"Beləliklə, qalıcı olan üç şey var: iman, ümid və sevgi. Bunların da ən üstünü sevgidir." (Korinflilərə Birinci Məktub 13:13)
Monday, August 24, 2009
Tərcümə və şərh - 4
Bu nitq öz-özlüyündə İsəviliyin ən ümumi şəkildə və ya belə demək mümkünsə, sıxılmış şəkildə ana çərçivəsini, ifadə edir. Həvari nitqinə girişi Rəbbin ən əsas, ən əhəmiyyətli keyfiyyətini vurğulamaqla başlayır: O Yaradandır. Yaradan olaraqdan o, hər şeyə rəvac vermişdir. Rəbbin Yaradan olması həm də onun totallığında ifadə olunur. O bəzi şeyləri deyil, hər şeyi yaratmışdır. Hər şey ya dolayı, ya da düzünə onun işidir, onun kainat düzənində qoyduğu qaydaların, prinsiplərin məhsuludur. İnsanın yaratdığı hər şey məhz Yaradanın insana verdiyi və insan üçün müəyyən etdiyi həddlər çərçivəsində mümkündür. Yaradan həm də Müqəddəs Ruh vasitəsilə insanların həyatına müdaxilə edir və onların yaratmasında iştirak edir, insanlara gərəkdiyi zaman ilham verir. O həm də hər şeyin son sahibidir. Bir qayda olaraq, insanlar içində olduqları proseslərdə, hadisələrdə özlərini ağa, sahib görərlər. Lakin bu teoloji baxış bucağından doğru deyil. Hər şeyin sahibi məhz Rəbbdir. Çünki o hər şeyin yaradıcısıdır, hər şeyin istər fiziki, istərsə də bioloji həddlərini məhz o müəyyən edir - hətta insan bunları dəyişsə də belə, bunlar Yaradanın planından kənarda baş vermir. Yaradanın hər şeyi yaratması, həm də onun öz yaratdıqlarının qurduğu məbədlərə sığmaması, onun həmin məbədlərdə yaşamaması deməkdir. Bu mənada Yaradan insanın fiziki və mental sərhədlərinə sığmır və Həvarinin burada ifadə etməyə çalışdığı Yaradanın insanın məhdud imkanları çərçivəsində yaratdığı obyektlərə sığmamasıdır. Hər şeyin Yaradıcısı və maddi hədlərə müncər edilməyən birisi kimi o insana hər şeyi verir. Ruhun yaradıcısı və sahibi kimi insana həyatı, bədəni, düşüncəni və maddi nemətləri verən də odur. Hər şeyi yaradan birisi kimi onun bunları verməyə haqqı və imkanı vardır. Bütün bunlara sahib olan və bunları yaradan birisi təbii ki, insan əlindən qayğıya ehtiyacı olmayan varlıq olmalıdır və Həvari Yaradanın bu keyfiyyətini də vurğulayır. Onun heç nəyə ehtiyacı yoxdur əks təqdirdə o hər şeyin başlanğıcı, resursu ola bilməzdi. Bütün bu təsvirlər İsəvilikdə Rəbbin mütləq hakim olması təliminin qısaca məcmusunu verir. O, yaradır, o yaratdıqlarının sahibidir, o yaratdıqlarını başqa yaratdıqlarına verir, onun öz yaratdıqlarından heç bir şeyə ehtiyacı yoxdur və yaratdıqlarının məhdud fiziki-maddi-mental, bir sözlə məhdud, sonlu əl işləri-yaratdıqları çərçivəsində yaşamır, onlara sığmır. O, özü həyatın mənbəyidir.Daha sonrakı ayələr Yaradan və insan münasibətlərini yığcam şəkildə anladır. Yaradan insan cinsini tək bir insandan - Adəmdən yaratdı və insanları millətlərə, xalqlara və s. böldü. O, təkdən müxtəlifliyi - irqləri, dilləri yaratdı və insanın mövcudluğunu rəngarəngləşdirdi. Onların yaşam zamanlarını və yerlərini təyin edərək, dünyanın hər bir tərəfinə səpələdi. Bu cür dünyanın hər yerində və müxtəlif dövrlərdə (zamanların təyin olunması) yaşama insanların müxtəlifliyi faktı ilə bir araya gəlincə bu həm də insanların - insanlığın özünü, tanıması, öyrənməsi və öz-özüylə qarşılaşmasına yol açır. İnsan, qarası, ağı, sarısı, kürdü, ərəbi, ermənisi, yaponu, türkü, farsı ilə birlikdə insandır. Bütün bunlarda məqsəd isə sonrakı ayədən bəlli olduğu kimi insanın Yaradanı axtarması və tapmasıdır. Yaradan bizdən uzaq deyil, bununla belə, onun axtarılması və tapılması onun ətrafında olduğumuzu hiss etmək insanlığın məqsədidir. Yaradanın bizdən uzaq olmaması onun axtarılması, tapılması və hiss edilməsi - insanların Yaradanla münasibətini bir kəşfə döndərir, çünki o hər an bizimlədir, o bizdən uzaq deyil. Ancaq bunun fərqinə varmaq üçün onu axtarmaq lazımdır, başqa sözlə bunun əziyyətini çəkmək, onu kəşf etmək lazımdır. Yaradanı axtarmaq və tapmaq, onun ətrafda olduğunu, onun hüzurunda olduğumuzu anlamaq hiss etməklə olur. Bu əlbəttə ki, əqli istisna etmir. Bununla belə bu ilginc bir nüansa işıq tutur. Yaradanın ətrafında olmaq, hiss etməklə qavranılır. Hiss etmək və hisslər əski yunanlarda insandan başlayan, insanın içindən gələn bir fenomen deyil, əksinə insana baş verən, insanın başına gələn, insana kənardan gələn, insanı obyekt kimi içinə alan bir fenomen idi. Bu mənada, Yaradanı hiss etmək, bu hissin insanın başına gəlməsi, insanı öz içinə alması və insanın özünü həmin hissdə - yaradanı ətrafında kəşf etmək hissində - tapması kimi də anlaşıla bilər. Bu mənada biz həmin hissi müəyyən etmirik, həmin hiss özü bizi tapır. Həmin hiss Müqəddəs Ruh vasitəsilə, ilham kimi, intuisiya kimi vaxtı gələndə Rəbbin özünü bizə açıqlaması ilə gerçəkləşir. Biz Yaradandan uzaq deyilik. Biz onun ortamında, hüzurunda mövcuduq çünki biz ondan gəlirik, ondan törəyirik. Bu müddəa "Başlanğıc" kitabında deyilən insanın Rəbbin bənzərində yaradılması fikri ilə bir arada maraqlı sonuclar verir. Biz, onunla daxili bir bənzərliyə malikik, bu bənzərlik bizi ona bağlayan bağdır və bu bağ həm də bizim onu axtarıb tapmaq yollarında bələdçimizdir. Bu bənzərlik həm də Rəbbin axtarışını İnsanın öz-özünü axtarmasına çevirir. Əgər biz onun bənzərində yaradılmışıqsa, deməli onu axtarmaq və tapmaq bizim bənzəri olaraq yaradıldığımız əsli, orijinalı axtarmaq və tapmaqdır. Bu həm də o deməkdir ki, ona gedən axtarış yolu özümüzdən keçir və bu yolda özümüzdən gedib onu axtarmaqla, həm də özümüzə gəlirik və onu tapırıq. Rəbbi axtarmaq, tapmaq və onun ətrafında olduğumuzu hiss etmək İnsanın başlanğıcını aldığı resursu - Yaradıcısını tapması və öz varlığıyla mövcudluğuna şəhadət verdiyi birisini, kopyası olduğu əsli tapması deməkdir.Daha sonrakı ayələr bir neçə məsələni ifadə edir. Bunlardan biri insanın Yaradanla ilişgisi fonunda bütlərə olan münasibəti, digəri Yaradanın insana dəvəti, üçüncüsü isə Rəbbin İsa vasitəsilə insanlığı öz ədalətində mühakimə etməsi, qiymətləndirməsidir. Bütpərəstlik, insanların Yaradan yerində ibadətə layiq olmayan bir varlığı Yaradan kimi qəbul edərək, ona ibadət etmələrini, ona yönəlmələrini anladır. Hər şey - hətta daş heykəllər belə - Yaradanı təmsil edə bilər, ancaq onların heç biri Yaradan kimi qəbul olunub, sitayiş edilməməlidir. İnsan daş heykəlin, qızılın arxasında Tək və Tək Olmayan Yaradanın durduğunu unudub, daşı, qızılı, əşyanı son nəticə, son məqsəd olaraq qəbul etdiyi və ona doğrudan-doğruya ibadət etdiyi zaman bütpərəstliyə yuvarlanır. Belə bütpərəstlik çox nadir hallarda rast gəlinir və Həvari Paulos yəqin ki, bunu nəzərdə tuturmuş. İnsan Yaradanın bənzərində olan birisi kimi öz əliylə yaratdıqlarına sitayiş etdiyi zaman Yaradanın ona verdiyi əmanətə, - onun surətinə, onun öz varlığında təmsil etdiyi izinə hörmətsizlik göstərmiş olur. Yaradanın simasında yaradılan bir varlığın simasında yaradıldığı Yaradana deyil, öz əliylə yaratdığı əşyalara ibadət və sitayiş etməsi, onları son məqsəd kimi qəbul etməsi Rəbbə qarşı günah olaraq anlaşılır. İnsan daşdan, qızıldan, cansız əşya və varlıqlardan Yaradanın yerdə və hər yerdə təmsilçisi olaraq daha üstündür və onların salamatlığından bir yerə qədər məsuldur. Öz varlığındakı həyata və gözəlliyə məhəl qoymayıb, əllə yaradılan qızıla, daşa, gümüşə ibadət yolverilməz olaraq görülmşüdür. Nitqin bütpərəstliklə bağlı hissəsi buddizm, hinduizm və s. bu kimi sistemlərə münasibətdə müəyyən teoloji problemlər ortaya qoyur, ancaq onlara burda toxunmayacağıq. Rəbb insanları bu yoldan dönməyə və ibadətə əsl layiq olan varlığa yönəlməyə bizi dəvət edir. O, insanların günahlarını görməməzlikdən gəlir və onlara şans verir. O, insanları bu və başqa əməllərindən dolayı İsa Məsih vasitəsilə qiymətləndirəcəkdir.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment