Thursday, August 27, 2009

Azərbaycan təhsilində din və Azərbaycanda dini təhsil

Azərbaycanda indi baş verən bir çox sosial-dini problemlərin kökündə yalnız dini mövhumat, radikalizm deyil, həm də sekulyar kəsimin dinlə necə rəftar etməyi bilməməsi durur. Din və dinlə rəftar cəmiyyətdə formalaşır və müxtəlif sosial institutlar tərəfindən nəsildən-nəsilə ötürülən sabit sistem, normalar məcmusu, münasibətlər şəbəkəsi yaradır.
Azərbaycan təəssüf ki, bunlardan ciddi şəkildə məhrumdur. Sovet İttifaqı dönəmində dini institutların laxladılması, aktiv materialist-ateist təbliğat və dinin istər ciddi elmi, istərsə də dini-teoloji baxış bucağından öyrənilməsi ideoloji ateist məqsədlərə qurban verildiyindən indi cəmiyyətdə yaranan boşluğu kim necə gəldi, nə ilə gəldi, nə vaxt gəldi ilə doldurur. Bunu zəiflətmək üçün ölkədə dini təhsilin yenilənməsi və dövlət təhsil sistemində də dinin öyrədilməsi gərəkdir.


Belə düşünülə ki, mən dövlət məktəblərində dinin öyrədilməsini təklif etməklə dünyəvilik prinsipinin əleyhinə gedirəm. Bu belə deyil. Dünyəvilik prinsipini pozmadan da dinin məktəblərdə tədrisi mümkündür. Təhsildə Dünyəvilik dini doqmatikanın məcburiliyini və yalnız bir dinin həqiqət və ya ümumiyyətlə əsas dünyagörüşü, fəlsəfə, üstün din kimi öyrədilməsini və təhsilin dini prinsiplərə dayanmasını rədd edir. Bu mənada, təhsildə dinin öyrədilməsi dünyəviliklə “olar, ya olmaz?” məsələsində deyil, “necə olar?” məsələsində toqquşur. Orta məktəblərdə uşaqları seçimə təhrik etmədən, təsviri məlumatlara dayanaraqdan müxtəlif dinlərin tarixi, əsas ideyaları, gəlişməsi, kult, din, və s. haqqında keçilsə heç də pis olmaz. Bir azərbaycan vətəndaşının orta məktəbdə, İudaizm, Xristianlıq, İslam, Buddizm, Hinduizm, Taoizm, Caynizm və s. və ia kimi dinləri, dinəoxşar sistemləri öyrənməsi onun həm dünyagörüşünü genişləndirər, həm də onu həyata daha yaxşı hazırlar. İkincisi, dini təhsildə islahatlar aparılmalıdır. Dini təhsil standartlaşdırılmalı, gələcəyin din xadimlərinə həm teologiya, həm dinşünaslıq, həm psixologiya, həm də çağdaş dönəmin sosial-siyasi axınları haqqında öyrədilməli, onları başqa dinlərlə bağlı maarifləndirməli, təcrübə mübadiləsi həyata keçirilməlidir. İstər islam dini təhsilinin, istərsə də xristian və s. dini təhsilinin ölkədən kənar əlaqələri dövlət maraqları və cəmiyyətdəki fərqli sosial qüvvələrin maraqları ilə tarazlaşdırılmalıdır. Dinlər və din-cəmiyyət məsələlərində maraqlı şəxslərin sosial kanallarla öz fikirlərini ifadə etmələrinə şərait yaradılmalıdır. Dövlət inzibati üsullarla yönətməni dinlərlə münasibət məsələsində minimuma endirməyə çalışmalıdır, çünki bu sadəcə işləmir.
Buna bənzər islahatlar məncə cəmiyyətdə yaranan gərginliyi, çaşqınlığı azaldar. Bu dini xürafat kimi görən köhnə nəslin maariflənməsini, dindən başqa hər şeyi ikinci dərəcəli görə bilən gənclərin isə başqa fəaliyyət sahələri ilə bağlı öyrədilməsini də içinə alır. Düzdür, bu vaxt alan bir şeydir, ancaq ətalətə dalıb gərginliyə doğru getməkdənsə, məncə islahatlarla yavaş-yavaş ortaq nöqtəyə doğru irəliləmək daha məqsədyönlüdür
.

No comments:

Post a Comment

gündəlikdə axtarış