İnsan Bibliyaya görə İlahinin surətində yaradılıb. İlahinin bənzərində yaradılmış insan üçün və xüsusən də bir məsihi üçün bu nə deməkdir? Məncə çox şey. Bu yazımda sadəcə İlahi surətində yaradılmışlığın Müqəddəs Üçlüklə və insanın güncəl münasibətləri üçün əhəmiyyətindən bəhs etməyə çalışacağam.
İlahinin surətində yaradılmışlığın nə olmasını kimsə bəlli-başlı bilmir. Bəlli-başlı bilinən budur ki, bizimlə İlahi arasında insanın bir varlıq kimi özəlliklərində əks olunan, ona dayanan əlaqə var və bu əlaqə də İnsanın İlahiylə hər nə cürsə oxşarlığından qaynaqlanır. Bu İlahini insaniləşdirir və bəşəriləşdirir. Lakin bu şaşırdıcı iddia və dərin simvol olan İlahi ideya Allahı kiçiltmir. O, insanı İlahiyə yaxınlaşdırır. Allahla onun yaratdığı insan arasında hər nə qədər bənzərlik olsa da belə, bu bənzərliyin İlahinin bütün özəlliklərini, varlığını açdığını iddia etmək də doğru olmazdı. Bibliya İlahinin həm də insana bənzər olmadığını, onun insandan fərqli tərəflərini anladır. İlahi insan kimi materiyaya hopmamışdır. İlahi hər şeyə qadirdir və hər kəsin ürəyini bilir. İlahi bütün yaradılışın yaradıcısı, sahibi və ağasıdır. Lakin məni bu halda maraqlandıran İlahini insandan ayıran deyil, Onu insana yaxınlaşdırandır.
Biz İlahiyə bənzər yaradılmışıq. Bu bənzərlik həm insanın ruhi özəlliklərində, həm də onun fiziki xüsusiyyətlərində ola bilər. Bizim hər birimiz İlahinin surətindən pay almışıq. Bir gün küçəyə çıxdığınızda ətrafdakı insanlara baxın və onlarda əvvəllər görmədiklərinizi görməyə çalışın. Sevdiklərinizi, nifrət etdiklərinizi, etinasızcasına yanaşdığınız insanları düşünün. Dağlıq Qarabağda ölənləri, öldürülənləri, milliyyətindən, dinindən asılı olmadan hər kəsi düşünün. Fikirləşin. İnsanlar biri-birilərinə bənzəyirlər, bununla belə, onların hamısı fərddir, onların biri-birinə bənzər simaları, bədənləri olsa da, hər kəsdə bu fərdidir, təkrarsızdır, şəxsidir. Hər insan siması həm də bənzərsizdir. Lakin hər insan simasında və elə bədənində də bir bənzərlik var. Biz hamımız biri-birimizə bənzəyirik. Biz hamımız biri-birimizdən fərqlənirik həm də. İlahinin surəti, bizə verdiyi əmanəti, bax beləcə, zəngin, müxtəlif, təkrar olunan və həm də təkrarsızdır. Hər insan İlahiyə onun verdiyi surətdə bir cür bənzəyir. Heç kimin İlahi surətində yaradılmışlığı başqasında təkrar olunmaz. Lakin bütün insanların İlahi surətində yaradılmışlığı bir ümumiliyə malikdir. İlahinin izini başqalarında tapmağı bacarmaq bir sənətdir. İlahinin ona verdiyi bənzərliyi – surəti - şeytana satmışları da tanımaq bir sənətdir. İlahinin surətində yaradılmaq bizi ona bağlayır. Biz öz ruhumuz barədə, içimizdəki çirk-pas və ilahi nurunu düşünərəkdən, onu anlamağa çalışaraqdan, İlahiyə açıq olmağı istəyib həyata keçirərəkdən, onunla əlaqəyə girə bilərik. Çünki onunla əlaqəyə girmək potensialı bizim varlıq kimi cövhərimizimdə, mahiyyətimizdə var. Bizə düşən bu potensial açmaq, onu gəlişdirmək və İlahiylə əlaqəyə girməkdir.
İlahinin surətində yaradılmaq sadəcə bununla bitmir. Biz hamımız yaşayan varlıqlarıq. Ən azından sosial-bioloji varlıqtək biz ətrafla təmasda olur, düşünür, anlayır, dərd çəkir, nifrət edir, sevinir, yanılır, bağışlayır, hiss edir, utanır, təəcüblənir, bəzən qanmazlaşır, bəzən müdrikləşir və yaşayırıq. Biz həyatda olan varlıqlarıq. Həyat, yaşam, canlı olmaq, İlahinin insana verdiyi ən əsas hədiyyədir. Bibliya öyrədir ki, İlahi insanın burnuna həyat verən nəfəs üfürdü. Bunu əlbəttə də hərfi anlayıb gülüş obyektinə çevirmək asandır, xüsusən də hər şeyin obyektə çevrilib, analitikayla, elmlə, təkamüllə izah olunduğu, insanın insanlıqdan çıxarıldığı zamanda. Lakin bunun arxasında insana bəlli olmayan gerçəyin Ruh vasitəsilə ilahi ilhamdan gələn simvolik ifadəsi yatır. İnsanı həyata gətirən, İlahidir. İnsanı həyatda tutan, İlahinin ona verdiyi həyatdır – nəfəsdir. Nəfəs, insan həyatının ən bariz, ən ümdə təzahürüdür. Nəfəsi olan həyatdadır. Nəfəsi olan yaşayır, şəxs kimi ətrafla əlaqədə olur. Nəfəsin yox olduğu anda, həyat da yox olur. Nəfəs almayan, klinik ölüm durumunda və s. bu kimi durumlarda insanların bir varlıq kimi ətrafla təmasda olmaq imkanı olduqca zəifləyir və ya itir. Ən önəmlisi isə, insan sadəcə ayıq olmur. Həyatda olmaq, yəni İlahinin bizə verdiyi yaşamı tam olaraq bədən və ruhumuzla hiss etmək və anlamaq üçün nəfəsə ehtiyac var. Nəfəs İlahinin bizə verdiyi hədiyyənin təzahürüdür, Nəfəs insanı tam olaraq həyatda tutur, insanı tam insaniləşdirir. Nəfəsi bizdən İlahi alıncaya qədər biz yaşayırıq və həyatdayıq. Ölüm nəfəsin yox olmasıdır. Nəfəsi verən və alan Allahdır.
No comments:
Post a Comment