Aşağıdakı qəzəl Məsih inancının bir sıra qavramlarını şerin dili ilə ifadə etməyə çalışır. Onu zahirən anlamaq üçün Məsih inancını bilmənizə ehtiyac yoxdur, lakin onun daxilindəki yanğını görmək üçün Məsih inancının heç olmazsa bəzi anlayışlarını bilməniz sizə yardım edərdi. Bir növ tapmacaya bənzədirəm bu qəzəli. Cavabını Əhdi Cədid kitablarında taparsınız, əgər vaxtınız və həvəsiniz dərinə getməyə dəvət edirsə sizi. Ancaq məndən bir ipucu. Məsələn, mey xanəsi, yəni mey içilən ev, xanə, öz mövcudluğuna qan badəsinin dolduğu yerdə son verir. Qan badəsi İsa Məsihin həvariləri ilə birgə son yeməyinə və həmin yemək zamanı da şərab badəsini doldurub, onu öz qanıyla yoğrulmuş Yeni Əhdə bənzətməsini anladır. Şərab evi – meyxanə, həmin şərabın, qana döndüyü yerdə və badədə, Yerusalimdə və İsa Məsihin öz qanına bənzətdiyi şərab badəsində Yeni Əhdi gətirdiyi zaman yerə çökür, xərabata çevrilir. Niyə? Bunu siz tapın.Və ya başqa misal: Məsihin bizim hər birimizdə parəsi var, çünki biz Məsih yolunda olanlar ondan öyrənir, onun yoluyla getməyə can atırıq. Biz Məsih düşüncəsində beynimizi bu dünyanın eqoizmindən, mənafebazlığından, çirk və pasından yumağa çalışırıq. Məsihin məndə olması mənim Özümü Məsihdə əritmir yox etmir, çünki mən həm Özümdən, həm də Məsihdən xəbərdaram. Mən və Məsih iki varlığıq. Lakin mən Rəbbin Ruhunu da istəyirəm. Onun gəlişiylə bizim varlıq dövrəmiz qapanır, biz Rəbbi yaşayırıq, biz Üçləşirik. Və bu üçləşmədə biz BİRləşirik, çünki biz əzəldən birik. Bu birliyə, təkliyə ayılmaq lazımdır. Gerisini özünüz yozun.
Hardasan canım, gözüm, qeylü-qalım hardasan?
Hardasan qanım, özüm, adü-sanım hardasan?
Günəşin haləsi nə ki? Səndən gələn atəşə bax!
Hardasan ahım, sözüm, Şahənşahım hardasan?!
Məsihin parəsi məndə, Nəfəsin ver, bir Üç olaq,
Hardasan yarım, ünüm, xanümanım hardasan?!
İnancın didəsi kor oldu, Logosun işığından
Hardasan tacım, şövqüm, əql ümmanım hardasan?!
Mey xanəsi çökdü yerə, qan badəsi dolan yerdə
Hardasan xaçım, şükrüm, tək gümanım hardasan?!
Ay Məsihi, naləsi ərşə gedər Bəşərinin: “Ta O gəlsin!
Hardasan (İns)anım, ömrüm, Pərvədigarım hardasan”?!
No comments:
Post a Comment