"Ver sözə ehya ki, tutduqça səni xabi - əcəl,
Eylər hər saət səni ol uyğudan bidar söz"
Əruzun ağır bəhrlərindən birində yazılmış bu beyt Məhəmməd Füzuliyə məxsusdu. Bu aşağıdakı cümlə isə ona deyil, həvari Yühənnaya məxsusdur:"Başlanğıcda Söz var idi. Söz Tanrıylaydı və Söz Allahdı" (Yühənna 1:1).
Tərcümədə əruzun ahənginə malik olmasa da, qədim yunancada şer kimi axıcılığa və daxili ahəngə malik olan bu cümləni əsrlərcə sonra yazıb-yaradan Füzulinin beyti ilə məhz bu daxili ahəng birləşdirir. Lakin bu daxili ahəngi anlamaq üçün, sadəcə azəricəni və ya qədim yunancanı bilmək yetməz, əruzun fərqli bəhrlərində ahəngi sözə vuran oxunuş qaydalarıyla və qədim yunan mədəniyyətindəki ritorik vasitələrlə tanışlıq lazımdır. Bununla belə, həm bir azərinin, həm də bir yunanın Yuhənnadan və Füzulidən ən azından tərcümədə anlaya biləcəyi bir bağ var ortada: o da sözdür. Onların hər ikisi söz vasitəsilə sözdən bəhs edir. Tərcümə də elə sözdur. Sözü sözdə anlamaq universaldır.
Yühənna İsəviliyin hələ tam formalaşmadığı zamanlarda, yunan və ibrani mədəniyyətlərinin öpüşdüyü mədəni mühitdə yazıb bunu. Füzuli, İslamın allı-güllü çağlarında bu beyti ərsəyə gətirib. Hər ikisi sözdən danışır. Əsrlər, mədəniyyətlər onları ayırsa da onları bir araya Söz gətirir.
Söz həm İslamda, həm Məsihilikdə önəmlidir. Hər şey Sözün sözündən başlayıb və Sözə də dönəcəkdir. Qurani-Kərim öyrədir ki, Yaradan "Ol!" deməklə yaradılmışlığa rəvac verdi. "Ol!" Yaradanın ilk kəliməsidir. Bu ilk kəlimə, başqa sözlə Söz həm də yaradılışın, mövcudluğun doğuluşunu bildirir, onun başlanğıcı olur. Söz yaradılışı Rəbbə bağlayan bir vasitədir. Söz Yaradandan gəlir. Həmin bu söz bizə dünyanı öyrədər, sətiraltı mənaları anlamağa vadar edər, qanımızı coşdurar, biz sözlə, Füzuli demiş, əcəl yuxusu bizi tutanda bizi ayıldar.
Qurani Kərim Allah Kəlamı kimi bizi əcəl-qəflət yuxusudan ayıltmaq cəhdi deyilmidir? Həmin bu sözün arxasında yatan Söz, Sözdür. Söz İsa Məsihdir. O, başlanğıcda Tanrıyla idi, o həyatıyla, varlığıyla Tanrıya şəhadət verdi və bizi qəflət yuxusundan ayılmağa çağırdı. Rəbb dünyanı məhz bu Söz vasitəsilə - yəni Özü vasitəsiylə yaradıb. Rəbbin Özündən Sözünə bir hərf fərqi var. Rəbbin özündə, yəni onun varlığında, kökündə Sevgi var. Yaradan bizə Sevgi verib, Yaradan bizə Söz(ünü) verib. Onun verdiyi Sözə inanan və ona güvənən Söz saxlayan birisidir və Sözə inanıb, ümidli olduğundan dolayı, Tanrının Sözüylə yaşayan, Sevgiylə yaşamış olur.
Həvari Yuhənna öyrədir ki, Yaradan Sevgi(də)dir və sevdiyindən dolayı da oğlunu, Sözünü yəni Özündən bir parçasını bizə vermişdir. Məgər bizim sözümüz bizdən gəlmir və bizdən deyil? Elə isə niyə İsa Məsih - Rəbbin sözü, Rəbbdən gəlməsin və Rəbbdən olmasın, bir sözlə Rəbb olmasın? İsa Məsih vasitəsilə Yaradan ona gedən yolun elə onun özündən - Sevgidən - keçdiyini anlatmışdır bizə. İsa Məsih, Yaradanın sevgisi və Sözü xabi-əcəl yuxusundan bizləri ayıltmaq üçün gəldi. Sözə önəm, yəni ehya vermək özünə az-çox hörməti olan hər kəsin heç olmazsa, bir dəfə həyata keçirməli olduğu bir borcdur. Çünki Yaradan dünyanı Sevgiylə yaratdı. Yaradan dünyaya İsa Məsih vasitəsilə anlatdı ki, ona gələn yol Sözdən - Sevgi sözündən keçir, çünki Yaradanın zatında Sevgi var. Onun oğlu elə Sevginin özüdür və onun Oğlu Rəbbin özündəndir. Özdən Sözə bir addım fərq var. Sözə ehya verin, çünki başlanğıcda Söz var idi...
No comments:
Post a Comment