Monday, August 24, 2009

Xaçpərəst və daşpərəst və ya bulanmış sudan başqa bri damcı

Müsəlmanların bizə qarşı daha bir iddiaları (stereotip) bizim, yəni Məsihilərin xaçpərəst olmalarıdır. Bu yazıda da həmin bu stereotipdən bəhs edəcəyik. Əslində burda iki əlaqəli məsələ var: 1) ətraf dünyadakı obyektlərə Allah olaraq sitayiş etmə və 2) Allahın ətraf dünyadakı obyektlərdə təsviri və həmin təsvirlərə münasibət, onların ibadətdə istifadəsi. Biz bunlara çox ümumi şəkildə toxunacağıq, çünki oxucuların Məsihi teologiyasının bir sıra məsələlərində hazırlıqlı olmadan bunu tam olaraq qavraması bir qədər çətindir.
Biz məsihilər taxtaya və ya hər hansı bir fiqura Allah olaraq və onu Allah bilərək sitayiş etmirik. Məsihiliyin tarixi gəlişmələrindən dolayı və məsihi teologiyasının imkan verdiyi qədər, Məsihilər ibadət zamanı ikonalardan, yəni İsa Məsihin və digər bu kimi şəxslərin portreti rolunda çıxış edən rəsmlərdən istifadə edirlər (əsasən Pravoslavlıq və Katolisizmdə). Bunlar insanla Rəbb arasındakı münasibətdə insanın diqqətini toplamasında əlaqəçi vasitə kimi çıxış edir və bu əlaqəçilik şəkli də və ya rolu da tamamən funksionaldır. Yəni kimsə taxtanın, daşın və rəsmin gerçəkdən Allah olduğunu düşünüb də bu taxtaya dua etmir. Lakin bu əşyalar simvol olaraqdan özlərindən daha dərində olan gerçəkliyə işarə edirlər, həmin gerçəkliyi anladırlar. Bu mənada biz xaça və ya başqa əşyaya sitayiş etmirik, çünki onun önündə durub ona sayğı göstərərkən biz onun arxasında yatan gerçəkliyə sayğımızı və sevgimizi göstəririk, onun özünə deyil. Bu eynilə müsəlmanların Kəbədəki qara daşa göstərdikləri sayğıya bənzəyir. Yəqin müsəlmanların Kəbədə ibadət zamanı o qara daşı, yəni Həcər-ül-Əsvədi öpmək üçün necə can atdıqlarını görmüsünüz. Bu müsəlmanlar daşamı ibadət edir? Əlbəttə ki yox. Biz onlara bundan dolayı daşpərəst demirik.
Bundan başqa nəzərə alaq ki, Məsihilərin inancına görə Rəbbin (S)özü bəşəriləşərək, yəni bəşər oğlu kimi bədən alıb, insaniləşib bizim aramıza gəlmişdir və Rəbbin özünü Nazaretli İsada bizə açmışdır, tanıtmışdır. Bu azmış kimi, bizim inancımıza görə Rəbb insanı öz sürətində yaratmışdır və insan Rəbbdən bir şeylər alıb. Bu mənada İsa Məsihin təsviri həm də bir insanın təsviridir.
Buna görə də İsa Məsihin və digər bu kimi önəmli insanların təsviri və onların təsvirlərinə qarşı sayğı göstərilməsi onlara sitayiş kimi anlaşılmamalıdır.

No comments:

Post a Comment

gündəlikdə axtarış