Aşağıda təsvir etdiyim metod məsihilər arasında, daha doğrusu inanclı kimi “formada qalmağa” önəm verən məsihilər arasında yayılmış müqəddəs kitabı oxuma və anlama üsuludur. Bu üsul və ya metod daha çox ruhi gəlişməni stimullaşdırmaq məqsədi daşıyır və oxunulan yazıyla ilgili düşüncələri gəlişdirmək üçün də işlədilə bilər. Metodun əsas özəlliyi oxunulan hekayətlə, belə demək mümkünsə, oxunulan yazıyla birləşmək, onunla qovuşmaq və ya yazını hiss etməkdir. Mənə maraqlıdır görüm, bir müsəlman bunu Quranın oxunuşuna tədbiq edərsə nə olar.
Bunun üçün kitabdan (müsəlmansınızsa Qurandan təbii ki) bir parça, hekayə və s. seçin. Ondan sonra həmin parçanı özünüz üçün ucadan oxuyun. Bu ilkin oxumadı. İlkin oxumada məqsəd sizi oxuduğunuz parçayla ümumilikdə tanış etməkdir. Məsələn deyək ki, götürün İbrahim peyğəmbərin hekayəsini. Onu oxuyun və oxuduğunuz zaman hekayənin axarına, hadisələrin harda olduğuna, kimlərin bu hadisələrə cəlb edildiyinə fikir verin. İlk oxunuşunuzun sonunda azacıq ara verin və materialı xəyalən ümumiləşdirməyə çalışın, yəni bir neçə kəlmə ilə bütöv bir hekayənin məzmununu xəyalən özünüz üçün anladın.
Məsələn fərqinə varın ki, oxuduğunuz hekayə İbrahim peyğəmbərlə atası arasında bütlərin önəmi haqqında deyişməyə həsr edilir və bu dialoq hekayənin canıdır. Bir az ara verin. Bundan sonra ikinci oxunuşa başlayın. İkinci oxunuşda artıq hekayəni diqqətlə, necə deyərlər bittə-bittə, hər cümləsinə diqqət yetirərəkdən, qəhrəmanların (əgər onlar varsa) sözlərinə önəm verərəkdən, oxuyun. Tələsməyin. Gərəkirsə, arada dayanın, tam anlamadığınız sözün anlamı üzərində düşünün, onu bir az anlamağa çalışın və ondan sonra digər hissəyə, parçaya və s. keçin. İkinci oxunuşun sonunda bir az fasilə verib diqqətinizi ən çox nəyin çəkdiyini araşdırın özünüz üçün. Məsələn, deyək ki, İbrahim peyğəmbərin bütlər haqda atası ilə deyişməsi hekayətində atasının sözləri diqqətinizi çəkir. İkinci oxunuşun əsas məqsədi yazını, parçanı daha dərindən anlamaq və sizi özünə çəkən aspekti tapmaqdır. Üçüncü mərhələdə artıq yazını oxumağa ehtiyac yoxdu. Kitabı bir tərəfə buraxın və oxudakı obrazlardan birinin yerinə özünüzü qoyun. Özünüzü obrazla eyniləşdirin. Bunun üçün xəyala dalmaq lazım gələ bilər. Misal verdiyimiz hekayədə deyək ki siz özünüzü İbrahimlə eyni şəxs kimi görməyə çalışırsınız. Gözlərinizi yumun (bacarırısınızsa heç gözünüzü də yummayın) və özünüzü İbrahim kimi bir atayla üz-üzə təsvir edin. Hekayət canlansın və siz hiss etməyə çalışın. Bu metod zaman və sakit bir şərait istəyir çünki, bundan daha dərinə getmək gərəkəcək – xəyalınızın gücü hesabına hekayədəki olayları detallarına qədər təsəvvürünüzdə canlandırın. Siz İbrahim peyğəmbərsiniz. Məbədin ortasında durmusunuz. Ətrafda bütlərin yerə dağılmış, param-parça bədən hissələri var. Hiss etdiyiniz gərginlikdən sağ gözünüz səyriyir. Atanız, daha doğrusu İbrahim peyğəmbərin atası Azər sizin önünüzdə gözləri bərəlmiş, həyəcanla sizdən kimin bunu etdiyini soruşur. Bir anlıq xəyalınızda gecə ikən məbədə gəlib bütləri aşırdığınız anlar keçir, ancaq dilinizdən başqa sözlər çıxır. Atanıza cavab verərkən, içəri məbədin kahinləri girir, ətrafında əsgərlər var və... stooppp... . Hekayəni oxuduğunuzdan dolayı İbrahim peyğəmbərin verdiyi cavabı bilsəniz də xəyalınızda İbrahim kimi cavab vermənizə ehtiyac yoxdur. Bu metodun zövqu və elə maraqlı yanı da bundadı: Siz İbrahim peyğəmbər kimi xəyalnızıda bu anı yaşayırsınız, ancaq bu metoda görə sadəcə hekayəni xəyalınızda passivcəsinə canlandırmaq olmaz. Bu cür passiv canlandırma sizə çox az şey verər. Metoda görə, əksinə siz elə siz olaraq İbrahim peyğəmbərin yerinə nə edərdiniz sorusuna cavab verməyə calışırsınız həmin bu an xəyallarınızda. Odur ki, siz İbrahim peyğəmbərin yerinə olsaydınız nə edərsiniz sualına cavab verirmiş kimi, o anda sizə sorulan soruya öz cavabınızı verin. Məsələn deyin ki, “...papa bilirsən, vəziyyət belədi də...Məhəmməd adında peyğəmbər gələcək və deyəcək ki, bütləri aşırın...”. Təxminən buna bənzər bir şey...və ya daha da intellektual görünmək üçün...deyə bilərsiniz ki, “birdən çox allahın mövcudluğuna inanc, lütfkar ata, daxili məntiqi ziddiyyətə malikdir”...və s. Hər nəsə...zarafat bir tərəfə, bir cavab verin və çalışın o cavab hekayədə oxuduğunuzun kopyası olmasın. Yəni xəyalınızda hansı rolda, hansı hissədə, hansı nəsnədəsinizsə ona özünüzdən bir şeylər əlavə verin, fərdilik elementi gətirin. Və beləcə davam edin. Hekayənin, və ya oxuduğunuz parçanın kitabda yazılan şəkliylə özünüzü məhdudlaşdırmayın xəyalınızda. Əksinə, xəyalınıza qol-qanad verin, hekayəni gəlişdirin. Məsələn deyək ki, Quranda (Bibliyada) olmayan, lakin o anda beyninizdən keçən elementi hekayəyə daxil edin. Önəmli olan, hekayənin sizin üçün bir ümumi platforma olmasıdır, onun nöqtə-vergülünə qədər hər şeyinə riayət etməniz deyil. Ancaq diqqət edin ki, hekayədə radikal dəyişikliklər də olmasın. Məsələn deyək ki, siz özünüzü İbrahim peyğəmbər kimi hiss və təsəvvür edirsinizsə o zaman xəyalən qəfildən hekayəni səlibçilərin şərqə yürüşü hekayəsinə çevirməyin.
Bu cür xəyalən müqəddəs kitabla, onun bir parçasıyla qovuşduqdan sonra gözlərinizi açın və ya düşüncələrinizi, xəyallarınızı bitirin və bu dəfə xəyallarınız üzərində düşünün. Məsələn, niyə İbrahim peyğəmbər olaraqdan atanıza məhz belə cavab verdiyinizi fikirləşin. Bütləri aşırmağınızı necə düşündünüz və niyə? Atanızı həyəcanlı təsəvvür etməniz sizə İbrahim peyğəmbərin atası haqqında nə deyə bilər? Bu cür təsəvvür sizə sizin özünüz haqqında nə deyə bilər?
Müqəddəs Yazılarda hekayələri, məktubları, parçaları bu metodla anlamaq sizinlə oxuduğunuz arasında xəyalın gücüylə bir körpü salır, sizə oxunulanı xəyal və hiss vasitəsilə araşdırmağa fürsət verir. Sonradan təsəvvürləriniz haqda düşünümlər (reflection sözünü başqa cür anlada bilmədim) isə sizə özünüzü və mətni daha yaxından anlamağa yardım edir. Zahirən bu metod asan görünsə də əslində elə deyil. Hünəriniz var, deyək ki, Qurandakı Əbu-Ləhəb surəsini oxuyun və bu üsulu istifadə edərəkdən özünüzü Əbu-Ləhəbin yerinə qoyun. Bundan başqa bu üsul yaradıcı xəyal, diqqəti cəmləmə və tutma yetənəyi istəyir.
Bu metod təkbaşına və ya qrupda tərəfindən istifadə edilə bilər. Qrup bu üsulu tətbiq etdikdə xəyal mərhələsi bitdikdən sonra qrup üzvləri öz xəyallarını, düşünümlərini bölüşür və birlikdə hər kəsin təsəvvürləri haqda fikir yürüdürlər.
Sözügedən üsulun faydalı olması üçün ən az iki şərtə az-çox ehtiyac var: Əvvəla, metodu ciddiyə almaq lazımdır. “Kayf tutmaq”, “məzələnmək” üçün bu metodu tətbiq etmək olar, ancaq onda hissləriniz, xəyallarınız gərəkdiyi qədər güclü olmayacaq bu isə o deməkdir ki, yetərincə enerji və hiss yatırmadığınızdan özünüzü və oxuduğunuzu anlamanız da yarımçıq olacaq. İkincisi, bu üsulu əgər qrup olaraq istifadə edirsinizsə, o zaman qrupdakı insanların biri-birinə az-çox güvənməsi və sayğı duyması vacibdir. Unutmayın ki, hisslər, xəyallar fərdidir, subyektivdir, onlar bizim təhtəlşüurumuzla, yaradıcılıq gücümüzlə əlaqədədir və bir yerə qədər dərinliyimizdəki haqq-hesablardan, həll olunmamış münaqişələrdən xəbər verir, yəni onların şəxsi olmaq özəlliyi var.Nəsə...uğurlar... .
No comments:
Post a Comment