Friday, August 28, 2009

Qutsal Üçbir - 1

Məsihilik inancının ən maraqlı, eyni zamanda ən ziddiyyətli, axilles dabanı hesab oluna biləcək bir öyrətisi varsa o da Allahın Üçbirliyi haqqında təlimdi. Bu təlim İsəvilikdə önəmlidi və tarixən qalmaqallı yollardan keçib günümüzə gəlib. Çağdaş dövrdə bunları qəbul etmədən birisinin məsihi ola biləcəyini iddia etmək çətindi. Nədir Üçbir öyrətisi?
Müqəddəs Üçbir Allahın bir olduğunu və bu birin üç şəxsdə, İlahi Ata, İlahi Oğul və İlahi Ruhda, mövcud olduğunu anladır. Başqa sözlə Allah birdir, lakin bu birlik üç şəxsdə mövcuddur. Daha dərinə gedib məsələnin klassik teoloji təlimlərdə qoyuluşuna baxsaq dəqiq formula belədi: “Üç şəxsdə bir Allah\Tanrı.” İsa Məsihin ilahiliyi təlimi isə tarixi şəxsiyyət olan İsa Məsihin həm insan, həm də Allah olduğunu iddia edir, daha doğrusu Müqəddəs Üçbirin ikinci şəxsi, İlahi Oğlun insan şəkli (İsa Məsih) almasını anladır.
Hər iki təlimdə bir balaca dərinə gedən, dərhal adamı çaşdıran, sözün həqiqi mənasında cavabı olmayan və daxili ziddiyyətə malik mülahizələrlə qarşılaşacaq. Elə isə, nəyə görə Məsihilər bu cür ideyalara inanırlar və onların İlahini anlatdığını qəbul edirlər? Bu suallara cavab vermək üçün, əziz insan, öncə bəzi terminlərlə tanışlıq və tarixən formalaşmış duruma kiçik ekskursiya gərəkir ki, məsələni az-çox anlamaq mümkün olsun.
Əgər biz, Musəviliyin tarixinə nəzər salsaq görəcəyik ki, Allahın təkliyi ideyası öncə monoteizm şəklində deyil, henotezim şəklində olub. Henoteizm, monoteizmdən fərqli olaraq, Allahın tək olduğunu iddia edir. Daha çiy şəkildə isə henoteizm İsrailin (İsrail sözü bu halda müasir dövləti deyil, tarixi etnik qrupu ifadə edir) Ağasının və ya Allahının tək (Ağa və ya Şah qədim İbranilərdə Allaha verilən adlardan biri idi) olduğunu söyləyir. Bu halda henoteizm İsrailin Allahının tək olduğu anlamına gəlirdi. Başqa sözlə, qədim İbranilər tək Allaha inanmalıdı, başqa millətlər başqa allaha və birdən çox allaha inansalar da olar: bu onların öz işidi. Diqqət edin ki, henoteizm əvvəla, dərin etnik elementə malikdi: İsrailin - başqa xalqların deyil - Allahı təkdi. İkincisi, henoteizm yalnız Allahın tək olduğunu iddia edir, lakin bu tək Allahın hamının allahı olub-olmadığını və bu tək Allahdan başqa digər allahın və ya allahların mövcudluğu sualı cavab tapmır. Başqa sözlə, henoteizmdə universallıq yoxdu. Bibliyanın ilk kitablarını oxusanız orda monoteizmin zəif şəkli olan henoteizmin ağır basdığını görəcəksiniz: İsrailin\İbranilərin Allahı (Yahve) təkdi və o başqa allahlardan güclüdü. Lakin Bibliyanı tam oxusanız görəcəksiniz ki, Allahın təkliyi ideyası Bibliyada inkişaf edir və sonucda henoteizm peyğəmbər Yeşayanın dövründə monoteizmlə əvəzlənir: Allah təkdir və ondan başqa heç bir allah yoxdu. Bu ideya sizə İslamdan tanış gəlir, çünki islam Allahın təkliyi – tövhid – ideyasını məhz bu şəkildə anlayır. Bu o deməkdi ki, İslamda monoteizm ideyasının inkişafı müşahidə olunmur, əksinə uzun əsrlik (Musəvilik, İsəvilik) inkişafın bir qolunun (dar və ya unitarian monoteizm) nəticəsi görülür. Diqqət etsəniz görəcəksiniz ki, ümumilikdə monoteizm iki şeyi iddia edir: 1) Allah təkdir, 2) bu tək Allahdan başqa heç bir allah mövcud deyil. Bu o deməkdir ki, Allahın təkliyi ideyası nəzəri baxımdan etniklik elementini arxada buraxır və məntiqi olaraq universallaşır: Əgər Allah təkdirsə, bu tək Allahdan başqa digər heç bir allah mövcud deyilsə, o zaman o hamının, bütün varlığın Allahıdı. İslam monoteizm ideyasını Musəvilikdən fərqli olaraq inkar cümləsiylə ifadə edir: Allahdan başqa allah yoxdu. Musəvilikdə və İsəvilikdə isə monoteizm qavramı təsdiq şəklində ifadə edilir: Allah birdir\təkdir (başqa allah(lar)ın yoxluğu dolayısıyla inkar edilir). Allahın təkliyinin məhz İslamdakı kimi anlaşılmasına, dar (unitarian) monoteizm deyilir. Dar monoteizm Allahın təkliyinin sayca bir, vahid kimi anlaşılması deməkdi. Dar monoteizmdə “bir Allah” söz birləşməsindəki “bir” sözü bir rəqəminin ifadə etdiyi bir anlayışını, qavramını anladır. Musəvilikdəki monoteizmlə, İslamdakı monoteizm dar monoteizm hesab edilir: Allah birdir və onun təkliyi və ya birliyi bir sözü necə biri, təki ifadə edirsə, eləcə də başa düşülür. Lakin məsələ bu qədər bəsit olsaydı nə vardı ki! İslamdan öncə tarix səhnəsinə İsəvilik təşrif buyurur və İbrahim dinlərinin bölüşdüyü monoteizm ideyasının və ya ənənəsinin inkişafında başqa bir monoteizm qavramının əsası qoyulur. Isəvilikdəki monoteizm unitarian və ya dar monoteizmdən fərqli olaraq, daha iki qavramı Allahın təkliyi ideyasına ilahi vəhyin bir parçası və anlaşılması, şərhi şəkli kimi daxil edir: 1) Çoxluq/müxtəliflik, 2) ilahi-insani qovuşma. Bunun nəticəsində Allahın təkliyi ideyası mürəkkəbləşir, insan və Allahın yaxınlığı ideyasında çox sıx bağlılıq yaranır (İlahinin insaniləşməsi, insanın ilahiləşməsi). Allahın təkliyi\birliyi ideyasının İsəvilikdəki qəbul olunmuş ifadəsinə Trinitarian monoteizm deyilir. Trinitiarian monoteizmin nə olduğunu isə yazdıq: Allah təkdir və bu bir Allah üç şəxsdədir. Trinitiarian monoteizmin dar monoteizmdən daha bir fərqi onun Allahın cövhəri, daha doğrusu özü, kökü, belə demək mümkünsə, “materiyası” haqqında mülahizə yürütməsidi. Həmin bu mülahizəyə görə, Tanrı sevgi(də)dir və Tanrının sevgi keyfiyyəti, əlaməti vardır
.

No comments:

Post a Comment

gündəlikdə axtarış