Bibliya əslində göründüyü qədər də “məsum” kitab deyil. Yəni onun yalnız sevgidən, xoş niyyətdən bəhs etdiyini düşünürsəniz, o zaman yanılırsınız. Bibliyadakı bəzi müddəalar, ideyalar, cümlələr adamın az qalır başındakı tükləri biz-biz etsin özünün qəribəliyi, gözlənilməzliyi hətta qəddarlığı ilə. Məsələn, Yeşu kitabına görə Allah yəhudilərə girdikləri şəhər və kəndlərdə qoca-uşaq demədən hamısını öldürməyi əmr edir. Başqa bir kitabda isə açıq-aşkar seksual notlar – hisslər, metaforlar – vardır: öpüşdən tutmuş yatağa qədər. Bir kitabda əməlisaleh yaşamanın önəmindən bəhs edilir. Başqa bir kitabda isə həyatda hər şeyin faniliyi və ötəriliyi çox poetik şəkildə gözlər önünə sərilir. Əhdi Ətiq kitablarına nəzər salsanız Musaya verilən qanunun və ya İslam təbirincə desək, şəriətin (bu halda yəhudilərin halaqa dediyi qaydalar məcmusu) çox önəmli olması iddia edilir. Halbuki, həvari Paulosun məktublarında Qanunun önəmi fərqli şəkillərdə azaldılır və ümumiyyətlə Musanın Qanununun boyunduruğundan azad olmaq ideyası əsaslandırılır. İlk baxışda Bibliya biri-birinə ziddi ideyalardan ortaya çıxmış bir yığmaya bənzəyir. Lakin bir isəvi üçün bu doğrudandamı belədir?
Bu yazımda Bibliyaya bir isəvi kimi və ya ümumiyyətlə İlahiyə sayğı duyan birisi kimi, yəni İlahinin mövcudluğuna inanan və onun Bibliyadakı ideyalar vasitəsilə də bizə özünü aça biləcəyini qəbul edən insan kimi necə yanaşmaq gərəkdiyindən bəhs edəcəyik. Bibliya müəyyən ümumi mövzu(lar), prinsiplər ətrafında birləşən və ya dini ənənə əsasında bir ana rakursdan oxunan kitabların toplusudur. Bu kitab mövzu, ənənə və şərhə dayanan daxili vəhdətə malikdir. Təbiidir ki, bu vəhdətin oluşmasında və qəbulunda inancın da rolu var. Bu kitabların demək olar ki, hamısı İlahi-insan münasibətlərinə həsr olunub. Bəzi kitablar birbaşa bu mövzuya həsr olunmasa da belə, kilisə tarixində onları məhz bu münasibətlər rakursundan oxuyub anlamışlar. Başqa sözlə, qəbul etmişlər ki, Müqəddəs Ruh insanlara dolayı yollardan da İlahi-insan münasibətlərini anlada bilər. Bundan başqa Bibliya İlahinin insanlara tarix boyu müxtəlif dövrlərdəki müraciətini və insanların həmin bu müraciəti qavrama, ifadə etmə və nəsildən nəsilə ötürməsini əks etdirir. Bu o deməkdir ki, Bibliyadakı çoxsaylı kitablar paralel ortaya çıxmayıb. Onlar tarixin müxtəlif dövrlərində yazılıblar və bu mənada onların bəzilərini biri-birindən ən az 4-5 yüzillik zaman ayırır. Lakin bu həmin kitabların bəzilərinin paralel yazıldığını və ya çox yaxın dövrlərdə yazıldığını da inkar etmir. Bibliyada tarixilik var, yəni bu kitab tarixdən kənar deyil və özünün tarixdən kənar qeyd-şərtsiz bütün detallarına qədər bütün zamanlara və bütün şəxslərə tətbiq oluna biləcəyini iddia etmir. Bibliya həyatı bütün mürəkkəbliyi ilə əks etdirir. Orda siz həm ana prinsiplərdən, həm detallardan, indiyə qədər də tətbiqi mümkün olan, eləcə də artıq kimsənin anlamaycağı tətbiqi qeyri-mümkün müddəalara rast gələ bilərsiniz. Bundan başqa bu kitab cənnətdən guppultu ilə düşməyib. Onu yazanların əl izləri, şəxsiyyəti, dövrü, hiss və həyəcanları həmin bilgilərdən, tarix hadisələrindən bizə boylanır. Bibliya İlahi iradəsi ilə insan iradəsinin öpüşməsindən ortaya çıxmışdır və İlahini tanımağa çalışan insanın təbiətindəki məhdudluğu, naqisliyi də əks etdirir. İnsan üçün yazılan və insan üçün mövcud olan hər şey insan varlığının məhdudluğunu göstərir və Bibliya bundan xali deyil. Əksinə, bütün bunlar onu daha da insaniləşdirir, bəşəriləşdirir. Qısaca deyilənləri belə yekunlaşdırmaq olar ki, Bibliya inanca, ənənəyə, gerçəkliyə dayanan mövzü ümumiliyinə və buna görə də daxili vəhdətə malikdir. Bu vəhdət onun bütün kitablarını biri-birilə əlaqədə oxumağa əsas verir. Bu vəhdət həm də ona özünəməxsus dini rakursdan İlahi-insan münasibətlərini anladan kitab kimi yanaşmağa əsas verir.
No comments:
Post a Comment