Teologiya indi qəzet və jurnallarda ara-sıra İslam haqqında yazan islam ilahiyyatçılarının işlətdiyi söz olsa da onu özünü - əgər teologiyanı özünün klassik şəklində başa düşsək - İslama bir qədər yad anlayışdır. Teologiya müasir dövrdə və bir qədər geniş olaraq Yaradan-insan-dünya, ruhilik haqqında söhbət və ümumiyyətlə emosional, psixi komponentləri olan məşğuliyyət, diskurs kimi başa düşülür. Bu mənada, teologiya bir çox dinlərdə, tam din olmayan fəlsəfi-ruhi sistemlərdə (Taoism, Buddizm və s) özünün ekvivalentinə malikdir. İslamda bunun ekvivalenti, yəni başqa sözlə geniş mənada teologiyanın qarşılığı, həmin funksiyanı yerinə yetirən sistem, İslam fiqhi və kəlamdır. Lakin klassik teologiyaya bənzər İslamda bir sistem yumşaq desək zəifdir.
Nədir klassik teologiya? Klassik teologiyaya işıq salmaq və onun yalnız bir parçasını, xüsusən də mərkəzi parçası olan sistematik teologiyanı anlamaq üçün biz gəlin teologiyanın klassik anlayışına nəzər yetirək. Bu, əlbəttə bütövlükdə klassik teologiyanın nə olduğunu açıqlamasa da bizə lazım olan istiqamətdə hərəkət etmək üçün bir yol göstərəcəkdir. Teologiyaya verilən və əhəmiyyətli hesab olunan əsas anlayış Kenterburili Anselmdən gəlir. Onun ifadəsinə görə teologiya başa düşməyə, anlamağa çalışan inancdır. Anlamağa çalışan inanc. İnanc nəyi anlamağa çalışa bilər, dini diskursda? Bir çox şeylərlə yanaşı, özünü, özünün üzərində bərqərar olduğu vəhyi, yazıları və s. anlamaq, başa düşmək və buna can atmaq əqli işdir. Teologiya əql və inanc arasında ilişkidir. Teologiya bu halda rasional üsullarla, inancı anlamağa çalışmaqdır. Məzh bu mənada, teologiya Qərbi Avropada ortaya çıxmışdır. O, vəhyi və dinin mənbələrini rasional üsullarla anlamağa cəhddir. Əql və əqlin vəhyi anlamaqda rolu Xristianlıqda xüsusi əhəmiyyətə malikdir.
Təbiidir ki, islamda da rasional üsullarla dini prinsipləri və müddəaları anlamaq cəhdləri olmuşdur və vardır. Bu cəhdləri konsentrasiya olunmuş substrat kimi axtarsaq, onların İslamdakı Kəlam elmində cəmləşdiyini görə bilərik. Bununla belə, Kəlam hər nə qədər İsəvilikdəki klassik Teologiya funksiyalarına bənzər şeyləri yerinə yetirsə də onlar tam eyni deyildir. Nəyə görə? Ona görə ki, İslamda Kəlam, xüsusən də Əl-Qəzalidən sonra, mənim bildiyimə görə, Allahın əqli vasitələrlə sübutuna çalışan bir sahə, elm kimi anlaşılmışdır. Bu əqlin daha dar və spesifik ortamda tətbiqidir.
Bundan başqa, İsəvilikdəki teologiyanı İslamdakı Kəlamdan fərqləndirən başqa xüsusiyyətlər də vardır. Bunlar aşağıdakılardır. 1. Sistemdə mövqe. Teologiya hər zaman latın Qərbinin İsəviliyində mərkəzi sahə rolunda olmuşdur. Bu həm də əqlin dini məsələləri və Yaradanın özünü anlamaq məsələsində mərkəzi rolu deməkdir. Bundan fərqli olaraq Kəlam heç zaman İslam bilgiləri sistemində mərkəzi rol oynamamışdır. Fiqh tarixən Kəlamdan daha əhəmiyyətli olmuşdur İslamda. Bundan başqa Yaradanı və onun təbiətini anlamaq üçün hədislər daha çox rol oynayır və ümumiyyətlə Yaradanın necəliyi haqqında spekulyasiya İslamda o qədər də təqdir olunan mövzu deyildir. 2. Əhatə olunan məsələlər dairəsi və əqlin metod olaraqdan əhəmiyyəti. Teologiyanın əsas metodu vəhy çərçivəsində əqli istifadə edərək dini inanc sistemini, Yaradanı, insanı və s. anlamağa çalışmaqdır. Son əsrdə isə ümumiyyətlə əqlin İsəvilikdə vəhyə bağlılığı bir qədər zəifləmişdir teologiya daxilində. Kəlamda Əl-Qəzaliyə qədər əqlin daha geniş tətbiqi baş versə də, Əl-Qəzalidən öncə də, ondan sonra isə daha güclü şəkildə Kəlam hədislərlə məhdudlaşdırılmışdır. Əqllə yanaşı İslamda inancın anlaşılmasında hədislər vardır və onlar daha çox rol oynayır. Kəlamın rolu Əl-Qəzalidən sonra Allahın varlığına əqli dəlillər yaratmaq və inanmayanları bu inancsızlıqdan çəkindirmək olmuşdur. Başqa sözlə, Kəlam apologetikaya – dinin müdafiəsi və sübutu haqqında biliyə müncər edilmişdir. Bundan başqa İsəvilikdə teologiya daha geniş fəlsəfi məsələləri öz içinə almışdır, İslamda isə Kəlam başlanğıcda Yaradan haqqında əqli-fəlsəfi mülahizələr yürütsə də, sonradan bu yanaşma zəifləmişdir və faktiki olaraq bitmişdir.
3. Əqli spekulyasinın sistemdə nəticəsi. Teologiya İsəvilikdə indiyə qədər də inancı dəyişdirir\gəlişdirir, onu vəhy çərçivəsində təkmilləşdidir. İslamda isə Kəlamın belə bir rolu yoxdur. Kəlam əqli spekulyasiyalardan (reasoning, speculation), əqllə yoğrulmuş inanc ortaya qoymur. Bütün bunlar məncə, teologiyanın və Kəlamın tam eyni olmadığını göstərir. Bu bloqda mən, teodüşündüyüm zaman məhz İsəvilikdə qəbul olunmuş teologiyadan bəhs edirəm və dini, fəlsəfi, sosial-siyasi məsələlərə də həmin mövqedən yanaşıram.
No comments:
Post a Comment