Bu mətn Həvari Paulosa məxsus olsa da özünün çox ilginc bir özəlliyi ilə hər zaman teoloqları düşündürmüşdür. Həvari Paulosun təlimi və ya öyrətisi bir sıra qabarıq xüsusiyyətlərə malikdir ki, onlardan ikisi bu mətndə öz əksini tapmamışdır. Onlardan biri Həvarinin öyrətisində mərkəzi yeri alan İsa Məsih, digəri isə günah qavramıdır. Həvarinin Məsih İsaya inanması çox dramatik bir qarşılaşma nəticəsində baş vermişdir və bu günkü İsəvilikdə Rəbb İsanın necə anlaşılması bir yandan da Həvarinin adıyla, daha doğrusu onun məktublarıdakı öyrətisi ilə bağlıdır. O, hər zaman İsa Məsih üzərinə fokus olmuş və ondan çox bəhs etmişdir. İsa Məsihin Xilaskar kimi rolu, imanlılar icması İsanın bədəni kimi, İsa Məsih ikinci Adəm kimi və s. bu kimi teoloji qavramlar və mistik təcrübənin metaforik anlatımları məhz ona aiddir.
Halbuki bu nitqində Həvari İsa Məsih üzərinə demək olar ki, heç nə demir. Yalnız ən sonda dolayı yolla İsa Məsih xatırlanır ki, bu zaman da heç onun adını çəkmir. Həvari Paulosun vurğuladığı ikinci qavram, öyrəti universal günah olmuşdur. Həvari özünün Romalılara yazdığı məktubunda günah qavramına toxunur və bunu açıqlayır. Universal günah qavramı, İsanın insanlığı qurtarması ilə birbaşa bağlıdır. Günah qavramı insanlığın güncəl həyatında ən universal, ən bariz bir faktın - bütün cəmiyyətlərdə bəyənilməyən, rədd olunan, ədalətsizlik və əxlaqsızlıq, çirklilik kimi qəbul olunan sosial-ruhi və fərdi reallığın, mövcudluğun teoloji ifadəsidir. Həvari Paulosun Areopagdakı çıxışında bu da öz əksini tapmamışdır. Niyə? Bu sualın cavabını kimsə dəqiq bilmir. Bir sıra teoloqlar belə qəbul edirlər ki, Bibliyanın başqa hissələrində də əks olunduğu kimi, Həvari Paulos burada İsəvilik tamamilə yad audiotiriyaya anlaşılır olsun deyə, fokusu dəyişir. Buna görə də o İbrani mədəniyyətindən uzaq olan yunanlara Məsih, yəni bərəkətləndirilmiş (dolayı tərcümə), yağlanmış (birbaşa və hərfi tərcümə) İnsandan danışmır. Eyni zamanda da çoxallahlı olan yunanları İsəviliyin və İbrani inancının ən əsas şərtlərindən olan təkallahlılığa dəvət edir və bunu vurğulayır, çünki əks təqdirdə İsanın bir çox yunan allahlarından yalnız birisinə çevrilmə ehtimalı olur ki, bu da nə İbrani inancına, nə də İsəviliyə uyğun idi.
No comments:
Post a Comment