Xatırlayırsınızsa, daha öncəki yazılarımızda Məsihiliyin əsas ayinlərindən, daha doğrusu gizləntilərindən və onlardan biri olan vəftizdən yazmışdıq. Bu dəfəki yazı həmin o ayinlərdən ikincisinə, Şükran Çörəkkəsməsinə həsr edilib. Şükran Çörəkkəsməsi ayininin adı qədim yunancadakı “euxarist” sözündən gəlir, hərfi mənası şükr etmək, şükranlıq deməkdir. Bəzi azəri məsihilərinin bu ayinə istinadən həm də çörəkkəsmə sözünü işlətdiyini eşitmişəm – yəqin ayinin ən əsas parçası olan çörəyə istinadən belə işlədilir. Mən də belə qərara gəldim ki, bunları birləşdirmək daha dəqiq olar. Katolik kilisələrində “mass” sözü də istifadə edilir.
Ən ümumi şəkildə Şükran Çörəkkəsməsi ayini məsihilərin bir araya gəlib bu sözün məcazi və hərfi mənasında çörək kəsməsi (dua edilərək çörək kəsilir, bu bütün məsihilərə paylanılır və onlar yeyirlər – və ya buna bənzəyən bir prosesdən keçirlər), şərab (üzüm şirəsi) və ya bir sıra kilisələrdə şərabı əvəz edən içki içməsini (dua etdikdən sonra) ifadə edir. İsəvilər bunu Allahın Lütfünü qəbul etmək, İsa Məsihi xatırlamaq və Ona şükranlıqlarını bildirmək, ruhlarının təmizlənməsi və öz aralarındakı gerçəyə keçməli olan yaxınlıq idealını yada salmaq, ona can atmaq üçün edirlər. Ayindəki çörək İsa Məsihin bədəninin, şərab isə onun qanının məcazi işarətidir – başqa sözlə məsihilər simvolik olaraq İsa Məsihin bədənini yeyib, qanını içirlər. Təsadüfən, bu sizə kannibal adətlərini xatırlatmır ki? Xatırlada bilər, heç narahat olmayın...xristianlığın yayıldığı ilk illərdə Roma imperiyasının məsihiləri günahlandırdığı əməllərdən biri də onların guya adam öldürüb onun ətini-qanını yeyib-içməsi idi. Başqa sözlə, belə bir fikir yaranırsa sizdə, tək deyilsiniz. Bu ayini Roma imperiyasının təbəələri kimi anlama ehtimalınızı azaltmaq və zahirən kannibalizmə bənzəyən bir ritualın arxasındakı qavramı qavramaq üçün ona daha ətraflı baxmaq lazımdır.
İncillərin nəql etdiyinə görə, İsa Məsihin çarmıxa gərilməsinə az qalmış, Məsih axırıncı dəfə öz ardıcılları ilə birlikdə yemək yeyir və həmin yemək zamanı da çörəyi kəsib öz ardıcıllarına verir, onların yeməsini istəyir və həmin bu çörəyi öz bədəninə oxşadır. Eyni şeyi şərabla da edir, bu dəfə də şərabı öz qanına və bütün bunları da qanı və bədəni bahasına əldə edilmiş yeni əhdə bənzədir. Bu yeməyin və Məsihin sözlərinin nə önəmi var ki, onu insanlar bu qədər ciddiyə alıb, əsrlər boyu davam etdirirlər?
Sorunu cavablandırmaq və bu ritualın, ayinin anlamlarından birini - önəmli birisini - görmək üçün İsa Məsihin yediyi bayram yeməyinin hansı bayramı anlatmasını bilmək, Qədim Əhd və Yeni Əhd anlayışları ilə tanış olmaq, İsa Məsih, onun ortamı və bayram arasında bənzətmə-çağrışdırma səviyyəsindəki əlaqələri öyrənmək lazımdır. İsa Məsihin çarmıxa gərilməsi İncillərin anlatdığına görə, Yəhudilərin Pasxa (Mayasız Çörək) bayramı ərəfəsində baş verib. Bu həmin bayramdır ki, Yəhudilər hər il Misir köləliyindən İlahinin köməyiylə qurtulmaqlarını anıb qeyd edərlər. Bu bayramda Yəhudilər mayasız çörək (mayasız xəmirdən hazırlanır) və bütöv bişirilmiş quzu yeyirlər (Tövratın öyrətisinə uyğun).
Bibliya bu hadisə çərçivəsində və onunla yanaşı, həm də İlahinin insanlarla münasibətinin əsas elementindən bəhs edir və yəhudilərin qurtuluşu kimi həmin bu münasibətin dinamikasını onun tarixi gəlişmələrini anladır. Bu, Əhd anlayışına dayanan münasibətdir. Bibliyanın ümumi öyrətisinə görə Yaradan insanlarla onları günahdan qurtaracağına, onlara arxa çevirməyəcəyinə və onlara Özüylə birlikdə olmağa dair Əhd edib və həmin bu Əhdə əsasən insanları qurtuluşa çağırır, götürür. İnsanlar dəfələrlə bu Əhdi pozsalar da Bibliyanın şəhadətinə baxsaq bəlli olur ki, İlahi də dəfələrlə bu Əhdi yeniləyib, təzələyib, onu gəlişdirib. Yəhudilərin Misir köləliyindən qurtarışı bu xilasedici, dinamik, mürəkkəb Əhdin konkret tarixdə, məkanda, zamanda, etnik qrupda, hadisələr burulğanında əks-sədasıdır. Bundan başqa, Yəhudilər həm də inanır(dı) ki, Yaradan onları qurtaracaq məsih göndərəcək və həmin bu Məsih vasitəsilə yenə də Yeni Əhd bağlanacaqdı. İsa Məsihin çarmıxa çəkiləcəyi zaman da yəhudilər bax həmin bu Əhdin bir təzahür şəkli olan Misir(köləliyin)dən qurtuluş hadisəsini yada salır, onu qeyd edirdilər. İsa Məsih bir yəhudi kimi həmin bu bayramı öz ardıcıllarıyla qeyd edirmiş. Amma bir az başqa şəkildə.
No comments:
Post a Comment