Monday, August 24, 2009

Əruzda Ol Söz

Ulduzu doğdu onun, o gecə oldu çırağban
Təbiət kükrəyibən söylədi ki, gəldi o pünhan.

Peyğəmbərlər müjdələdi: "gələcək Məsih!",
Budur gəldi Şahənşahım, bəşərə verdi Söz-ehsan.
Rəbbimiz açdı bizə öz qucağın, lütf eylədi,
Əfv edib ruhumuzu, göndərdi bax, tək kamil İnsan.
Ağlama ey əzilən, günaha batan, əzab çəkən,
Al müjdəni, ümidlə dol: ilahi eşq olsun əyan.
Bu xoş xəbər odur dostum –Sözü dinlə Məsihidən,
Günahda öl, İsada “Ol!”, etsin səndə Allah bəyan.


Əruzda yazdığım bu şer belə demək mümkünsə, eksperimentaldır və Sözün – Məsihin insan dünyasına gəlməsi münasibətilə yazılmışam. Şer, sənət, ədəbiyyat teoloji baxış bucağından baxsaq teologiyanın və geniş mənada teoloji düşüncənin ən açıq və incə şəkildə təzahür etdiyi bir zikrdir. Şerdə və ədəbiyyatda məntiq, əql sizə sərhəd qoymur. Sözlərin zahiri gözəlliyi, onların ahəngi, səslənişi, səs və məna oyunları bir araya gəlib Yaradanın özü kimi qeyri-müəyyənlik, ziddiyyət, ahəng, anlaşılmazlıq və bu anlaşılmazlıqda məna yaradır. Dünyanın bütün dinlərində və insan oğlunun daxilindəki ilahi işığa çatmağa çalışan mənəvi, intellektual sistemlərdə dil ürəyin, əqlin və ruhun anlada bilmədiklərini ifadə etmək üçün şerə, sənətə əl atır. Məsihilik də bu qaydadan istisna deyil. Zəburlar (Psalms) başdan-başa insan yanğısı, hissləri ilə dolmuş şerlərdir. Bu şerə gəldikdə isə, o Məsih inancının bir sıra metaforlarına və həmin metaforların arxasındakı təlimlərə istinad edir. Məsih doğulduğu gün, onun ulduzunu münəccimlər görmüşdürlər. Məsih Pünhandır. Onun qədər bəşər oğlunun tarixində ikinci ziddiyyətli dərin iz qoyan şəxsiyyət tapmaq asan deyil. Məsihdə Yaradan bizə öz lütfünü (həm də qəddarlığını demək olar) göstərib. Məsih ilk öncə kasıblara, fəqir-füqəralara, günaha bulaşanlara göndərilib. Onun xoş xəbəri Allahın ilahi, ziddiyyətli, və əqləsığmaz eşqidir, sevgisidir. Məsih həm də insan cinsinin Şahənşahıdır. Onun şahlığı bu dünyadan deyil. Zatən olsaydı, özünü təhqir edib, çarmıxa çəkməzdilər. Xaça gərilmək əski Romalıların rəziledici cəza növlərindən biri idi. Yəni bu cəza növü sadəcə öldürmürdü, həm də rəzil edirdi. Şahlığı bu dünyadan olan Şahənşah necə həqarətlə çarmıxa gərilə bilərdi ki? Məsihin xoş xəbərini, qurumuş, daşlaşmış, yazılara keçmiş sadə bir xronologiya kimi deyil, yaşayan, insanları düşünməyə sövq edən, ziddiyyətli xoş xəbər kimi kimdən dinləyə bilərsiniz? Hər halda ateistdən deyil. Təbii ki, bir məsihidən. Günahda ölmək və ya günah etməyə ölmək yəni günah dolu həyat tərzinə son qoymaq, ruhən günahı tərk etməyə çalışmaq və İsada olmaq, yəni İsa Məsihdə yenilənmək, yaşamaq, yenidən var olmağa çalışmaq həvari Paulosun sözüdür. Ol kəlməsi həm də yaradılışa başlanğıc verir. Məsihdə “Ol!”maq yenidən yaranmaq deməkdir.Yenidən yaranın. Yenidən “Ol!”un. Bu Özün Sözüdür.

No comments:

Post a Comment

gündəlikdə axtarış