Bu günlərdə forumların və ya saytların birində oxudum ki, Nəriman Qasımoğlunun Quranı azəricəyə poetik tərcüməsi Azərbaycanda onun üçün bəzi problemlər yaradıb. Quranın özünəməxsus şəkildə tərcüməsini etmiş bu adamın etdiyinə verilən reaksiyanı, Amerikada sayı-hesabı bəlli olmayan Bibliya tərcümələrinə qarşı insanların sakit və heç nə olmayıbmış kimi reaksiyası ilə qarşılaşdırdığım zaman təəccübləndim. İngilis dilində Bibliyanın ondan çox tərcüməsi mövcuddur. Onları oxuduğumuz zaman sual yaranır ki, bu cür çoxsaylı, müxtəlif tərcümələr lazımdırmı və ümumiyyətlə bir mətni dəfələrlə, fərqli şəkildə tərcümə etmənin anlamı nədir? İcazənizlə bu barədə düşündüklərimi köhnə təbirlə desək, izhar edim. Söhbət burda bir mətnin bir neçə şəkildə, paralel, müxtəlif tərcümələrinin mövcudluğundan və bunun nəticələrindən gedir. Mən inanıram ki, Quranın dilimizə - yalnız Quranın deyil, başqa müqəddəs kitabların da - müxtəlif paralel tərcümələri vacibdir və bunun müsbət nəticəsi, mənfi nəticələrindən daha çoxdur.
Tərcümələr, hətta tam hərfi tərcümələr belə, bir qayda olaraq bir dildəki mənanın başqa dildə yüz faiz ifadəsi olmur. Heç bir dildən başqa dilə yüz faiz eyni olan, heç fərqlənməyən tərcümələr mövcud deyil. Bütün tərcümələr bu və ya digər aspektlərdə biri-digərindən fərqlənir. Bunu müdəqqəs kitaba tətbiq etdikdə bu o deməkdir ki, bir cümləni bir neçə şəkildə tərcümə etmək olar, çünki bir qayda olaraq sözlər, cümlələr fərqli məna yükünə malik olur və hər bir sözün başqa dilə yolverilən mənna həddi daxilində bir neçə söz vasitəsilə tərcümə olunması mümkündür. Müqəddəs kitabların bu cür tərcümələri nə verə bilər bizə? Bu cür müxtəlif tərcümələr bizə müqəddəs kitablardakı mənaların tam açılması, onların tam və ya dolğun şəkildə, aşkara çıxarılmasına fürsət verir. Deyək ki, Əski Ətiqdə çox-çox işlənən "şalom" sözü dilimizdə bir tərcümədə sülh, əmin-amanlıq, başqa tərcümədə isə salamatçılıq, üçüncü tərcümədə isə varlılıq, salam kimi tərcümə oluna bilər. Bu mənaların hamısı "şalom" sözündə ifadə olunur və bir sözün mümkün mənalarını açmaq üçün başqa dilə, tərcümə olunan dilin imkanlarını istifadə edərəkdən müxtəlif variantlarda tərcümə edilməsi həmin sözün - bu halda "şalom"un mənalarını açıqlayır. Bütöv cümlələrə tətbiq etdiyimizdə, teoloji şərhləri, konteksti, və s. bilgiləri göz önündə bulundurub müqəddəs kitabları çoxvariantlı (müxtəlif) tərcümə etdiyimiz zaman bu, ilhamverici nəticələrə yol açır. Bibliyanın ingiliscədəki müxtəlif tərcümələri məhz bunun nəticəsidir və kitabın harda, nəyi, necə vurğulamasını, onun məna zənginliyini anlamaqda bizə yardım edir. Bu müxtəlif tərcüməlilik həm də müqəddəs kitabla dövr arasındakı zaman fərqindən qaynaqlanan mədəni mühit gərginliyinin azaldılmasına yardım edir, çünki müxtəlif çoxsaylı tərcümələrin bolluğu, onların arasında zamana mənaca daha yaxın, uyğun olanını aşkarlama imkanını da artırır. Unutmayaq ki, əsrlərlə bundan öncə insanlığa verilmiş ilahi kitabların tərcüməsi sadəcə mədəniyyətlər arasında deyil, həm də zamanlar arasında körpü kimi çıxış edir.Amma...bunun - dini kitabların müxtəlif variantlı tərcümələrinin - müsəlmanlar üçün istəmədikləri, hələ hazır olmadıqları nəticələri də ola bilər. Avropada və Amerikada müxtəlif tərcüməlilik bir qayda olaraq problem törətmir, çünki burda insanlar buna alışıblar. Bununla yanaşı, hətta dini müxtəlifliyin və dinlə sərbəst rəftarın qəbul olunduğu bu ölkələrdə belə ara-sıra müxtəlif tərcümələr bəzi dairələrdə (əsasən fundamentalistlərdə) problem çıxara bilir. İş o yerə gəlib çıxıb ki, hətta bəzi kilisələrdə yalnız bir tərcüməyə üstünlük verilir, başqaları isə rədd olunur. Məsələn, fundamentalist protestant kilisələri King James-in tərciməsindən, liberal kilisələr isə əslində tərcümə-parafraz olan “İsmarış” (bu kitab Bibliyanın çağdaş ingiliscəyə parafrazlanmış və tam olaraq amerikanlaşdırılmış tərcüməsidir) kitabından istifadə edir. Buna səbəb tərcümələrin teoloji təlimlərə və simvolara gətirdiyi və ənənəvi mənandan kənarda qalan yeni mənaların və s. bu kimi önəmli elementlərin olmasıdır. Məsələ burasındadır ki, bir müqəddəs kitabın fərqli tərcümələri teoloji nöqteyi-nəzərdən ağrılı ola bilər. Hər şeydən öncə, eyni bir mətnin fərqli tərcümələri kitabın mənasına fərqli oxunmalar, anlamalar daxil edir və bir yerə qədər vahid semantik məkanın, strukturun yekcinsliyini zəiflədir. Bu semantik məkan, struktur yekcinsliyi isə öz növbəsində insanların teoloji inanclarına, onların vəhyi, müqəddəs kitabı necə anlamalarına təsir edir. Nəticəsini yəqin ki təsəvvür edə bilərsiniz: daha da müxtəlif, fərqli şərhlər inancın müxtəlif məsələlərində fərqlərə yol açır və insanların inanclarını daha da fraqmentarlaşdırma, mozaikləşdirə bilir. Bu imkanların hansı seçilməlidir gələcək üçün? Ümumiyyətlə müxtəlif tərcüməliliyə necə reaksiya verilməlidir? Hansı imkanın seçilməsindən asılı olmayaraq cəmiyyət bir şeyləri əldə edir və bir şeyləri itirir. Bax bu müsəlmanların cavab verməli olduğu sualdır. Başqa sözlə deyilsə, müxtəlif tərcüməliliyin qəbul olunması sadəcə texniki-tərcümə, sənət söhbəti deyil, həm də teoloji məsələdir (mən hələ müəllif yanaşmasından, bacarığından, teoloji qiymətləndirmədən bəhs etmirəm!).Mənə elə gəlir ki, müsəlmanlar istəsələr də, istəməsələrdə Quranın müxtəlif tərcüməliliyini qəbul etməli olacaqlar. Əvvəla ona görə ki, Quranı hər kəs tərcümə edə bilər, yalnız müsəlmanlar deyil. İkincisi ona görə ki, yavaş-yavaş müsəlman ölkələrində gəlişən sekulyarizm sonunda Qərbin başına gətirdiyini onların da başına gətirəcək: din şəxsi seçim, şəxsi həyatın bir parçasına çevrilib içtimai həyatda ciddi şəkildə məhdudlaşdırılacaq və bunun da nəticəsində müxəlit tərcüməlilik daha da rahat, az problemli və gözlənilən olacaq, çünki Quranı yalnız dini deyil, həm də sırf dünyəvi nöqteyi-nəzərdən öyrənən mütəxəssislər yetişəcək. Onların isə ağzını bağlamaq heç kimə qismət olmayacaq. Üçüncüsü, belə tərcümələr insanların inanclarından da qaynaqlancaq, başqa sözlə müəllif niyyəti, məqsədi, teoloji inancı tərcümələri müxtəlifləşdirəcək və hərfi tərcümə getdikcə texniki məqsədli olacaq. Bunun islam dünyasına gətirəcəyi dəyişiklikləri təsəvvür edirəm mən. İnsanların islami inanclarında ciddi dəyişikliklər baş verə bilər. Müsəlmanlar ərəbcəni ibadət dili olaraq istifadə etsələr də hər kəs ərəbcə düşünmür və ərəbcə inanmır. Tərcümələr sözsüz ki, müxtəlifliyi gücləndirəcək. İslamda bu müxtəliflik Xristianlıqda olduğundan daha ağrılı ola bilər və buna səbəb İslamdakı vəhy təlimidir. İslama üçün Quran, Allahın vəhyi kimi cənnətdən enmiş, olduğu kimi insanlara çatdırılmış və rəsmi təlimə görə formalaşmasında, yaranmasında insan iradəsinin, əqlinin, dilinin heç iştirak etmədiyi və ya çox ama çox az iştirak etdiyi bir vəhydir, kitabdır. Başqa sözlə, Quran qeybdə necədirsə, o şəkildə bizə nazil olmuşdur və bu da Quranı vəhy olaraqdan daha hərfi başa düşməyə, olduğu kimi qəbul etməyə səbəb olur. Buna görə də, Quranın hərfi tərcüməsindən az-çox uzaqlaşan tərcümələr teoloji problemlər çıxaracaq, çünki bu zaman vəhyin autentik anlaşılmasının necəliyi problemi daha kəskinləşir.Xristianlıqda bu problem o müxtəlif səbəblərdən qədər də teoloji əzab (yəni teoloji və inancla bağlı emosional, hissi yaşanılan çətinliklər) törətmir.Nəsə...müsəlman qardaş və bacılara bu çətinliklərin öhdəsindən gəlməkdə uğurlar...
No comments:
Post a Comment