Məsihilik tarixində həm başqalarının kilisəni, daha doğrusu inanclılar incmasını, həm də kilisənin başqalarını, daha doğrusu, inanclılar icmasının digərlərini təqib etməsi hallarına rast gəlinir. Ümumbəşəri kilisə özü təqib edən mövqeyinə gələnə qədər müxtəlif səbəblərdən təqib edilib. Bunlardan biri haqqında qısa bir yazıda konkret bir təqib, onun səbəbi və nəticələrinə göz ataq.
Qədim Roma İmperiyasında ümumbəşəri kilisə bir neçə dəfə təqibə məruz qalıb. Bunlardan biri imperator Desius zamanında bizim eranın 249-cu ilində başlayır. İmperator Desius Romanın gücünü bərpa etmək istəyirdi və çöküşün səbəblərindən biri kimi, Roma adətlərinin və Roma İmperiyasında ənənəvi Roma dininə inancın itməsində görürdü.
Hakimiyyətə gəldikdən sonra imperator Desius hər kəsin Roma allahlarına ibadət etməsi və qurban kəsməsinin zəruriliyi barədə əmr verir. İmperiyanın hər tərəfində təbəələr Roma məmurlarının hüzurunda Roma allahlarına və Desiusun heykəllərinə qurban kəsməli, onun önündə buxr yandırmalıydılar. Bunu etdikdən sonra imperiya məmurları təbəələrə onların qurban kəsdiyini və buxr yandırdığını, yəni Roma allahlarına və imperatora ibadətini nümayiş etdirdiyini rəsmiləşdirən, sübut edən sənəd verirdilər. Belə etməyi rədd edən təbəələr imperatorun əmrini yerinə yetirməkdən boyun qaçıran şəxslər kimi cəzalandırılırdılar.
Xristianların bu əmrə reaksiyası müxtəlif oldu. Buna səbəb isə İsəvilikdə inanc qavramının Roma imperiyasının güc və cəza vasitələrilə münaqişəsi idi. Nəzərə alaq ki, Xristianlıqda inanclıların İsa Məsihə olan münasibəti məsihiliyin yayıldığı həmin illərdə həm də hökmdar – təbəə münasibəti kimi qavranılırdı. Başqa sözlə, İsa Məsih sadəcə ruhun qurtuluşunu tanıdan və təmin edən şəxs kimi deyil, həm də inanclının hakimi, hökmdarı (şahı, kralı və s. və ia) kimi qəbul edilirdi. İsa Məsihə inanc həm də Onu başqa hökmdarların arasında onlardan biri kimi yox, ibadətin və təbəəliyin ancaq Ona verilməsi gərəkən yalnız və yeganə hökmdar kimi tanıdırdı. Bu o demək idi ki, İsa Məsihi Xilaskartək qəbul etmiş inanclılar Onu dünyəvi hökmdarların tabeçilikdən istisnası hesabına hökmdar, kraltək qəbul edirdilər. Güncəl həyat üçün bunun önəmli nəticələri vardı. Başqa hökmdarın, imperatorun özünə və allahlarına dini-ritual kontekstdə ibadət etmək bir məsihi üçün İsa Məsihə və tək olan İlahiyə arxa çevirmək şəklində başa düşülürdü: həm tək və yeganə İlahiyə ibadət mənasında, həm də tək və yeganə hökmdar, İlahi İsaya ibadət və təbəə kimi tabeçilik mənasında. Məsihilikdə İsa Məsihlə inanclı arasındakı dini-inanc münasibətinin bu cür siyasi əlaqə-bağ çalarının olması xristianlar üçün həmin bu əmrə tabe olmaq məsələsində işləri qəziləşdirirdi. Vəziyyəti mürəkkəbləşdirən daha bir detal da var: Roma imperatoruna və allahlarına ibadət etməmək həmin dövrdə həm dini, həm də siyasi akt kimi qavranılırdı. İsa Məsihə inancdan dolayı Roma imperatoruna ibadəti rədd etmək dolayısıyla qanunu və cəmiyyətin sabitliyini pozan siyasi akt kimi görülürdü.
Bəzi xristianlar imperatorun əmrinə riayət etdilər. Digərləri rüşvətlə, onların ibadət etdiyini göstərən saxta sənədlər aldılar. Başqaları Roma allahlarına və imperatora ibadət etməmək üçün qaçıb gizləndilər. Bir qismi isə bunların heç birini etmədi və Roma məmurlarının işgəncələrinə ya dözdülər, ya da işgəncələrdən keçə bilməyib öldülər, daha doğrusu şəhid oldular. Xristian tarixində sistemləşdirilmiş ilk teoloji risalənin müəllifi Origen məhz bu təqib dönəmində həbs edilir və işgəncələrə məruz qalır. Desiusun təqibi bizim eranın 251-ci ilinə qədər davam edir.
Bu təqibin nəticəsi ümumbəşəri kilisədə yeni qrup - konfessorlar qrupunun ortaya çıxması oldu. Konfessorlar və ya şəhadətçilər işgəncələrə məruz qalsa da inancına uyğun hərəkət edən və Roma allahlarına, imperatora ibadət etməyən şəxslərə deyilirdi. Onlar yerli kilisələrdə özəl hörmətə malik idilər. Onlar həm də sonradan Roma məmurlarına güzəştə gedən inanclıların kilisə icmalarına qəbul edilib-edilməməsi məsələsində aktiv rol oynamışlar.
No comments:
Post a Comment