İndi müsəlmanlar bir qayda olaraq Qurani-Kərimin, Məsihilər də Bibliyanın müqəddəs yazı - kitab olduğuna inanırlar. Bu inanc o qədər yayğındır ki, hətta belə demək mümkünsə, gözlənilən duyumun (common sense söz birləşməsini dilimizdə daha necə ifadə etmək olar? hər kəsin, hər kəsdən gözlədiyi duyum?) bir parçası halına gəlib. Müsəlmanlar özlərini, isəvi və musəviləri “Əhli-kitab” yəni kitab əhli, kitab camaatı və ya kitabı olan adamlar adlandırırlar. Qurani-Kərimdə də yanılmıramsa bu söz keçir. Ancaq bu inancın – müqəddəs yazının mövcudluğu və ya yazının müqəddəs ola biləcəyini qəbul etmə - çox qədim inancdır və Quranla da başlamır. Quran sadəcə bu inancın öz məntiqi sonluğuna qədər inkişaf etdirilməsinin nəticəsidir. Nəzərə alaq ki, Müqəddəs yazı, daha doğrusu kitab anlamı sadəcə İbrahim dinlərinə xas deyil. Hinduizmdə də müqəddəs hesab olunan və ya müqəddəsmiş kimi ehtiram göstərilən, İlahidən bir şəkildə insanlara ötürülmüş yazı – kitab inancı var. Burda haqq – hesabı qarışdırmamaq üçün konkret yazının müqəddəsliyinə inanc ilə, ümumiyyətlə yazının və yazılmışın müqəddəs ola biləcəyinə inancı biri-birindən fərqləndirmək lazımdır. Məni maraqlandıran konkret yazının müqəddəsliyinə inancdır. Lakin etiraf etmək lazımdır ki, hər iki qavram arasında əlaqə var və ümumiyyətlə yazının və yazılmış olan nəsnənin müqəddəsliyi bir potensial kimi qəbul olunmadan, konkret yazının da müqəddəsliyinə inancdan söhbət gedə bilməz.
Fikirlərimizin sərgərdan dolaşmasını önləmək üçün öncədən belə şərtləşək ki, bizi bu yazıda İbrahim dinlərində yazının müqəddəsliyi məsələsi maraqlandırır.
Yazının yaranması, istər əlifba şəklində, istərsə də heroqlifik formalarının ortaya çıxması tədrici proses olub. Aydındır ki, yazıdan öncə də dil vardı, insanlar danışırdı. Din və dini inanc, İbrahim dinlərində isə vəhy qavramı yazıdan öncə gəldiyinə görə İudaizmdə peyğəmbərlərin söyləyişləri yazı mərhələsinə qədəm qoymazdan qabaq şifahi olub, şifahi şəkildə qorunub və nəsildən-nəsilə ötürülüb. Gəlin buna şifahi vəhy və ya ağız vəhyi deyək. Bibliya şifahi vəhyin, yazılı vəhyə keçməsini və bu zaman baş verən münaqişələri də anladır. Musanın yazdığı hesab olunan kitabların bəzilərində yazıdan, yazıya alınmadan bəhs edilməz, bəzilərində isə əksinə vəhyin yazı şəklində verilməsi vurğulanır. Tarixi araşdırmalar belə fikrə əsas verir ki, Bibliyanın yazıya alınması, daha doğrusu şifahi şəkildə olan müqəddəs söyləyiş, şifahi vəhy ənənəsinin yazıya alınması bizim eradan əvvəl (yeri gəlmişkən, BİZİM era – Azərbaycanın rəsmi təqvimi İsa Məsihlə başlayır hicrətlə deyil) VIII – VII əsrlərdə intensivləşir və sistematik xarakter alır. Bəzi parçaların yazıya alınması təxminən daha öncəki əsrlərə - BE əvvəl X – IX əsrlərə şamil edilir. Bir sıra Bibliya kitabları isə daha sonrakı əsrləri yəni eramızdan əvvəl V – III əsrləri əhatə edir. İncillərin yazıya alınması və sonradan kanonik ədəbiyyata daxil edilməsi də eyni prosesi keçib. İncildə bu gün oxuduqlarımız öncə şifahi vəhy, şifahi ənənə kimi mövcud olub, lakin sonradan yazıya alınıb. Bununla belə, İncillərin və Əhdi Cədiddəki başqa kitabların yazıya alınması İsa Məsihin çarmıxa çəkilməsindən ümumilikdə 40-80 il sonra başlayır. Burdan belə nəticəyə gəlmək olar ki, çağdaş dövrdə əlimizdə olan Bibliya tədricən yazıya alınmış, yazılma prosesində kəsintilər olan (əhdlərarası müddət deyilir buna), yazılması ən az 800-900 il sürmüş kitabdır. Bu azmış kimi, bu kitabda fərqli müəlliflərin, dini islahatların, yazmanın, pozmanın və bir də yazmanın və əlavələr etmənin izləri var. Quranda vəziyyət bir qədər başqadır. Quran Məhəmmən peyğəmbərin ölümündən sonra ilk 50 - 60 illin içində yazıya alınıb. Quranın yazıya alınmasında, daha doğrusu diakritik işarələrin əlavə olunmasını göz önünə almasaq, bu kitabın belə demək mümkünsə, əsasının yazıya alınması daha qısa müddətdə baş verib. Osman Quranının yazıya alınmasında tədricilik, kəsintililik yoxdur. Diqqət etsəniz, müqəddəs yazıların yazıya alınma prosesində informasiyanın ortaya çıxmasından, yazıya alınmasına qədər olan müddətin gedərək qısalmasının şahidi olacaqsınız. Ancaq bununla belə, Quran insanlara çatdırıldığı zaman onun yazı deyil, məhz şifahi olması önəmliydi. Elə buna görədir ki, Quran sözünün anlamında kitablıq, yazılıq heç nə yoxdur. Quran hərfən qiraət sözünə bağlıdır. Onu qiraət edərlərmiş. Ona görə də Quran adı veriblər. Məhəmməd peyğəmbərin dönəmində cahil ərəblərin arasında yazı deyil, şeriyyət, qiraət önəmliydi, çünki onu əzbərləmək və sonrada natiq kimi silahtək istifadə etmək asandı. Halbuki bundan fərqli olaraq Bibliya sözünün mənası perqament kağız (dilimizə təxmini olaraq belə çevirmək olar) anlamına gəlir. Bibliya sadəcə “yazılar” deməkdir və indiki kitab forması ixtira olunmazdan öncə perqament üzərinə yazılmış, bükülmüş yazını və onun materialını anladırdı. Elə sözün özü də həmin bu perqamentlərin hazırlanıb ixrac edildiyi Finikiyadakı bir liman şəhərindən gəlir. Perqament yazmaq üçündür, kitab isə yazılmış olar. Göründüyü kimi, Bibliya yazılmışlığı vurğulayır və kitab özü də şifahinin yazıya keçməsinin bir çox mərhələlərini anladır. Quranda isə bu yoxdur. Əvəzində Quranda başqa şey var – onu da yazacağıq.
No comments:
Post a Comment