Monday, August 24, 2009

Tərcümə və şərh - 1

Aşağdakı mətn-tərcümə Bibliyanın, daha doğrusu Yeni Əhdin bir parçası olan "Həvarilərin Əməlləri" kitabından, parça 17, cümlə 22-34-dən alınmışdır (Həvarilərin əməlləri 17:22-34). Buna exegesis (ekseqesis) deyilir, təxmini olaraq, islamdakı təfsir anlayışına uyğun gəlir. Lakin exegesis-in İslamda ənənəvi mənada başa düşülən təfsirdən bəzi fərqləri var. Öncəliklə, exegesis (eksegetika) bir qayda olaraq textual criticism (mətni ələmə) çərçivəsində yazılır. Azərbaycanda tənqid, kritika sözü bir qayda olaraq, mənfi çalara malikdir və bir şeyin nöqsanlarını açıb göstərməyi və s. içinə alır. Bibliyaşünaslıqda və Teologiyada isə textual criticism mətni daha çox elmi-rasional üsulları tətbiq edərəkdən, onu mərkəzə qoyaraqdan analiz etməni və onun fonu, tarixi (background-u), mənası ilə bağlı bir şeylərin öyrənilməsini nəzərdə tutur. Buna görə də mən burda textual criticism mənasında "mətni ələmə" sözünü işlədəcəm, azəricədəki "ələmək" felini əsas götürərəkdən. Şərh sözünü exegesis mənasında işlədəcəm. Şərh həm elmi məqsədlər üçün, həm də sırf və"əz (moizə) etmək (preaching) məqsədləri üçün həyata keçirilir (onların arasında müəyyən fərqlər də olur). İkincisi, mənti ələmə və şərh ilə İslamdakı təfsir arasındakı fərq həm də mətnə müxtəlif mövqelərdən yanaşmaq və yeri gəldikdə, onun dar mənada tənqidetmə imkanının olmasıdır - bu mənada mətni ələmə və şərh dini müddəalara və postulatlara bağlı deyil (islam təfsirindən fərqli olaraq). Bunu niyə yazıram? Sadəcə Müqəddəs Kitabın mətni altında yatan və bir çoxlarımıza bəlli olmayan zənginliyinə azacıq da olsa işıq tutmaq üçün. Bibliya 30-40 ilin içində deyil, yüz illər ərzində yazılmış kitablar məcmusudur. O, uzun bir tarix dövründə, Rəbbin insanlarla münasibətində naxışlaşan, hər iki tərəfin insan ruhuna və gözəgörünməzliyə həkk etdiyi izlərin əksidir. Onu yazanların sayı aşağı-yuxarı 40 qədər müəllifi əhatə edir. Bu müəlliflərin arasında müxtəlif sinifləri, peşələri, etnik qrupları, təmsil edən insanlar var. Bu kitablar insanların Rəbbə olan şikayətini, sevgisini, qorxusunu, hətta Ona üsyanını, insanlarla Yaradan arasında baş verən olayları, Rəbbin insanlara müaricətini və Tanrının özünü açmasını və s. və ia əhatə edir. Bu kitablarda siz şer, hekayət, məktub, tapmaca dilində yazılmış yazılara rast gələ bilərsiniz. Bu müxtəliflik İsəviliyin gözəlliyidir. Və bu bilinməyə dəyər bir keyfiyyətdir... Keçək mənim etdiyim tərcüməyə.

Tərcümə birbaşa əski yunancadan edilmişidir.
----------------------------------
"22.Paulos Areopagın ortasında durub dedi: "Afinanın ərənləri, belə başa düşürəm ki, siz hər yöndən çox dindarsınız. 23.Çünki ətrafı dolaşıb seyr edərkən üstünə "Dərk olunmaz Tanrıya" sözləri həkk olunmuş bir məbəd qarşıma çıxdı. Beləliklə, bu varlıq ki ona bilmədən ibadət edirsiniz, onu mən sizə açıqlayıram. 24.Kainat düzənini və ondakı hər şeyi yaradan Allah - budur göyün və yerin sahibi Rəbb - əllə düzəldilən məbədlərdə yaşamır. 25. Nə də o sanki bir şeyə ehtiyacı varmış kimi insan əllərindən qayğı görmür və özü hər kəsə həyatı, ruhu və hər şeyi verir. 26. O bir insandan hər insan toplumunu yaratdı, onların yaşam yerlərini və zamanlarını yer üzünün hər tərəfində yaşasınlar deyə təyin etdi. 27.Ki Rəbbi axtarıb onun ətrafında olduqlarını hiss edə və onu tapa bilələr, baxmaraq ki, o bizim heç birimizdən uzaq deyil. 28.Axı biz onda yaşayırıq, hərəkət edirik və varıq. Sizin şairlərdən birinin dediyi kimi, "çünki biz ondan törəməyik". 29.İndiki biz başlanğıcımızı Yaradandan alırıq, onun insan əliylə və yetənəyiylə düzəldilmiş qızıla, gümüşə və daşa bənzədiyini düşünməməliyik. 30.Belə ki Yaradan qanmazlıq dövrünü xoş niyyətlə görməməzlikdən gəlir və bütün insanları tövbə etməyə dəvət edir. 32.Çünki o dünyanı seçdiyi bir adam vasitəsilə, onun ədalətində, təmizliyində mühakimə edəcəyi günü təyin etmişdir və həmin adamı ölümdən diriltməklə buna sübut vermişdir."
--------------------------------------
Mənim tərcümə etdiyim mətn əslində bundan azacıq uzundur, ancaq məncə bura qədəri yetər bloqa yerləşdirmək üçün. İndi mətnin bir sıra özəlliklərinə diqqət yetirək.
Tərcümə zamanı itən özəlliklər
Heç kim inkar etməz ki, dil mədəniyyət hadisəsidir və heç bir dildə sözlər başqa dildəki sözlərin dəqiq, konkret, neytral qarşılığı kimi görülə bilməz və ya belə bir qarşılığı tapmağın mümkünlüyünü qəbul etmək kifayət risqli bir davranışdır. Çünki sözlərin arxasındakı məna, həmin mədəniyyətin özəlliklərinə, konseptlərin birbaşa bağlıdır və tərcümə zamanı bir çox hallarda bu konseptlərdən doğan məna çalarları, sətiraltı mənalar, sözün semantik zənginliyi itir. Bibliyada da belədir. Və burda da biz tərcümə zamanı itirilmiş, və ya itirilməsi mümkün məsələlərə baxacağıq ki, onların açıqlanması mətnə əlavə çalarlar verir.
1. "ərən" sözü orijinalda kişiləri sözüylə verilir, lakin bu sözü işlətmək məndə "evin kişisi", və s. ilə assosiasiya doğurduğu üçün onu ərən sözü ilə tərcümə etdim. Məncə bu daha neytraldır və ilkin mənaya daha yaxındır.2. "Dindarsınız" sözü orijinalda "deisidaimonesterus" sözüylə verilmişdir. Bu söz həvari Paulosun dövründə əski yunan mədəniyyətində ikili mənası olan söz idi və müsbət mənada həm çox ruhani-dindar olan, həm də mənfi mənada xürafatçı, dini anlamadan dindar olan mənasında işlədilirdi. belə bir ehtimal var ki, həvari Paulos burda auditoriya ilə söz oyunu oynayır (hər iki şəkildə başa düşülə bilər, ancaq hansı məna natiqin niyyətidir?). 3. "Kainat düzəni" sözü orijinalda kosmon sözündən gəlir və bu kosmos sözünün təsirlik hal şəklidir. Kosmos yunancada dünya deməkdir, lakin bu sözün bir də azəricədəki dünya sözündə olmayan məna çaları var, o da hər şeyi əhatə etən, total düzən, qaydalılıq, sistemlilik qavramıdır. Bu mənanı qabardaraq kosmon sözünü kainat düzəni şəklində tərcümə etməyi məqsədyönlü hesab edirəm. 4. "Sahibi Rəbb" orijinalda bu söz (sahibi) huparxo felindən gəlir. Bu söz hərfən olmaq, eyni zamanda başlanğıcı olmaq, rəvac vermək, və bir şeyə malik olmaq mənalarını da içinə alır. Mətn daxilində bu söz üç dəfə arqument üçün mühüm cümlələrdə təkrar olunur və həvarinin çıxışındakı arqumentin lingvistik ifadəsi-açarı halına gəlir. 5. "ədalətində, təmizliyində" sözü orijinalda "dikayosune" sözüylə verilir. Hərfən bu söz ədalətlilik mənasında olsa da eyni zamanda, təmizlik, saflıq çalarlarına malikdir və haqlı olmaq, gərəkən kimi olmaq çalarlarını da ifadə edir.

No comments:

Post a Comment

gündəlikdə axtarış