Azərbaycan hər zaman əyalət olub. Azərbaycanın öz əyalətindən Bakıya gəlib sanki böyük şəhərə düşmüş kimi hiss etmək olar və bir yerə qədər bu elə belə də olmalıdı. Keçmiş Qırmızı dövlətin böyük şəhərlərindən biri idi Bakı. İndi Azərbaycanın ən yekə, Qafqaz dediyimiz regionun ən zorba şəhəridir Bakı. Lakin Bakının şəhər hissi verməsi, yaşatması, Azərbaycanın bütövlükdə əyalət gerçəkliyini gizlətmir.
Azərbaycan əyalətdi. Böyük ölkələrə, sivilizasiyaların mərkəzlərinə münasibətdə Azərbaycan hər zaman əyalət olub. Biz İslam dünyasının Şimal sərhədlərindəyik. Üzümüz cənuba baxır həmişə: Məkkəyə, Mədinəyə, Dəməşqə, Qahirəyə və s. İslam alimlərimizin prestiji ölkədən üzü cənuba və cənub-qərbə nə qədər uzağa gedib oxuması ilə düz mütənasibdi. Əl-Əzhərdə, Mədinədəki İslam təhsili mərkəzlərində oxuyarıq – mərkəz oralardı. Biz Avropanın, əgər bizi Avropa hesab etmək olarsa, cənub və şərq sərhədlərindəyik. Üzümüz Qərbə və Şimal-Qərbə baxır. Üzü Qərbə gedirik. Standartlarımız, ilham aldığımız texnologiya, qurmaq istədiyimiz gələcək Avropanın siyasi-içtimai ideallar dünyasına köklənib. Özünü modern hesab edənimizin modernliyi ölkədə demokratikliyi görmək arzusu onun qərbdə yaşam təcrübəsinə düz mütənasibdi. Biz hər iki böyük sivilizasiyanın əyalətiyik.
Ancaq bizim əyalətliyimiz bununla bitmir. Biz həm də başqa dünyaların əyalətiyik. Cənubi Azərbaycana və ümumiyyətlə geniş İran, Türk-Fars mədəniyyətinin təsir dairəsinə münasibətdə biz əyalət olmuşuq. Bakı, Gəncə əlbəttə ki, Təbrizlə, İsfahanla, Şirazla çox az müqayisə oluna bilər: o da son bir-iki yüz ilin tarixi dəyişmələri hesabına. Ondan öncə isə mərkəz hər zaman sərhəddin o tayında olub. Yazıb-pozanlarımız farsca yazıblar, şiəliyin əsasını qoyanlarımız, dövlətçiliyimizdə az-çox iz salanlar məhz Güneydən çıxıblar. Azərbaycan sözünün özü də, bu sözün ifadə etdiyi ərazinin mərkəzi də Arazdan Quzeydə deyil, hər zaman Arazdan Güneydə olub. Güneyi Quzeyə birləşdirib Bakını paytaxt etməyiblər, əksinə Quzeyi, Güneyə birləşdirib Təbrizi, İsfahanı paytaxt ediblər.
Biz həm də Türk dünyasının əyalətiyik. Nə Türkiyə kimi Türkiyəyik, nə də Orta Asiya kimi, Orta Asiya. Biz hər ikisinin ortasındayıq. Biz keçid kültürük – Orta Asiyadakı Altay kökənli kültürlərdən Kiçik və Mərkəzi Asiyadakı Altay kökənli kültürə keçidin tam ortasında: nə tam ondan, nə tam bundanıq. Danışdığımız dili belə, osmanlıların bir qismi öz dillərinin bir şivəsi, özü də geridəqalmış, əyalət şivəsi kimi görürlər. Özümüz belə dilimizin necə adlanması haqqında bir qərara vara bilməmişik. Orta Asiyalılara münasibətdə özümüzü dartarıq, ancaq dartmalı bir şeyimiz də yoxdu: heç olmasa onların etnik-mədəni kimliyi Türkiyənin dil və kültür oxşarlığından bu qədər təsirlənib ikimənalı, çoxmənalı qarışıq, sərhəd kimliyinə çevrilmir.
Biz inzibati-dövlətçilik tariximizin də son əsrlərində əyalət olmuşuq. Gülüstanda, Türkmənçayda biz bölməmişik, bizi bölüblər. Biz nəhəng Rus imperiyasının, sonra da Sovet İttifaqının əyaləti olmuşuq. Rusdan əvvəl savadda bərk gedənlər gedib İranda-İsfahanda, Təbrizdə, İstanbulda, Dəməşqdə, Qahirədə və s. yerlərdə oxuyarlardı. Rusdan və Sovetdən sonra da savadda bərkgedənlər gedib Moskvada, Sankt-Peterburqda, Kiyevdə oxuyarlarmış. Ara-sıra bir az uzağa uçanlar Parisə, Avropanın başqa şəhərlərinə gedib oxuyurlarmış.
Elə indi də biz əyalətik. Rusiyaya, Türkiyəyə, İrana münasibətdə biz fərqli səviyyələrdə və fərqli sferalarda əyalətik. Əyalətçiliyin özünə görə özəllikləri var. Mərkəzdən başlayan dəyişikliklər dalğası əyalətə gec gəlir. Əyalət bir qayda olaraq yedəkdədi. Əyaləti tərk edib mərkəzə qaçarlar, çünki fürsətlər, qızğın hadisələr mərkəzdədi. Əyalətdəkilər mərkəzdəkilərə bir qayda olaraq aşağıdan yuxarı baxarlar və onları təqlid edərlər. Əyalətdə bir qayda olaraq idilliya hökm sürər, bu sözün hər mənasında. Mərkəzin özünün saf-çürük edib əyalətə sürgün etdiyi hər şeyə, mala, ideyaya, nağıla, prestijə, siyasətə inanarlar. Mərkəz bir şeyi dişinə vurub artıq zibil qabına tulladıqda, əyalət hələ də onunla ilgilənər. Mərkəzdəki ağıllı, məkrli və hiyləgər siyasi oyunların düzünə, bəsit demaqogiyayla pərdələnən, zövqsuz və küt təqlidi əyalətdən çıxır. Əyalət mərkəzdən soyuduqda isə, yenə ağını çıxardar: ta ki ağlaya-ağlaya mərkəzin üstünə yenidən qaçana qədər.
Keçən əsrin əvvəllərini düşünün. “Anamın Kitabı”nı düşünün. Aydınlarımızın dünya mədəniyyətinə çıxması, elmin bəhrəsindən ciddi faydalanması üçün mütləq başqa dilləri öyrənməsinə ehtiyac olub. Başqa dilləri, kültürləri öyrənməkləri bir yana, bir də aldıqlarına türklər demiş sırıl-sıklam sarılıblar, o dərəcədə ki, əyalət özü bölünüb: mərkəzə aç-çox oxşaya bilən əyalət, mərkəzə oxşamaq kimi “şərəfdən” məhrum olmuş əyalətə yuxarıdan aşağı baxıb. Ya rusca, klassik şərq ədəbiyyatını və elmini anlamaq üçün ərəb və farsca, indi də ingiliscə, fransızca, almancaya ehtiyacımız var. Biz əyalətik dostlarım.
Ə-YA-LƏT! Keçmişcən Şərqə, gələcəkcən Qərbə, kimlikcən Türkiyəyə, Orta Asiyaya münasibətdə əyalətik.
Bu qədər çox bucaqdan, bu qədər çox sferada əyalətlik az aşın duzu deyil. Onların hamısı qarışıb özünə görə bir mərkəz törədir. Birin üstünə bir gələndə necə iki edirsə, bir səviyyədə əyalətliyin üstünə başqa səviyyədə əyalətliyi gələndə mərkəz edir. Bizim əyalət+əyalət=mərkəz formulamız bizim Qafqazımızda ortaya çıxır. Biz Qafqazıq. Əyalətlər mərkəzi Qafqazıq.... .
No comments:
Post a Comment