Mətn əslində Bibliyada müstəqil mətn vahidi kimi keçmir. Bizim daha öncəki postda tərcümə etdiyimiz mətn həvari Paulosun Afinada başına gələn macəranın bir parçasıdır. Bibliyaya görə, həvari Afinada öz yoldaşlarının gəlməsini gözlərkən şəhərdə gəzirmiş və bu zaman şərəhin bütlərlə dolu olmasını görür. Bu onu narahat edir. Buna görə də Afinanın bazar və meydanlarında afinalılarla (mətnə görə onların arasında Stoiklər və Epikurçular da varmış) mübahisə etməyə başlayır. Afinalıların diqqətini çəkən həvari Paulosu sonunda daha da ciddiyə alırlar və onu Areopaga gətirirlər və öyrətdiyinin onlara yeni göründüyünü söyləyib, anlatmasını istəyirlər. Həvari Paulos o zaman bizim tərcümə etdiyimiz məşhur nitqini söyləyir.
Bu nitq ümumiyyətlə, öz dövrünün standartlarına görə intellektual, fəlsəfədə dəymədüşər Afinalılara hesablanmış bir nitqdir və özündə İsəviliyin tamamilə yeni bir mühitə necə təqdim olunması ilə bağlı cəmiyyətin həmin zamanlar əsas götürdüyü yanaşmaları əks etdirir. Mətn bütövlükdə İbrani-Əski Əhd və yunan mədəni elementlərini öz içinə alır. 1. Hər şeydən əvvəl qeyd edək ki, mətn Yaradanın bütlərlə təmsil olunmasının onun üçün təhqir olduğunu, Yaradana ibadətin yolverilən şəkli olmadığını və ümumiyyətlə günah olduğu konseptini implisit olaraq əsas götürür. Bu, ümumi deyilsə, İbrani-Semit ənənəsindən qaynaqlanır, əski Yunanlarda Rəbbin bütlər və s. bu kimi kültürəl artefaktlarla təmsil olunması ciddi problem doğurmurdu. İbranilərdə isə bu zaman-zaman problem çıxarmış və hər zaman qıcıqlandırıcı bir şey olmuşdur. Bundan başqa, mətn Rəbbi monoteist aspektdən təqdim edir və Rəbbin hər şeyin yaradıcısı olduğunu göstərir ki, bu da başqa "ixtisaslaşmış allahlar" üçün yer buraxmır. Bu cür monoteizm də İbrani ənənəsindən qaynaqlanır. Bunu da nəzərdən qaçırmayaq ki, həvari Paulosun özü zamanında qatı dindar, Fərisi (İbranilərin arasında özünün radikallığı ilə ad çıxarmış dini sekta) olmuşdur və Bibliyada deyildiyi kimi dövrünün önəmli müəllimi ona dərs demişdir. Bundan başqa İsəvilik özü kökündə İbrani-Semit dini düşüncəsi duran dindir. 2. Mətnin yunan mədəni fonu (background) özünü bir neçə elementdə göstərir. Birincisi, mətn antik ritorikanın qaydalarına uyğun tərtib olunmuşdur. Burada giriş, tezis, onun təsviri və sübut elementləri öz əksini tapır ki, bu da əski ibranilərdən daha çox ritorikanın gəlişdiyi yunan mədəniyyətinə aid bir şeydir. Həvari Paulosun Roma vətəndaşı olması, yaxşı təhsil alması və yunancanı çox gözəl bilməsi sübut olunmuş faktlardır. Bu da onun nitqinin yunan mədəniyyətindən təsirləndiyini qaçınılmaz edir. İkincisi, mətnin orijinalında-yunancasında ümumi və hissi olunan daxili ritm var (cümlələr arasında). Bu cür ritm əski yunan nitq mədəniyyətinin təsiridir.3. Həvari Paulos Areopagda nirq söyləyir. Areopag əski yunancada "Areo təpəsi" anlamına gəlir. Areopag indiyə qədər də Afinada qalmaqda olan bir qaya - təpədir və əski Afinalılar həmin tu təpənin üstünə toplaşıb orada müxtəlif məsələləri həll edərlərmiş. Bundan başqa Areopag həmin bu təpədə vaxtaşırı toplanan əski yunan içtimai orqanının adıdır. Həmin orqanın şəhəri idarə etməklə bağlı bir sıra səlahiyyətləri varmış (həmin bu orqanın yanısıra, Areopaqda başqa şəxslərin, qeyri-formal toplantılar da olurmuş və ehtimal olunur ki, həvari məhz ikinci qrup toplantıda nitq söyləmişdir).
No comments:
Post a Comment