Din bir çox bucaqlardan baxılması və analizi mümkün olan bir sosial, siyasi, və s. və ia fenomendir. Bütün sosial proseslər və hadisələr kimi dini “yalnız budur” və ya “yalnız odur” şəklində anlamaq ən yaxşı halda anlayanın dargörüşlülüyündən, ən pis halda isə ruhun dayazlığından xəbər verir. Yer kürəsinin künc – bucağında dinin daha doğrusu dini elementləri içərən düşüncə şəklinin insan fəaliyyətinin və düşüncəsinin başqa formalarından heç cür özəl şəkildə fərqləndirilmədiyi, dinin ümumi sosial mühitdə əriyib-itmiş kimi mövcud olduğu toplumlar indiyə qədər də var. Heç də bütün dinlər, daha doğrusu dinəbənzər düşüncə sistemləri ilahiyə inancı öyrətmir. Heç də bütün dini sistemlərdə müqəddəs kitab yoxdur. Bu cür müxtəlifliyə malik, mürəkkəb bir sistemin, prosesin bir çox bucaqlardan baxılmasının mümkünlüyü də gözləniləndir.
İstənilən dinə həm insanı İlahiyə götürən yol kimi və ya insanı şeytana aparan tələ kimi, həm də sadəcə bir biznes, iş sahəsi kimi baxmaq olar və bütün dinlərin bu özəlliyi var.
Bir biznes kimi dinə həm cəmiyyət səviyyəsində, həm də fərd səviyyəsində baxıla bilər. Azərbaycanda nəzir qutularına salınan pullar, həccə getmək üçün sərf olunan milyonlar, hər il Vatikanın kilisələr və tədris üçün sərf etdiyi milyardlar, Amerikada öz şəxsi təyyarəsi, vertolyotu olan, çıxış etdiyi zaman bir stadionu insanla doldura bilən pastorlar dinin sadəcə bir oyun, nəzəriyyə, inanc, siyasət, və s. deyil, həm də bir biznes olduğunu gözlər önünə sərir. Dini müəssisələr, məsələn, Amerikada vergidən azaddır, onlar milyonlarla insanın verdiyi ianələrin dövriyyəsində onların cəmiyyətdəki müxtəlif təbəqələr arasında paylanmasında mühüm rol oynayır. Dinlər minlərin iş yeri, qazanc qapısıdır. Din cəmiyyətdəki fərqli resursların istehsalında (resurs sadəcə maddi olmaz ki...mənəvi resurslar da var və onların iqtisadi kateqoriyalarda ifadəsi mümkündür), onların idarəolunmasında iştirak edir. Fərd səviyyəsində də dinə biznes kimi baxılması mümkündür. Din mütəxəssisi və ya teoloq universitetdə dərs deyərək öz maddi güzəranını təmin edə bilər. Belədə onun çörəyi təhsil və dinin birgə rəqsindən, teoloqunda bu rəqsə musiqi çalmasından çıxır. Birisi dindar olmadan, bir kilisədə, məsciddə deyək ki gözətçi işləyə bilər – belədə bu işi görən adamı məşğul tutan, ona çörək ağacı olan din və dindardır. Ancaq bunların hamısından daha açıq dinin biznes-iş kimi qabardığı fəaliyyət din xadiminin fəaliyyətidir. Peşəkar və ixtisaslaşmış din xadimlərinin işi sadəcə insanlara dini sahədə xidmət deyil, həm də öz yardımı üçün aldığı qonorar və ya maliyyə yardımından ailəsini, və s. və ia saxlamaq, öz sosial və içtimai, fərdi varlığını təmin etməkdir. Çağdaş və rəqabətə dayanan dünyada din xadimlərinin dinlə həvəskar səviyyəsində və maliyyə yardımı, qonorar və s. almadan məşğul olmasını və başqa - dinə aid olmayan - ikinci iş hesabına ailəsini və s. saxlamasını düşünmək sadəcə sadəlövhlükdür və çox az rast gəlinir. İllərini dini təhsil almaqla keçirən, dinin incəliklərini öyrənən din xadiminin, hələ bir də işini sevərək və ehtirasla həyata keçirmək istəyən bir dindarın həm də ikinci işə vaxt ayıracağını düşünmək asandır, ancaq bunu praktiki olaraq din xadimindən gözləmək özünü doğrultmur çox vaxt. Odur ki, din xadimi üçün də dini fəaliyyət həm də iqtisadi fəaliyyət, qazanc qapısı halına gəlir.Əgər dinin bir biznes kimi sadəcə din xadimlərinin əllaməsi olduğunu düşünür və sizin də bununla hər hansı qarışacağınızın olmadığınızı fikirləşirsinizsə yanılırsınız. Din yalnız din xadimləri üçün deyil, sıravi vətəndaşlar üçün də biznes özəlliklərinə malikdir. Verdiyiniz zəkat, yas və toy mərasimlərində dini rituallar üçün xərclədiyiniz pul, verdiyiniz nəzirlər, getdiyiniz həccə çəkilən xərc, alıb oxuduğunuz dini kitablar, dolayı ya düzünə dinlə bağlı sərf etdiyiniz bütün resurslar dinin həm də sizin üçün biznes olduğuna bir işarətdir. Axı biznes sadəcə iş görməyi anlatmaz, biznes həm də çəkilən xərcləri, prosesə cəlb edilən maddi və s. resursları və s. və ia öz içinə alır.Beləliklə əziz dost, din bir sosial fəaliyyət kimi özəlliklərindən dolayı iqtisadiyyatla, resurslarla, bizneslə sıx əlaqədədir, onlardan tam ayrıla bilməz və buna görə də biz istəsək də istəməsək də din həm də bir biznesdir, iqtisadi fəaliyyətdir. Əgər bunları oxuduqdan sonra düşüncələrinizdə din, pul və ya bizness və əxlaq, davranışın motivi kimi qavramlar qarışıb həftəbecərləşirsə və suallar yaradırsa ki, dindarın dinə biznes kimi baxması və ya dindən qaz vurub qazan doldurması ikiüzlülükdür, qeyri-əxlaqidir, qeyri-səmimidir, onda tam mən istəyən məsələyə gəlib çıxmısınız. Burda lütfən dərindən nəfəs alın çünki sizi incəliklə əllaməliyin qarışdığı mühitə götürəcəm.
Beləliklə, yəqin razılaşırsınız ki, dinin iqtisadi fəaliyyət kimi biznes olma və biznesə çevrilmə potensialı vardır və ən yaxşı halda o iqtisadi tərəfi olan bir sosial-içtimai, siyasi, ruhi fəaliyyət sferası olaraq görülə bilər. Dinin iqtisadi fəaliyyət özəllikləri sosial səviyyədə və fərd səviyyəsində müşahidə olunur və bir yerə qədər bizim münasibətimizdən və tutduğumuz mövqedən asılı deyil. Bu istər-istəməz bizi belə bir suala gətirib çıxarır: bu-yəni ikibaşlı fəaliyyətlə məşğul olmaq bir din xadimi üçün nə dərəcədə əxlaqidir? – yəni dinin biznes özəllikləri onunla peşəkar məşğul olan insanların əxlaqiliyinə mənfi təsir etmirmi? Məgər dindar insanlar, peşəkar din xadimləri pul güdmədən yardım etməli deyilmi? Əgər belə suallar varınızdırsa, o zaman “ya allah” deməzdən öncə bunları aydınlaşdıraq: 1) məsələyə bu cür yanaşmaq fərdin seçimini və dinə öz baxışını, öz dini fəaliyyətinə yanaşmasını, dini fəaliyyətini şərh şəklini nəzərə almır. Halbuki bir seçimin, davranışın əxlaqiliyi səviyyəsini və xarakterini anlamaq üçün həmin seçimi edən, davranışı həyata keçirən şəxsin öz davranışını necə anlamasını və qiymətləndirməsini də bilmək lazımdır. Bu o deməkdir ki, bir dindarın onsuz da biznes özəllikli dini fəaliyyətinin ikiüzlü, əxlaqi və ya qeyri-əxlaqi olmasını bilmək və qərara varmaq üçün həmin şəxsin öz fəaliyyətinə münasibətini bilməmiz gərəkdir, çünki davranışlar o əməli edən fərdin öz seçimini anlamasından və əməlin kontekstindən kənarda anlaşıla bilməz. 2) bu cür suallar qoymaq belə bir içdüşüncədən və ya soruşdurulmamış qavramdan qaynaqlanır ki, istənilən din-biznes kəsişməsi və qovuşması hər zaman dinin zərərinədir, dini demoralizə edir və dindarı da əxlaqsızlaşdırır, ikiüzlüyə çevirir. 3) bu suallar bütün sosial fəaliyyət sferalarının biri-birilə əlaqəsinin olduğunu gözardı edir. Başqa sözlə, dinlə biznesin bir yerdə, bir şəkildə qovuşması sadəcə qaçınılmazdır və bu bir gerçəklikdir. Biznesin də dinlə qovuşduğu və din özəlliklərini qazandığına rast gəlinir. 4) bu suallar biznesin özünün əxlaqlı olması daha doğrusu məsuliyyətli və bir daxili, dinlə tərs düşməyən əxlaqa dayanan fəaliyyət ola biləcəyini və bəzən də olduğunu göz önünə almır.
No comments:
Post a Comment