Bir çox başqa dinlər kimi Məsihilikdə də ayinlər var. Ayin istənilən insan fəaliyyəti üçün önəmlidir və onun ən bariz, cilalanmış şəklinə bir qayda olaraq dinlərdə rast gəlinər. İsəvilikdəki ayin qavramı İslamdakına uyğun gəlmir. Latın Kilisə ənənəsində (Katoliklik, Protestantlıq) bəhs edəcəyimiz nəsnəni ifadə etmək üçün sakrament, Şərq (Yunan, Rus və digər Ortodoks) ənənəsində isə misteriya və ya müqəddəs misteriya sözü işlədilir – bu ikincini dilimizə gizlin (sifət və isim – işlənməsinə baxır) və ya gizlənti (isim) şəklində də tərcümə etmək olar. Dilimizin daxili ifadə vasitələri hesabına fərqli qavramları ifadə etməsinə və zənginləşməsi ideyasına biganə olmadığım üçün bu essedə ardıcıl şəkildə “gizlənti” sözü işlədəcəyəm.
Sırf sekulyar baxımdan gizləntiləri ayin kateqoriyasına aid etmək olar. Onların adları da öz tarixlərini anladır. Sakrament latıncadan gəlir, fərqli mənaları var. Hərfən əhd, nəzir, kimi tərcüməsi mümkündür. Xristianlıqdan öncə də Roma İmperiyasının dini kultlarında istifadə edilən bu söz bəzən də qulun özünün azad olunması üçün yerli məbədə gətirdiyi pula deyilirdi. Roma ordusunda əsgərin öz komandirinə sadiq qalacağı haqda içdiyə anda da sacrament deyilirmiş. Misteriya sözü (yunanca daha dəqiq şəkli: musterion) İncildə də işlədilir. Maraqlıdır ki, bu söz elə İncilin özündə mənası tam bəlli olmayan, insanlardan gizlədilən, mistik olan anlamına gəlir. Bu söz, sözügedən ayinlərin anlamını qismən açıqlayır: bu ayinlərin necə çalışdığını və onların bəlli-başlı mənasını kimsə dəqiq bilməz. Ən geniş mənada deyilsə, gizləntilər İlahinin Lütfünü, yəni onun əfvedici və insanları özünə yönəldici enerjisini, sevgisini insanlara ötürən(hopduran), praktika, ayin, təcrübə, vərdişdir. Bəzən (xüsusən də protestantlıqda) gizlənti daxilən insanı dəyişən İlahi Lütfün zahirən görülən, qavranılan ifadəsi, nişanı şəklində anlaşılır. Bəs bu ayin, praktika, təcrübə, vərdiş və s. necə təsir edir? Bax elə bunun bilinməməsinə görə də sözügedən nəsnələrə gizlindən gələn, mistik olan, bir sözlə, - gizlənti deyilir. Məsih inanclılarının ilk bir neçə əsr ərzində təqib olunması və öz ayinlərini kənar şəxslərdən gizlin tutması faktı da onun adlanmasına təsir etmişdir. Kilisənin hər iki budağında özəlliklə iki gizlənti vurğulanır: 1. Vəftiz. 2) Şükran çörəkkəsməsi
Bu iki gizləntinin hər ikisi Məsihilikdən daha öncəki rituallardan təsirlənib və İncilə görə İsa Məsih tərəfindən və ya onun nümunəsində, onun iştirakıyla yeni, yaradıcı yanaşma vasitəsilə təsis olunmuşdur. Dünyanın hər yerində, xristianların böyük əksəriyyəti bu iki ayini fərqli müntəzəmliklə, fərqli şəkillərdə yerinə gətirir. Hər iki gizlənti istər tarixən, istərsə də günümüzdə mübahisə obyektidir və onlara çox fərqli yanaşmalar var. Bu esse daha çox Ortodoks meylli, ümumi, ənənəvi yanaşmanı təsvir edir.
No comments:
Post a Comment