Wednesday, August 26, 2009

Məsih inancında vəhy: səthi və ümumi məlumat

Vəhy İbrahim dinlərinin və Məsihilik inancının kökündə duran əsas anlayışlardandır. Məsih inancında vəhy anlayışı ilə yanaşı həm də ilham anlayışı fərqləndirilir. Vəhy İlahinin özünü bizə tanıtması, açması, anlatmasıdır. İlham, İlahidən, Müqəddəs Ruhdan və ya Allahdan təsirlənərək vəcdə gəlməni, qısacası İlahi vəhyini ifadə edəcək şəkildə təsirlənmə halını anladır. Yaradan peyğəmbərlərə vəhy etdiyi zaman, onlar Müqəddəs Ruhdan ilham alarmışlar. Bibliya vəhyin obyektidir, onun təzahür şəklidir, onun bir parçasıdır, lakin hamısı deyil. İlahi Bibliyadan kənarda da özünü insanlara tanıdır. İlahi haqqında Məsihiliyə görə həm Bibliyadan, həm də İlahinin yaratdıqlarına, özümüzə baxaraqdan, onları öyrənib, onları düşünərəkdən, hiss etməyə çalışaraqdan bilgi almaq və münasibətə girmək olar. Təbiət də İlahinin bir vəhyidir. Bu cür vəhyə təbii vəhy və ya ümumi vəhy deyilir.


Xüsusi vəhy Bibliyada anladılanları, Yaradanın özünü tarixdə açmasını içərir. Bibliyada Yaradan haqqında insana verilən bilgi ümumən təbiətdən alınması mümkün olmayan bilgidir. Məsələn, Müqəddəs Üçlük haqqında bilik təbiətdən alına bilməz. Bu ümumi deyil, xüsusi vəhydir. Ümumi vəhy, xüsusi vəhy olmadan tamamlanmamış, yarımçıq hesab edilə bilər.
Məsih inancı insan iradəsinin vəhyin oluşmasında iştirakını inkar etmir. Başqa sözlə, vəhy hər necəliyindən asılı olmayaraq insan tərəfindən, insanın şərhindən keçərək qavranılır və insan iradəsi, dolayı ya düzünə vəhydə iştirak edir. Vəhy insanların yaşadığı dünyada, insanlar üçün verildiyindən o insanın ətraf dünyanı qavraması imkanları daxilində anlaşıla bilər və buna görə də vəhy yarandığı andan insaniləşir.
Bibliya müqəddəs kitab olaraq göydən düşməyib. Onun müqəddəs olması, onun tarixdən kənarda cənnətdə olması və ordan da nöqtə-vergülüylə birlikdə yerə gəlməsi demək deyil. Bibliya insanlar tərəfindən yazılıb və onu yazan müəlliflərin əl izlərini, dünyagörüşünü özündə əks etdirir. Bununla yanaşı, bütün bu Bibləvi yazılarda İlahi haqqında bilgi, Yaradanla yaradılmış arasındakı münasibətlərin ana prinsipləri, düzünə və ya dolayı bu və ya digər hadisələrlə bağlı əks olunmuşdur və Bibliya Müqəddəs Ruhun bələdçiliyi ilə, onun insanları ilhamlandırması nəticəsində ortaya çıxmışdır. Odur ki, Bibliya yalnız insanların deyil, həm Müqəddəs Ruhun belə demək mümkünsə əl işidir. Lakin bu Bibliyanı yazan insanları katibə, diktə ediləni yazan şəxs mövqeyinə düşürmür. İlahinin istəyi və bizə anlatmaq istədikləri həmin yazarların Bibliyanı yazması ilə ziddiyyət törətmir. Bibliyanın oluşmasında həm İlahi başlabğıc, həm də insani başlanğıc iştirak etmişdir. Vəhy ideyası belə bir inanca dayanır ki, insanın İlahini tanıması üçün ondan gələn bilgiyə ehtiyacı var. Ona görə ki, İlahini yalnız İlahi bilər və öz-özlüyündə insan bir yerə qədər Rəbb haqqında bilgi əldə edə bilsə də bir dönəmdən, mərhələdən, andan sonra İlahinin vəhyinə, yəni onun özünü anlatmasına, açmasına ehtiyac yaranır.
Beləliklə, bu məlumatdan belə bir fikrə varmaq olar ki, İsəvilikdə vəhy ideyası vardır, bu ideya İlahinin özünü bizə tanıtması haqqında insanın varlıq kimi məhdudiyyətlərinə və bu məhdudiyyətlərin aşılmaz olmasına dayanır. Vəhy ideyası insan iradəsini və onun vəhyə qatqısını inkar etmir.

No comments:

Post a Comment

gündəlikdə axtarış