Uşaq vaxtı, yaxşı xatırlayıram, sinifimizdə bir şagird həmişə bayramınız nübarək deyərdi. Hər nə qədər səhvini düzəltsəkdə elə öz dediyini təkrar edərdi: bayramınız nübarək. Dedim mən də onun kimi sizin bayramlarınızı nübarək eləyim, təzə ilin ilk saatlarını xoş sözlə, əhval-ruhiyyə ilə nübar edəsiniz. Pis çıxmasın, topdan sizin bayramlarınızı təbrik edirəm, həm dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə, həm də yeni ilə görə.
Dünya azərbaycanlılarının həmrəyliyi günü mənim üçün bir az kinayə dolu bayramdır. Özünü və dilini necə adlandırmdağı indiyə qədər də tam kəsdirə bilməyən bir etnik qrupun həmrəyliyi də elə içində yaşadığı parçalanmış gerçəkliyi kimi olar. Ancaq neyləməli, ildə bir dəfə olsun, arzuları, iddiaları yada salmaq lazımdır ya yox? Nə arzulaya bilərəm? Azərbaycanın mədəniləşməsini, bişməsini, yetişməsini və bu sözün hər mənasında güclənməsini.
Yeni ilə gəlincə, yeni iliniz də nübarək olsun. Arzum budur ki, yeni ilin sonuna respublika kimi çıxaq. Hər yeni il bizi bir az daha dolğunlaşdırmalı, öyrətməli və bilincləşdirməlidi məncə. Bunlar da sizə arzulayıram.
Yeni ilə keçid həm də köhnəni boxçaya dürtüb yaddaş rəfinə qoymazdan öncə, vaxt alıb papağınızı qabağınıza qoyub köhnə ildə nə, necə, niyə, nə vaxt olduğunuzu düşünmək vaxtıdı. Köhnə ilin başlanğıcında kimdiniz, nəçiydiniz, nə edirdiniz, necəydiniz, ətrafınızda kimlər vardı, planlarınız necəydi və s. ta ki əski ilin son gününə qədər nə, necə, niyə oldu? Bunların üzərində düşünməklə keçdiyiniz yolu, vaxtı anlamaq əslində sizi yeni ilə hazırlayır. Şəxsən mənim üçün artıq tarixə qovuşmaqda olan il apardığım kiçik araşdırma ilə yadda qalacaq. Həmin araşdırma çərçivəsində diaspora kilisələrində dini inancın ifadəsi və bu inancın etnik və ətraf sosial mühit faktorlarından necə təsirlənməsini araşdırmışdım. Təsəvvür edin ki, Azərbaycanda ərəblərin, pakistanlıların, azərbaycanlıların, türklərin, farsların toplanıb ibadət etdiyi bir məscid var və siz də həmin məsciddə bu etnik müxtəlifliyin məscidin işinə necə təsir etməsini araşdırırsınız. Nəticədə öyrəndim ki, kilisə daxilində özünəməxsus etnik, sosial-iqtisadi və dini dinamika var və bu dinamika mütləq ibadətdə, moizədə, insanların biri-birinə münasibətində özünü göstərməlidi. Mənə elə gəlir ki, məscidlərdə də belədir.
Bu qədəri yetər. Hamınıza yeni ildə, yeni planlarınızda və yeni yollarınızda uğurlar...
No comments:
Post a Comment