Thursday, August 27, 2009

Bir dilim çevirim: Bonhoeffer

Çevirdiyim şeirin muəllifi Bonhofferdir. Ditrix Bonhoffer - ikinci dünya müharibəsində Hitlerə sui-qəsd etməyi planlayan və ifşa olunmasından dolayı həbs edilib cəzalandırılan, Almaniyadakı “etifarçı kilisə” hərəkatının üzvü və banilərindən biri, alman pastoru, teoloqu və xristian etikası nəzəriyyəçisidir. Gənç yaşında alman faşistlərinin qətlə yetirdiyi Bonhofferdən günümüzə bəzi əsərlər qalmışdır. Çağdaş qərb xristianlığında Bonhoffer Karl Bartla birlikdə ən çox oxunulan pastor yazarlardan sayılır. Özünün birbaşa əlaqəsi olmasa da “Allahın Ölümü” teoloji hərəkatı ondan öyrəndiyini və onun ideyalarından yararlandığını etiraf edir. Tərcümə etdiyim şeir suyunun suyudur – almancadan deyil, ingiliscədən çevirmişəm ona görə belə deyirəm. Yəqin ki Bonhofferdən dilimizə ilk tərcümədir. Bununla belə, məni hər zaman maraqlandıran mövzuya eqo, İlahi və ətrafla münasibət mövzusuna həsr edildiyindən bunu tərcümə etdim.

Mən kiməm?
Mən kiməm?
Tez-tez deyirlər ki,
Öz kameramdan sakit, gülərüzlə, əminliklə
Çıxdım –
sanki alicənab birisiyəm
öz Bağ evimdən eşiyə
addım atdım.
Mən kiməm?
Tez-tez deyirlər ki,
Məni gözətləyənlərlə
Aydın, açıqca və dostca danışırmışam –
Elə bil əmr etmək
mənlikmiş kimi davranırmışam. Mən kiməm?
Bunu da deyirlər mənə -
Qara günləri yola verdim
Eyni qürurla,
Gülər üzlə,
Sanki yenməyə
Alışmış məndim.
Doğrudanmı mən
başqalarınının söylədiyi insanam?
Yoxsa yalnız öz bildiyim varlığam? -
Sükut nədir bilməyən,
Qəfəsdəki bir quştəki,
Xəstə olub inləyən,
Nəfəs üçün açıb-yumub ağzımı -
Sıxır əllər
Sanki mənim boğazımı.
Darıxaraq rənglər, güllər
Və quşların səsi üçün,
Susayaraq lütf dolu bir söz üçün,
Qonşuluqçün,
Çırpınaraq sağa-sola
Gözləməkdən, nə olmaya-nə ola,
Titrəyərək taqətsizcə dostlar üçün
Ünyetməyən uzaqlarda,
Yorğun, gücsüz,
Heysizləşmiş
Düşünməkdən,
Cəhd etməkdən,
Dualarda...
Bayğın, hazır artıq
Söyləməyə əlvida...?
Kiməm mən, bu biri
Yoxsa o biri?
Bir gün belə,
Sabah elə?
Bəlkə hər ikisiyəm?
İkiüzlü başqalarının önündə,
Və çökmüş, nifrətəlayiq
Zəifmişəm özümdə?
Yoxsa məndə bir mən var
Qaçır elə başıpozuq
Yenilmiş bir ordutəki
Ağır gələn qələbədən?
Mən kiməm?
Həqarətlə sorar
Məndən suallarım...
Hər kiməm
Sən bilərsən Tanrım mənim...
Mən Səninəm!

No comments:

Post a Comment

gündəlikdə axtarış