Hərdən İnternetdən, ara-sıra baş çəkdiyim forum və veb-səhifələrdən adamın üstünə atlayan gurultulu yazılardan bəlli olur ki, indi Azərbaycanda ənənçiliyi inkar başlayıb. Ənənəçiliyi inkar artıq avtomatikləşib, kor-koranələşib. Adət-ənənəni tənqid etmək artıq öz-özlüyündə müsbətləşib. Başqa sözlə nə demən, niyə demən önəmli deyil, əhəmiyyətli olan budur ki, adət-ənənəni tənqid et, vəssəlam...elə biləcəklər mütəfəkkirsən... .
Adət-ənənəni tənqid etmək önəmlidir. Ənənəviçilik də zatən bir hərəkat kimi bu tənqidə qarşı özünə ayılış (self - aware) mərhələsinə qədəm qoymuş reaksiya şəklində ortaya çıxır və bu tamamən təbiidir. Biri tənqid edirsə, buna qarşı reaksiya verənlər də olacaq.
Məncə adət-ənənəni tənqid etmək zəruridir, bunsuz cəmiyyətdə dəyişən şərait və münasibətlərə uyğun yeni, adekvat adətlərin formalaşması çox ağrılı olar. Lakin adət və ənənəni aqressiv ucdantutma tənqid o qədər də arzu olunan nəticə verməz. Adət-ənənələr onsuz da dəyişir və bu dəyişikliyə, tənqid edərəkdən, adət və ənənələri yavaş-yavaş uyğunlaşdırmaq lazımdır. Bir sıra adətlər vardır ki, onları maarifləndirmə, ardıcıl təşkilatlanmış fəaliyyət yoluyla aradan qaldırmaq olar. Məsələn, yeniyetməlik yaşına çatmamış qız uşaqlarının erkən ərə verilməsi ardıcıl şəkildə dəyişdərilməlidir. Lakun bunu aqressiv şəkildə etmək sadəcə cəmiyyətin bu adət və ənənəyə sadiq hissəsinin daha da bu arzuolunmaz təcrübəyə sarılmasına səbəb olar. Bu cür reaksiyanın töhfəsi isə ümumi işin daha da ağırlaşmasıdır. Bəzi adət və ənənələrin nəsildən – nəsilə ötürülməsi nəinki arzuolunandır, hətta hava və su kimi gərəklidir. Məsələn, təhsilə yüksək önəm, poliqlotizm, bir ənənə kimi nəsildən – nəsilə ötürülməlidir və insanlar bu adət-ənənələri yaşatmalıdırlar – həm öz çıxarları, həm də cəmiyyətin çıxarları üçün.
Nəyə görə, adət - ənənələrin diqqətli və tarazlaşdırılmış tənqidi zəruridir? Fərqli səbəblərə görə. Biri, məsələn, adət və ənənəlin toplumun təşkilatlanması və yaşamında müstəsna yerinə görə. Bir toplumun kimliyində onun adət və ənənələri önəmli yer tutar. Adət və ənənələr sosial institutların sabitliyini, nəsillər arasında bilgi, təcrübə, kimlik əlaqəsinin yaranması və saxlanmasını təmin etməkdə vacibdirlər. Bir adət və ya ənənənin qəfil dağılması və ya zor gücünə məhv edilməsi arxasınca boşluq yaradar. Unutmayaq: ənənələr və adətlər, sadəcə dini olmaz. Sekulyar, siyasi adət və ənənələr də vardır. Fərdin, qrupun, bütün cəmiyyətin adət və ənənələri mövcuddur. Elmin özündə də müəyyən adət və ənənələr vardır. Odur ki, gəlin ənənə, mənə nə! deməzdən öncə bir an düşünək. Önümüzə qatıb silib-süpürdüyümüz adət və ənənələrin hamısımı mənfidir? Onları daha ardıcıl və ağrısız şəkildə dövrə necə uyğunlaşdırmaq olar?
No comments:
Post a Comment