Wednesday, August 26, 2009

Sözün düzünü zarafatla deyərlər - 2

Amma burda cubbulu haşiyə çıxarım: bu ümumiliklə yanaşı bu iki dində fərqlər var fərqlərin danışılmasının önəmliliyini mən inkar etmirəm - bunlar hər iki dində kifayət qədərdir.

Məsələn, müsəlman və xristian Allahın təkliyini qəbul etsələr də bunu anlamaqlarında fərqlər də var. Başqa sözlə, prinsip, ideya səviyyəsində onlar arasında ümumilik var, ancaq təlim, dəqiqləşdirmə və bunun sonrakı gəlişmələri səviyyəsində deyil. Müsəlmana görə Allah təkdir, vəssalam. Nə edirsən et, bunu hər hansı başqa şəkildə şərh etmək yolverilməzdir və başqa cür şərh təhrifdir. Xristiana görə Allah təkdir, lakin bu təklik - İlahi Bir(lik) həm də çoxluqda açıqlanmışdır və insanlara da özünü Üç şəxsdə - vəhdətdə Bir Allah kimi tanıdır. İlahi təbiət və ya mahiyyət və ya cövhər özünü insanlara biri-birilə ayrılmaz şəkildə əlaqədə olan və biri-birində olan üç şəxsdə/vəhdətdə (biri-birində olmasından dolayı mən vəhdət sözünü işlədirəm) - onların vəhdətində tanıdır. Və ya başqa misal: İslama görə, İsa Məsih çarmıxa gərilməyib. İsəvilik bunun tam əksini deyir, İsa Məsih nəinki çarmıxa çəkilib hələ bunun acısını da çəkib. Məsihilik üçün Məsihin çarmıxa gərilməsi ən önəmli əhəmiyyətə malik fakt, teoloji önəmə malik hadisə və prinsipdir. İslamla Xristianlıq arasında həm də oxşar təlimlərdə - doktrinlərdə fərqlər var. Məsələn, götürək vəhy təlimini. İslama görə Quran Allahın sözüdür və ilahimənşəlidir, vəhydir. Hətta orta əsrlərdə Kəlamda Quranın yaradılıb – yaradılmaması, yoxsa Allah sözü kimi əbədiliyi haqqında mübahisələr də olub. Xristianlıqda məsələ daha qəlizdir. Bibliya Allahın vəhyidir, lakin hamısı deyil və mərkəzi deyil. Allahın ən önəmli vəhyi İsa Məsihdir. Bundan başqa İsəvilikdə vəhy ilham təlimi ilə əlaqədə başa düşülə bilər. Göründüyü kimi, İslamla Xristianlıq arasında fərqlər də var. Mən bunu qəbul edirəm və bunları açıqlamaq dinlərarası dialoqun, biri-birini anlamanın zəruri şərtidir. Mən bunları güncəl həyatımız üçün ölüm-dirim səviyyəsinə qaldırmanı və insanlara bu cür inanclarından dolayı aqressiv yanaşmanı inkar edirəm. Göründüyü kimi, Söz onları sadəcə birləşdirmir, söz onları həm də ayırır. Məncə, fərqlər hər nə qədər önəmli olsa da, sülh, əmin-amanlıq üçün xüsusən də praktiki məsələlərdə ümumilik ön plana çəkilməlidir. İsa Kəlimətullaha gəlincə, əgər O Allahın tövhidini, Allahı və qonşunu sevməyi öz təliminin bir parçası kimi öyrədibsə, daha niyə O İslama görə - ən azından məcazi mənada - Allahın Sözü olmasın! “La-ilaha-illa-allaha” gəlincə, əgər o Məsihilikçün önəmli olan Allahın tək-birliyini İslamcasına ifadə edirsə, onda niyə o bir isəvinin - ən azından prinsipcə - qəbul edəcəyi bir kəlimə olmasın? Belədə, necə deyərlər, Allaha da xoş gedər Tanrıya da...Nəsə...bunlar hamısı zarafatdır...fikir verməyin...

No comments:

Post a Comment

gündəlikdə axtarış