Bu Söz ilğımı Məsih İnancında önəmli yer tutan çörəkkəsmə ayininə həsr olunub. Bu ayinlərə bir sıra dillərdə sakrament deyilir. Öz dilimizdə bu qavramı (sacrament - ayin?) dolğun ifadə edəcək sözü hələ ki tapa bilməmişəm.
“Səninlə çörək kəsmişik, oturub yeyib-içmişik” dedi o. “Mən çörəyi dizinin üstündə olanlardan, dostun üzünə gülüb, sonra arxanca danışanlardan deyiləm” dedi o. Baxdım ona, düşündüm, çatdırımmı bu işi sona söyərək, döyərək, döyülərək, qışqırıb-bağıraraq o mənə, mən də ona elə hey acıqlanaraq and içərək, biri-birimizin yeddi arxa dönənini, cəddini, yaşayanını, ölənini bir araya yığıb nə edim? Yalan-gerçəyi bəlli olmayan bu dostum bilmir ki, Mən ondan öncə, Məsihlə - Allahın bizə gəlmiş Sözüylə və Rəbbin Özüylə çörək kəsmişəm. Min illər bundan öncə, İsa Məsihin çarmıxa gəriləcəyi, Sözünün mənim kimi bəşər övladlarını azad edəcəyi həmin gün, həvarilərlə İsanın Süfrəsində mən də vardım. İsa mənim də ayaqlarımı yudu, quruladı. Çörəyini yedirdi mənə və şərabıyla suladı. Və Məndən Söz aldı: ki onun adına insanları əfv etməyi, təvazökarlıqda yetişməyi, başqalarını sevməyi və sevdirməyi, xoş niyyətlə ömür sürməyi, Rəbbin Məbədlərinə - İnsana hörmət etməyi, acı çəkməyi və yaşamı bölüşməyi öyrənəcəm. Mən də çörəyi dizinin üstündə olanlardan olmaq istəmirəm. “Olsun, dostum” - dedim ona - sən söylədin mən inandım”. Qürurumu heçə sandım Məsihin xətrinə Və onda olan Ruhun naminə. “Ustadına kəc baxanın gözlərinə ağ gələr” – xatırlatdım özümə. Onunla sağollaşıb ayrıldım. İçimdə ovulmuş qürurum, mənliyimin tufanında toz-torpaqtək havaya sovrulurdu... . Həmin gecə, Məsihi gördüm yuxuda. Üzündə təbəssüm gülümsəyirdi. Mənə əl eləyirdi. Əlində bir tikə çörək. “Al, təzələ Ruhunu” – duydum onun səsini...
No comments:
Post a Comment