tapım.

Tuesday, February 14, 2012

İsəvilikdə İsa Məsih və ya Nəriman Qasımoğlu Nələri Gözdən Qaçırdır - 3




İsa Məsih İlahinin Oğlu Kimi.

İstər-istəməz sual olunur: əgər İlahinin Oğlu olmaq, Nəriman Qasımoğlunun dediyi kimiydisə, onda niyə fəriseylər İsa Məsihi özünə Allahın Oğlu dediyinə görə ittiham edirlər? Gəlin daha bir sual da əlavə edək, əgər İsa Məsih Allahın Oğluydusa, o özünə necə ilahi kimi istinad edə bilərdi? Əslində İsa Məsihdən öncə də "Allahın Oğlu" ifadəsi işlədilirdi. Bu söz birləşməsinə özəl titul kimi yalnız Musəvilikdə deyil, ondan daha öncəki inanclarda, kultlarda da rastlanır. Sadəcə İsa Məsihdə həmin bu konsept, yəni İlahiyə sanki onun oğluymuş qədər yaxın olmaq ideyası daha da gəlişir və Məsihilər üçün yeni anlam qazanır, çünki İsa Məsih kimsənin göstərmədiyi möcüzələr göstərir, Allaha “Ata” deyir, özünün İlahiliyinə işarə edən ifadələr işlədir. Bu kontekstdə İlahinin Oğlu olduğunu iddia etmək sadəcə sıradan Allah adamı anlamında anlaşılmamalıdı və bəlli olur ki, Musəvilər də İsa Məsihin Allah Oğlu sözünü elə onun istədiyi kimi anlamışlar: Allaha onun İlahiliyini bölüşəcək və deməli ibadət olunacaq qədər (İlahitək) yaxın olmaq. Məsih inancına görə, İsa Məsihin İlahi Oğlu olmasına səbəb Müqəddəs Üçlüyün ikinci üzvü Oğulun onda yaşamasıdı. İlahinin Oğlu olmaq o demək deyil ki, İlahi İsa Məsihin insan kimi atası olub. Bu, sadəcə İsa Məsihlə İlahi arasındakı dərin, içdən, başqa varlıqlar arasında rastlanmayan münasibəti ifadə etmək üçün işlədilən məhdud insani bir dildi və İlahinin İsa Məsihə yaxınlığını anladır. İsa Məsihin hər kəs kimi deyil, özəl şəkildə İlahinin Oğlu (və bu mənada onun yerdəki təmsilçisi, davamı, təzahürü) olmasını İncillər də açıqca ortaya qoyur. 

gündəlikdə axtarış