Wednesday, August 26, 2009

Kəlmeyi-şəhadətin məsihicəsi: Nikea İmannaməsi

Əziz dostlar, aşağıdakı mətn qısacası və ümumi şəkildə, bir beş-altı şərt qoşaraqdan Məsih İnancının kəlmeyi – şəhadəti kimi anlaşıla bilər. Nikea bəzən də Nikea-Konstantinopol (İstanbul) imannaməsi olaraq bilinir. İmannamə sözü belə demək mümkünsə kilisə üzvlərindən/nümayəndələrindən ibarət qrupun birlikdə qəbul etdiyi formallaşadırılmış, inancın bu və ya digər tərəfini, elementini, özəlliyini ifadə edən təlimin bəyanı şəklinə deyilir. Nikea imannaməsi bizim eranın 325-ci ilində qəbul olunmuşdur və daha öncələri şərqdəki kilisələrdən birinin istifadə etdiyi katexizisə – yəni məsihçiliyi yeni qəbul etmişlərin öyrədilməsi, təlimatlandırılması prosesi və bilgisinə – dayanır (“Həvarilərin imannaməsi”).

Nikea imannaməsi Məsih inancının kökünü yığcam şəkildə və ümumi olaraqdan ifadə edir. Bununla belə nəzərə alın ki, Nikea imannaməsi öz dövrünün ehtiyaclarına və problemlərinə uyğun yaradılmışdır. Bu imannamə həmin dövrün yayğın bidətçilik hərəkatlarını qarşı verilən cavab kimi hazırlanmışdır. Dünyanın hər yerində kilisələrin böyük əksəriyyəti bunu imanın formal ifadəsi kimi qəbul edirlər. Buna bəzən inancın simvolu da deyilir.Mətni orijinal yunancasından tərcümə etmişəm və bildyim başqa dillərdəki tərcümələrlə tutuşdurmuşam. Yunancada mətn şeiriyyətə malikdir və bir şeir kimi oxunula bilər. İmannamənin həm şeiriyyətini, həm qrammatik xüsusiyyətlərini saxlamaqla bacardığım qədər hərfi tərcümə etməyə çalışmışam və bu çətinliklər məni bəzi yerlərdə ya hərfi tərcüməni mətnin poetikasına, ya da əksinə güzəştə getməyə məcbur edib. Bundan başqa: Nikea bəyannaməsində işlənilən bir sıra sözlər teoloji-texniki mənaya malikdir və onlar xristianlığın tarixində uzun və ziddiyyətli şərh olunmuşdur. Həmin teoloji texniki mənanı, Azərbaycan dilində xristian teoloji terminlərinin yerli-dibli olmamasını da nəzərə almağa çalışmışam. Nəticəsi sizə qəribə gələn söz birləşmələri və sözlərin ortaya çıxması olub. Odur ki, tərcümə bir az qəribə gələ bilər.Ola bilsin ki, bu Nikea imannaməsinin ana dilimizə ilk peşəkar və teoloji tərcüməsidir. İmannamənin üçüncü abzasında “və Oğuldan” sözü mötərizəyə alınmışdır. Bu o deməkdir ki, həmin sözün imannamə üçün məcburi və normativ əhəmiyyəti yoxdur. Bir Xristianın onu qəbul edib-etməməsi önəmli deyil.
Nəsə, oxuyun və düşünün. Suallarınız olsa, soruşun.

Biz
Bir Allah - Ataya, hər şeyi Bacarana, yeri və göyü, bütün görülənləri və görülməzləri Yaradana inanırıq.
Və bir Rəbbə - İsa Məsihə, Allahın Oğlu, təkcətörəməyə, əzəldən Atadan törəmişə; İşıqdan ışıq, gerçək Allahdan törəmiş gerçək Allah - O yaradılmamışa, törəmişə, Atayla eynicövhərliyə inanırıq. Hər şey ondan dünyaya gəlmişdir. Biz insanlar üçün və bizim xilasımız üçün göydən endi və bəşəriləşdi Müqəddəs Ruhdan və Bakirə Məryəmdən, və insaniləşdi. Xaça gərildi bizim üçün Pontius Pilatın zamanında, əzabla öldü və gömüldü. Və dirildi üçüncü gün Yazılara uyğun olaraq. O cənnətə yüksəldi və Atanın sağında oturur. O yenidən əzəmətilə gələcək, ölüləri və diriləri saf-çürük edəcək və onun şahənşahlığı son görməyəcək.
Və Müqəddəs, Rəbb, Yaşamverən Ruha, Atadan (və Oğuldan) qaynaqlanana, Ata və Oğulla birlikdə ibadət və həmd olunana, Peyğmbərlər vasitəsilə danışmışa inanırıq.
Və bir müqəddəs, ümumbəşəri, həvari mənşəli Kilisəyə inanırıq.
Günahların bağışlanması üçün bir vəftiz tanıyırıq.
Ölülərin dirilişini və tükənməz yaşamın gəlişini gözləyirik.
Amin!

No comments:

Post a Comment

gündəlikdə axtarış