Wednesday, August 26, 2009

Bibliyanın mürəkkəbliyi və İsəvi teologiyasında ana şərh prinsipi - 2

Bibliyanı oxumanın və anlamanın bir məsihi üçün ana prinsipi elə Bibliyanın özündə əksini tapmışdır.
Həmin prinsip bu kitabın dini nöqteyi-nəzərdən bir isəvi tərəfindən şərhinin əsasını təşkil edir. Bibliyaya görə, bütün İlahi yazılar və bütün peyğəmbərlərin gətirdiyi təlimlər son nəticədə iki ana prinsipə, nəsihətə xidmət edir və bütün müqəddəs yazılar həmin bu iki nəsihətin işığında şərh edilməlidir. Bu prinsip isə qısacası “İlahini sev və qonşunu sev” şəklindədir. Qonşu bu halda yenə də Bibliyanın özünün, daha doğrusu İncildə İsa Məsihin özünün şərhinə görə potensial olaraq ən azından yardıma ehtiyacı olan hər kəsdir və ya ətrafdakı hər şəxsdir. İsa Məsihin məşhur “Dağda vəəz” adlanan moizəsi isə bu anlayışı daha da genişləndirir və düşməni belə sevilməlilər sırasına aid edir. İncilə görə bunun dərində yatan səbəbləri var. Sevgi, daha doğrusu təmənnasız, fədakar sevgi İlahinin özünə aid ən önəmli keyfiyyətlərdəndir. İlahinin cövhərində İlahi Sevgi var. Bu əlbəttə ki, onun insanları cəzalandırma haqqını əlindən almır və Yaradanı hər kəsi sevir deyə, heç kimsəni cəzalandırmayacaq, üzüyola, hər kəsin istədiyini hər zaman və şəxsin istədiyi şəkildə edəcək Allaha çevirmir. Bu sadəcə İlahinin sevgisinin, bağışlama gücünün, mərhəmətinin, Lütfünün və şəfqətinin onun qəzəbindən və qisasından daha üstün olduğuna və İlahinin insanlar və yaradılışla münasibətlərdə qəzəbi, cəzanı istisna etməsə də belə, sevgi və bağışlamanı, mərhəməti daha üstün tutması anlamına gəlir. İlahi məhz sevgisindən dolayı insanları əfv edər və cəzalandırmaqda yavaş, qullarının naqisliyinə qarşı səbrli, sevgidə və bağışlamaqda isə cəlddir. Bu baxımdan, sözügedən prinsip hətta o qədər önəmlidir ki, Avqustin “Xristian təlimi” kitabının birinci fəslində Müqəddəs Yazıları oxuyub İlahini və qonşunu sevmək qabiliyyətini gəlişdirməyi öyrənməyən birisinin kitabı anlamadığını yazır.
Beləliklə, Bibliyanı bütün mürəkkəbliyiylə oxuyub ordakı ilahi izlərini tapmaqdan ötrü onu sevgiylə oxumaq, ordan Yaradanı və yaradılışı sevməyi öyrənməyə çalışmaq (bu başqa məsələləri öyrənməyi istisna etmir), onu sevgi əsasında şərh etmək, onu təməl nəsihətlərin işığında anlamaq, hiss etmək gərəkdir. Bu Bibliyanı bir məsihi kimi oxumanın əsas şərtidir. Bu həm də o deməkdir ki, Bibliyanı xristiantək oxuyub anlamaq sadəcə kitabı oxumaq deyil, həm də ona necə yanaşmaq, onu hansı mövqedən durub anlamağa çalışmaq məsələsidir. Bu əlbəttə, Bibliyaya bir isəvi kimi necə yanaşmaqla bağlı hər suala cavab vermir. Ancaq geniş mənada yol göstərməyə yardım edir
.

No comments:

Post a Comment

gündəlikdə axtarış