Əvvəla, ondan başlayaq ki, bir kitabı oxumaq onu elə-belə əlinə alıb, vərəqləmək və sadəcə oxumaq demək deyildir. Bir kitabı biz oxumağa başladığımızda bilincimizin altında yatan bir çox gözləntilərlə, fikirlərlə, özümüzə belə, tam aydın olmayan ideyalarla kitabı oxuyuruq. Başqa sözlə hər kəs oxuduğu kitaba özünə bəlli olub-olmamasından asılı olmayaraq müəyyən mövqeylə gəlir. Kitabı oxumağa başlamaq artıq mövqe deməkdir. Niyə bir kitabı oxuyursan? Dərs üçün? Boş vaxtını öldürmək üçün? Müəllifin düşüncə tərzinə lağ etmək üçün? Sətirlərə baxdıqca, xəyallarında nə canlanır?
Çağdaş elmi yanaşmada Bibliyanı oxumaq metodları ona hansı mövqedən yanaşmaq və onu hansı arşınla ölçməyə deyilir. Akademik yanaşma öz-özündən xəbərdar (self-aware) olan yanaşmaları içinə alır, yəni bu halda oxucu və ya araşdırmaçı kitaba hansı mövqedən, niyə, hansı vasitələrlə yanaşdığını bilr. Hər yanaşmada müxtəlif məsələlərə diqqət yetirilir. Hər yanaşmada məqsəd, məqsədə çatmaq üçün istifadə olunan vasitələr və nəticələr, o cümlədən araşdırmaçının-oxuyucunun mətnə gətirdiyi gözləntilər fərqlidir.
Bibliyanı da müxtəlif mövqelərdən oxumaq olar. Çağdaş qərb akademik mühitində Bibliyanı müxtəlif metodları tətbiq edərəkdən oxuyurlar. Başqa sözlə, müxtəlif mövqelərdən ona yanaşıb, onu həmin mövqenin mətnə gətirdiyi özəlliklərlə araşdırırlar. Bu cür mətnə yanaşmaların bir çox növləri var. Onların arasında ən əsasları və ya geniş yayılanları hal-hazırda aşağıdakılardır: 1. tarixi – tənqidi oxuma metodu. Bibliyanın öz yazıldığı dövrdəki oxuyucularına nə anlam verməsini önəmli hesab edir. 2. Sosial – elmi yanaşma metodu. Sosioloji və mədəni antropologiyanın metodları ilə Bibliyanın araşdırılmasını vurğulayır. Bibliya sosial-mədəni münasibətlər kontekstində öyrənilir.3. Feminist yanaşma. Qadın və qadınlıq, çağdaş feminist prinsipləri tədbiq edir. 4. Çarpaz – kültürəl oxuma. Bir başqa kültürəl mövqedən Bibliyanı oxuyub anlamağa çalışmaqdır. Məsələn, Bibliya bir yaponiyalı üçün nə anlam verir? Bir yaponla, bir nigeriyalı öz mədəni dünyagörüşləri baxımından Bibliyanı necə anlayırlar.5. Oxucuya cavab yanaşması. Bu yanaşmada əsas məqsəd mətnin oxucuya nə deməsi, anlatmasıdır. Başqa sözlə oxucunun subyektiv niyyəti və həmin niyyətlə bağlı mətnin ona nə verə bilməsi önə çəkilir.
No comments:
Post a Comment