İslamın Məsihiliyə qarşı ortaya qoyduğu və demək olar ki, ən güclü deyə biləcəyim arqumenti məhz təhrifdir. Məsih inancı və kitabı islama görə təhrif olunmuşdur yəni ki, Məsih inancının kökündə duran kitabı – Bibliyanı – dəyişdiriblər, oraya çoxlu əlavələr edilib, bəzi şeyləri çıxarıblar və buna görə də bütövlükdə Məsihilik özü təhrif olunmuşdur. Bibliyanın təhrif olunmuşluğu Qurani-Kərimdə çox istifadə edilir. Yəhudi və Məsihilərin yazıları tamah və ya qısqanclıq niyyəti ilə dəyişməsindən danışır Quran. Bir sıra Məsih təlimlərinin tənqidi də dolayı yolla təhrif ideyası ilə bağlıdır. Məsələn, Qurani-Kərim Bibliyanın, İsanın Yaradandan gələn önəmli kitab, peyğəmbər olduğunu qəbul etsə də Müqəddəs Üçbir təlimini, İsanın ilahiliyi təlimini və s yalan olaraqdan tənqid edir. Onlar ona görə yalan hesab edilir ki əski Əhd və Yeni Əhd dəyişdirilmişdir və bunlar da bu dəyişikliklərin nəticəsi həmin kitablara daxil edilib. Buna baxmayaraq belə, Qurani-Kərim Məsihilərlə müsəlmanlar arasında oxşar inanclara da diqqət çəkir bir sıra yerlərdə isə bu inancın yaxınlığını öz xeyrinə istifadə edir yəni bu oxşarlıqlar Quranın ilahiliyinin sübutu və s. kimi istifadə edilir. Bu o deməkdir ki, Qurani-Kərim Məsihilik və yəhudiliklə oxşar ideyalarını ilahi mənşəli elan edir, fərqli ideya və təlimlərə gəldikdə isə özündəki fərqi haqlı, ilahi mənşəli və doğru, məsihilik və yəhudilikdəki fərqi isə bir çox hallarda yalan, dəyişdirilmiş və gerçəyə uyğun olmayan elan edir.
Bu çox maraqlı və tarix boyu rast gəlinən müdafiə strategiyasıdır. İslam bunu Məsihiliyə qarşı edir və bu da başadüşüləndir. Qurani-Kərimi vərəqləsəniz bunun bol-bol şahidi olacaqsınız. Məsihi və yəhudilərlə bağlı ayələr - və bunların bir çoxu həm də teoloji məsələlərlə, söhbətlərə verilən reaksiyanı xatırladır – bunu sübut edir ki, Qurani-Kərim bu dinlərlə dialoqda, onlara rəqib olaraq ortaya gəlmişdir, onlarla dil tapmağa bir yerə qədər cəhd etmişdir. Sonucda isə məhz bu strategiyanı istifadə edərəkdən özünü haqlı, özündən öncəkiləri isə onunla razılaşmayan məsələlərdə haqsız elan edir: Bibliya Allahın təkliyini öyrətdiyi qədər Qurana uyğundur, elə ki üçlük ortaya çıxdı, olur yanlış. İsa Məsihin peyğəmbərliyi məsələsində Quran Bibliya ilə razılaşır, ancaq İsanın çarmıxa gərilməsi məsələsində onu yalan elan edir. Bu yalanlar, dəyişikliklər ona görədir ki, Məsihilik islama görə təhrif olunub. Göründüyü kimi, təhrif islam üçün çox önəmlidir. Bu doğrudanmı belədir? Doğrudurmu ki, Məsihilik təhrif olunub?
Məsələ göründüyü qədər də bəsit deyil və buna bir sıra aspektlərdən baxaraq yanaşmaq olar. Məsihiliyi təhrifdə ittiham edərkən İslam bir çox anlayış və ideyalardan çıxış edir. Həmin bu ideyalar bunu irəli sürür: bir vəhyin təhrifi onu Allahı tanımaq üçün yararsız hala salır, çünki vəhy yazılır və ya olduğu kimi nəsildən – nəsilə ötürülür. Vəhyin təhrifi isə müqəddəs vəhyə edilən istənilən dəyişiklikdir. Niyə hər növ dəyişiklik təhrif olaraq görülür? Çünki vəhy bütün zamanlar üçün gəlmişdir, Allah sözüdür, iradəsidir və dəyişdirilməz. Xüsusən də bu dəyişiklər neqativ niyyətlə və ya qeyri-əxlaqi motivlə edilibsə, o zaman təhrif daha güclüdür. Bunları iddia edərkən, islam belə bir ideyanı da ortaya qoyur ki, Quran Allah sözüdür, vəhyidir, onun heç bir hərfi dəyişdirilməyib və dəyişdirilməyəcəkdə, çünki Allah öz sözünü təhrifdən qoruyur. Bunu hər bir Məsihi etiraf etməlidir ki, Qurani Kərimin iddia etdiyi şəkildə nöqtə-vergülünə qədər dəyişməyən kitab tapmaq tarixdə çox nadir hallarda rast gəlinir. Bibliya bu qaydaya daxil deyil. Bibliyada müəyyən dəyişikliklər edilmişdir. Lakin bu dəyişikliklər təhrifdirmi? Qurani-Kərimə görə bunlar təhrifdir, çünki Quran Bibliyanın gerçəkliyini öz arşını ilə ölçür. Quran 30 ilə bir şəxsin dilindən gələn, bir dildə gələn, əsasən ərəb dünyagörüşünə və təcrübəsinə dayanan, Əhdi Ətiqdəki bir sıra anlayışları ifrat və məntiqi sonluğuna qədər inkişaf etdirən bir kitabdır. Məsələn, Əhdi Ətiq özünün Allah sözü olduğunu qeyd edir, özünün dəyişməyəcəyini ortaya qoyur, bununla belə, sonralar peyğəmbərlərin sözləri ilə ya təkmilləşdirilir, ya da yeniləndirilir. Quran bu ideyanı - vəhyin dəyişdirilməzliyini - hərfən başa düşərək, yəni onu tamamən Allahdan gəlib, allah sözü olduğu, insan iradəsinin heç bir şəkildə qatqısı olmayan söz dərəcəsinə qədər gəlişdirir və daha da sərtləşdirir, dəqiqləşdirir. Əhdi-Ətiqdə Allahın təkliyi ideyası, göydən düşmə teoloji abstraksiya deyil. Bu vəhy gəlişir, inkişaf edir, öncə henoteizm peyda olur, sonra isə monoteizm. Quranda bu ideya son məntiqi həddə qədər gəlişdirilir və istənilən növ yayınma sərt reaksiya verilən küfrə çevrilir. Məsihilikdə isə bu ideyalar yunan fəlsəfəsinin incilərindən ilhamlanaraq daha da incələşir, gözəlləşir və zənginləşir. Bundan dolayıdır ki, Quran heç bir çətinlik çəkmədən özünü hərfən, olduğu kimi cənnətdə olan, cənnətdən gələn müqəddəs vəhy elan edir və özünün dəyişdirilməyəcəyini ortaya qoyur. Həzrəti Osmanın dönəmində vahid Quranın tərtib olunması və yeni-yeni yaranmaqda olan başqa nüsxələrin toparlanaraq yandırılması bu prosesi daha da Quranın xeyrinə yönəldir. Elə beşikdəcə, bütün alternativ quranların kökü kəsilir və bir nüsxənin faktiki mövcudluğu Quranın dəyişdirilməməsi, təhrif edilməməsi haqda möcüzəyə çevrilir. Və islam bu yanaşmanı, standartını olduğu kimi yəhudiliyə və Məsihiliyə tətbiq etdiyindən, o haqlı görünür. Halbuki hər şeyi öz arşını ilə ölçmək və sonucda bukvoyedlik eləmək stereotipə yol açır. Məsələ daha da qəlizdir. Əvvəla, Bibliya tarixən, sırf sekulyarist-dünyəvi nöqteyi-nəzərdən deyirəm bunu-daha zəngin kitab olmuşdur və bir deyil, bir çox kitabların məcmusudur. Bibliya yüz illər boyu müxtəlif insanların dilindən eşidilmiş və qələmə alınmış kitablardır. Bibliyada 30-dan çox müəllifin əli və minilliyi aşan yüzillərin izi var. Onun yazıldığı məkanlar, şəraitlər də bir peyğəmbərin ömrünə sığacaq qədər deyil. Buna görə də Bibliya mövzu və tarixi fon baxımından Qurandan daha zəngindir və Quranın arşını ilə onu ölçmək bir şey vermir. İkincisi, Bibliya janr olaraq daha zəngindir. Quran ərəbcə şer kimi yazılıb. Bibliyada isə şerlər (Məzmurlar), hekayətlər, məktublar (Paulos), indi izi də qalmayan janrlar var (məs: apokaliptik janr). Bibliya iki dildə yazılıb, iki dünyagörüşündən ilhamlanıb. Bu mənada (janra görə) o daha zəngindir. O daha çox müxtəlifliyə malikdir. Beləliklə, Quranın anlayışlarına dayanaraqdan Bibliyanın dəyişdirilib təhrif olunduğunu iddia etmək və ya bunun əleyhinə Bibliyanı sanki heç vaxt, heç şəkildə dəyişdirilməyibmiş elə göydən hazırın nazırı düşübmüş kimi müdafiə etmək çox çətin ki müsbət nəticə versin. Məncə Quran bu məsələdə bukvoyedlik edir. Onun anlayışları çərçivəsində əlbəttə ki Bibliya dəyişdirilmişdir. Çünki Bibliya Allah sözünü hərfən başa düşmür, nə monoteizmi nə də vəhyin dəyişilməzliyini özünün ifrat məntiqi sonluğuna qədər inkişaf etdirmir. Bu necə olur?
Bibliyaya edilən dəyişikliklər İlahi vəhyin mahiyyətini dəyişdirmir və onu tanınmaz hala salmır. Ziddiyyətlər ilahi həqiqəti inkar etmir, əksinə ona gedən yolun başqa şəklini açıqlayır. Bibliya insan həqiqətlərini yalnız mücərrəd fəlsəfi dildə deyil, gündəlik həyatın acı, sıradan hadisələri vasitəsilə, ayrı-ayrı fərdlərin taleyində, ürək yanğısı şerlərdə, məktublarda, yuxugörmələrdə anladır. Bu məlumatların bəziləri arasında ziddiyyət olduğu belə görülə bilər. Lakin ziddiyyət insanın həqiqətə gedən yolunu hər zaman, hər şəkildə, hər yerdə, yəni heç bir istisnasız bağlayırmı? Bəlkə ziddiyyətlər həqiqətə gedən yolun bir şəklidir? Müqəddəs Kitabdakı ziddiyyətlər ilahi vəhyi anlamaq yollarını bağlamır. Məsələn istər Əhdi Ətiq, istərsə də Yeni Əhd və ya Əhdi Cədid ədalət, Allahın insanlara və insanların Allaha olan sevgisi, hər şeyin ötəri olması, Allahın sonsuz bağışlama gücü, onun hakimi-mütləq və müəmmalı olmasını anladır. Bununla belə Allahın bu özəlliklər biri-biri ilə tərs düşən hekayətlərdə təzahür edir.
Bibliyaya edilən dəyişikliklər Allahın iradəsi və nəzarəti altında onun yolverdiyi və ya müdaxilə etmədiyi hədlərdə və şəkillərdə baş vermişdir və onun planlarından kənarda deyildir. Yaradan bütün həyatı saxlayan və hər şeyə müdaxilə etmə haqqı olan, onlara nəzarət etməyə qadir olan varlıqdır. Bibliyadakı dəyişikliklər də onun vəhyinin inkişaf şəklidir və vəhyin təzahür metodudur. Allah hər şeyi Bibliyada ilahi həqiqət kimi bişirib insanın ağzına qoymur. Əksinə bu dəyişikliklər İlahinin öz həqiqəti üçün qoyduğu sınaq kimi də görülə bilər. İnsanın borcu Bibliyadakı dəyişikləri, fərqli və mürəkkəb münasibətlərə girən mətnləri, ziddiyyətləri - sınaqları keçərək həmin həqiqəti özünün axtarması, tapmasıdır. Bu halda həqiqət allahın insana göydən düşmə verdiyi bir şey deyil. İlahi həqiqət insanın özünün inanc daxilində axtarıb tapdığı, çarpışdığı, gərginliklərini yaşadığı bir subyektiv yaşam təcrübəsini də ehtiva edir. Bu sınaqların ikinci məqsədi də İlahinin insanı Bibliyadan və Məsihilikdən kənarda qalan din və görüşlərə təvazökar baxışa dəvət etməsidir. Dəyişiklik gərginlik gətirir, insana tam və hər zaman üçün hazır cavab olan sistem yaratmağa imkan vermir. Bibliyadakı fərqli dəyişikliklər, onun sadəcə Yaradanın deyil, həm də insan əlinin işi olduğunu göstərir. Istər əqli, istərsə də ruhi yöndən yalnız bizim kitab, yalnız bizim din haqlıdır, çünki dəyişdirilməyib deyə kimsənin, xüsusən də bir Məsihinin başqa dinlərə və görüşlərə yuxarıdan baxmaq haqqı yoxdur. Çünki Rəbb heç bir şeydə təkəbbürü sevmir və Məsih inancının kitabındakı dəyişikliklər məsihilərə təkəbbürlü olmamalarını xatırladır.
Məsihilikədi Vəhy ideyası və təlimi bu dəyişikləri dünyanın və dinin sonu kimi qavramağa əsas vermir. Yəni Məsih vəhy təlimi bukvoyedliyə yer vermir. İlahi vəhy Məsihiliyə görə sadəcə Allahın insana diktə etdiyi, insanın da katibə kimi passiv qələmə aldığı bir şey deyil. İlahi vəhydə ilahi tanıtım və iradə əsas, üstün və son məqsəd olsa da, onlar insandan keçib, insan üçün gəldiyinə və insan dilində təzahür etdiyinə görə İlahi vəhy insan iradəsini də öz içinə alır, insan iradəsi, ağlı və insan ruhunun, bədəninin ifadə imkanlarının hədləri daxlində ortaya çıxır, başqa sözlə ilahi vəhy insanın özəllikləri tərəfindən yonulur, yetişir, bütövləşir və bəşəriləşir, insaniləşir. Məsih tarixində vəhy heç zaman İslamda olduğu qədər hərfi başa düşülməmişdir. Vəhydə insan varlığının da payı var.
Tarixən əlimizə gəlib çatmış Bibliya nüsxələrinin arasındakı fərqlərin səviyyəsi bütün nüsxələrin biri-birilə oxşarlığı və eyniliyi ilə müqayisə edildikdə cüzidir. Bu cüzilik isə dəyişikliklərin vəhyin önəmini və etibarlı olmasını təyin etmədə mərkəzi rol ala bilməyəcəyini göstərir.
Məncə bütün bunlar Bibliyanın Qurani-Kərimin öyrətdiyi mənada təhrif olunmadığını göstərir. Bibliyaya edilən dəyişiklik faktları hətta onlar biri-biri ilə ziddiyyətlərə girsələr də belə, təhrif olaraq görülməz, çünki onlar insanın Rəbbə gedən yolunu bağlamır, buna görə də vəhyin yazıldığı kitabları yararsız etmir, Rəbbin işlərindən kənarda deyil və insana öz inancı daxilində Allahı axtarıb tapmaqda və onun başqa oxşar kitablara, mənbələrə təvazökar münasibətinin oluşmasında yardım edir.
No comments:
Post a Comment