Friday, August 28, 2009

Qutsal Üçbir - 3

Bu faktorların sayını uzatmaq olar. Lakin gəlin burda faktorları buraxaq və Müqəddəs Üçbir öyrətisinin bəzi incəlikləri ilə tanış olaq. Müqəddəs Üçbir təlimi hər şeydən öncə təklik, çoxluq, münasibət, müxtəliflik və tarixilik yəni tarixdə, zamanda hərəkət-hadisə qavramlarını bir araya gətirən vəhyin anlaşılması şəklidi. Bu mənada Müqəddəs Üçbir öyrətisi varlığın, kainatın kökündə duran fundamental qavramların (bir, qeyri-bir/çoxluq, müxtəliflik, münasibət, hərəkət) Tanrıdan qaynaqlandığını ifadə edir.

Dünyada tək və qeyri-tək, bir və çox özünü hər şeydə, hər yerdə göstərir. Təkin fərdiliyi (deyək ki bir fərd\insan və onun unikallığı), fərdiliyin çoxluqda ifadəsi (hər bir fərdin unikallığı və sonsuz sayda təkrarsız çoxların mövcudluğu, fərdiliklə yanaşı insanlarda, varlıqda ümumiliyin olması) müşahidə olunan özəllikdir və bu Yaradandan qaynaqlanır. Yaradanın təkliyi üçdə, üçlüyü təkdə mövcuddur. Müxtəliflik və ya varlıq olaraq zənginlik də Allahdan qaynaqlanır. Allahda bu insani (İsa) və ilahi (Allah) olanın qovuşmasında, iki təbiətin bir araya gəlməsində ifadə olunur. Müxtəliflik Tanrıdan gəlir və bu da Müqəddəs Üçbir ideyasında açıqlanır. Münasibət – Tanrı özündə münasibəti ehtiva edən Birdir. Başqa sözlə, münasibətlilik Tanrıyla Tanrıdan kənarda olan bir varlığın əlaqəsindən deyil, Tanrının öz içindən, özündən qaynaqlanır, çünki Tanrıda münasibətlə ifadə olunan özəllik var. Diqqət etsəniz görəcəksiniz, Ata yalnız ölvad olanda Ata olur. Ata anlayışı daxilən övladı olmağı içərir. Bu cür anlayışlara binar anlayışlar deyilir. Övlad anlayışı da eləcə, Atanın mövcudluğunu içərir. Ata yalnız övlada münasibətdə mövcuddur, övlad da yalnız Ataya münasibətdə vardır. Bu ikisindən birini çıxarsan münasibətin digər tərəfi də özü olmaq özəlliyini itirər ( bir qavram kimi Atasız övlad olmadığıtək, övladsız da ata yoxdu). Dünya, varlıq, kainat həm də münasibətin üzərində qurulub. Insanların biri-birinə münasibətindən tutmuş, elmdə istifadə edilən mücərrəd münasibət qavramına qədər, münasibəti hər yerdə müşahidə etmək olar. Bu özəllik Müqəddəs Üçbir öyrətisində Tanrıdan gəlir. Hərəkət də universal qavram, özəllikdi. Hərəkət hər yerdə müşahidə olunur. Müqəddəs Üçbir təlimi isə Tanrının insanlar üçün etdiyi hərəkət hekayətinin metafizik anlatımıdı. Müqəddəs Üçbir təliminə görə, İlahi özü İsa Məsihdə insaniləşdi, insanların arasında və insan deyilən məbədində yaşadı, onlar üçün özünü Allaha təslim etmiş (İsa Məsih) insanla birlikdə ağrı-acı prosesindən keçdi və həmin məbədi yenidən canlandırmaqla insanlara xoş xəbərin göndərildiyini anlatdı. Müqəddəs Üçbir təlimi bu hekayətin qısaca və sistemləşdirilmiş ifadəsidi. Bu isə bir hərəkəti, hekayəti anladır. Tanrının tarixə, zamanın bir anına daxil olmasını, gözlər önünə sərir. Bundan başqa Müqəddəs Üçbir öyrətisi Tanrının sevgi kimi özəlliyini də anlamaq üçün zəruridi. İsəviliyə görə Allahın zatına sevgi var və ya Tanrının ən önəmli özəlliyi sevgidi. Lakin məsələ burasındadı ki, sevgi münasibəti anladan qavramdı. Başqasına bağlılıqda açılmayan sevgi tam sevgi deyil, çünki özünü başqasında tapmır və başqasına da özünü onda tapmasına fürsət vermir. Buna görə də yalnız özünü sevməkdə açılan sevgi yarımçıqdı və bunun ifrat şəklinə narsissizm deyilir. Narsissizm elə eqoizmin o biri üzüdü. Allahın və ya Rəbbin özü-özünü bir münasibət olmadan sevməsi ənənəvi Məsihilik təliminin məntiqinə dayansaq ancaq eqoizmdi və əsil Tanrının kimliyinə uyğun gəlmir. Çünki əsil Tanrıda fədakar sevgi var (aqape – bizim dilcən eşq demək olar yəqin), özü-özünə vurğunluqdan qaynaqlanan və başqalarından tələb olunan eqoistik-narsissistik hiss deyil. Odur ki, Xristianlıqda Allahın sevgisi Allaha daxilən xas münasibətə dayanır və bu münasibət da Ata, Oğul və Müqəddəs Ruhda açılır. Onların biri-birinə sevgisi, həm də Tanrının insanlara olan sevgisi deməkdi, çünki İsa Məsihdə Tanrının (S)özü bəşəriləşib və insanı ilahiləşdirib.
Bəs İsa Məsihin bütün bu haqq-hesaba nə dəxli var? Əslində çox dəxli var. Nazaret şəhərindən olan İsa məsih inancına görə Allahın mükəmməl surəti və məbədidi. Allah bu məbəddə insanla birləşir, bəşəriləşir və özünün insani surətini bizə göstərir. Ancaq bu barədə daha sonra. Məncə buraya qədər yazdıqlarım İsəvilikdə Tanrı və onun necəliyi qavramının əslində sadəcə bir və ya sadəcə üç anlayışına sığmadığını anlamaq üçün yetər
.

No comments:

Post a Comment

gündəlikdə axtarış