Tuesday, August 25, 2009

Allahla Söhbət

Əziz dostlar, dua İbrahim ənənəsindən qaynaqlanan bütün dinlərdə (Musəvilik, İsəvilik, İslam) və bir çox başqa dinlərdə çox önəmli anlayış bir sıra hallarda isə həm də ritualdır. İsəvilikdə dua Yaradanla insan arasında əlaqə şəkli hesab olunur. Dua bizim inancımızda kifayət qədər sərbəst həyata keçirilir. Üzünüzü istədiyiniz tərəfə tuta bilərsiniz, istəsəniz oturun, istəsəniz gəzişin. Oxumaq, rəqs etmək hamısı duaya əlavə edilə bilər, yetər ki, içinizdən gəlsin. Hər hansı başqa dildə duaya ehtiyac yoxdur, hərçənd ki buna da yol verilir. Allah sizin duanızı axşam saat 9-da, ya səhər saat 6-da etmənizə diqqət etməz bizə görə, önəmli olan içinizdən gəldiyi vaxt dua etmənizdir. Ürəyinizdən keçirsə müntəzəm dua vaxtları da özünüz üçün müəyyən edə bilərsiniz. Dua üçün əl-üzünüzü yumağa və s. rituala ehtiyac yoxdur, ancaq arzulayırsınızsa, bu da qadağan deyil. Bəs elə isə duanın şərtləri varmı Məsihilikdə? Ən önəmli şərt duanın ürəkdən gəlməsi, yəni həqiqi olması və təvazökarlıqla edilməsidir. Başqalarına göstərmək məqsədilə və ya gözə girmək niyyətilə dua etməyi İsa Məsih məzəmmət etmişdir.Başqaları üçün dua etmək, bağışlanmaq və bağışlamaq üçün dua etmək təqdir olunur. Düşmən üçün, onun bağışlanması, doğru yola gəlməsi üçün dua etmək həvəsləndirilir. Dua Allahla intim yəni şəxsi-dərin münasibətə girmək cəhdidir. Dualarınızda Allaha “Atacan!” demək yolveriləndir və təqdir olunur. İsa Məsih gizlində və ya təklikdə edilən duaları təqdir edirdi, bununla belə qrupla, kollektiv edilən duaların əleyhinə olmamışdır. Biri-biriniz üçün dua edin. Əgər məni özünüz və ya biriləri üçün dua etməyə layiq hesab edirsinizsə və bunu istərdinizsə, yazın. Məmnuniyyətlə dualarınıza qoşularam.

No comments:

Post a Comment

gündəlikdə axtarış