Monday, August 24, 2009

Şərti şumda kəsək, xırmanda davamız olmasın

Burda yazılanlar bloqla bağlı mümkün suallara, bəzi məsələlərə - həm də qismən - aydınlıq gətirəcəkdir.Bunu da qeyd etməyi özümə borc bilirəm ki, burda yazılanlar həm də məndən və başqalarından bloqda gözlənilən davranış prinsiplərini öz içinə alır. Bizim hər birimiz istəsək də istəməsək də müxtəlif qaydalara tabe olur və onları şərh edib yaşamaqla, riayət etdiyimiz seçimlərimizlə öz kimliyimizdən bir parçanı ortaya qoymuş oluruq. Bu səbəbdən burdakı qaydalar sadəcə mənim uydurmalarım kimi görülməməlidir. Onlar mənim başqalarına münasibətdə bu bloqdakı məsələlərlə ilgili əsas götürdüyüm və başqalarından da normal, öyrədici, və ruhən zənginləşdirici dialoqlar üçün gözlədiyim, daim yaşamağa çalışdığım qaydalardır.
Kimlik:Bloqu oxuyub kimliyimi bilmək istəyənlər yəqin ki olacaqdır. Buna belə cavab verə bilərəm:Bir insan olaraqdan mənim üçün etnik, coğrafi, dövləti kimlik yalnız insani kimliyimdən sonra önəmlidir. Mən öncə Yaradanın yaratdığı bir insan, Məsihə inanan və yalnız ondan sonra azəri, Azərbaycan Respublikasının vətəndaşı, teoloqam. Soyadımı və s. açıqlamağa lüzum görmürəm.İslamı tərk edib İsəviliyə üz tutmamın səbəbini ən qısa və ən ümumi şəkildə belə anlada belərəm. Mən əvvələr müsəlmandım və Quranın öyrətdiyi kimi yaşamağa çalışırdım. Müxtəlif səbəblərdən Quran və onun öyrətdiyi İslam məni qane etmədi və mən başqa dinləri öyrəndikdən sonra Xristianlığı seçdim.Sizin də formal olaraqdan adiniz-soyadiniz deyil, bir insan olaraqdan kimliyiniz və yalnız ondan sonra başqa kimlikləriniz (milli-dini və s.) bu bloqda önəmlidir. Məqsəd:Bloqu yaratmaqda əsas məqsəd azərilərlə Məsih İnancı və ya Xristianlıq haqqında dialoqa girmək və onlarla fikir mübadiləsi aparmaqdır. Mən xristian olaraqdan başqalarının da Məsih Sevgisinə gəlməsini arzuladığımı gizlətmirəm və iddia etmirəm də ki, bu bloqda məqsəd yalnız və yalnız dialoqdur. Xeyr. Bloqun ilk məqsədi dialoq, ondan sonra azərilərə Xristianlıq haqqında Xristian/azəri perspektivindən bigli vermək, Xristian azərilərə - ümid edirəm ki, onlar da olacaq burda - teoloji məsələlərdə yardım etmək, və yalnız ondan sonra Məsih İnancı üçün şəhadətdir. Məsih İnancı üçün şəhadət şəxsən mənə əhəmiyyətli olsa da bu halda prioritet olan bilgi paylaşmaq və insanlarda Məsihilik haqda birtərəfli anlamaları zəiflətməkdir.Sizi də mən bu məqsədlə ünsiyyətə girməyə dəvət edirəm.
Üsul (metod)Bloqda Bibliya perspektivində Müqəddəs Kitabdakı (Bibliya) cümlələrin, təlimlərin müxtəlif yönümlü şərhi, qarşı tərəfin və müəllifin fikirləri və s. bilgilər yer alır. Bloqdakı yazılar bu və ya digər mövzu ətrafında cəmlənmişdir. Bu bloq hər şeydən və hər şəkildə yazmaq üçün deyil, məhz İsəvilikidən, məsihçi perspektivində yazmaq və fikir bölüşmək üçündür.Mən dini məsələlərdə fikir paylaşıram, mövqe tuturam, müdafiə edirəm, əleyhinə çıxıram ancaq mübahisə etmirəm. Deyəcəksiniz ki, bunları edib mübahisə etməmək necə olur? Çox sadəcə.Mübahisə başqaları ilə qarşılıqlı diskursiv ünsiyyətin bir şəkli kimi qalib gəlmək və ya uduzmaq dilemmasına söykənir. Mənsə dinlərin, insan ruhaniyyatının rasional (əqli) yollarla son və problemsiz sübutunu və ya təkzibini qəbul etmədiyimdən və şəxsən barış və sülh etikasını əsas götürdüyümdən və bunlara inandığımdan mübahisəyə girməyi bir qayda olaraq rədd edirəm. Başqa sözlə, mənim niyyətim/motivim bu bloqdakı ünsiyyət daxilində heç bir zaman başqalarına qalib gəlmək, rasional manevrlərin gücü hesabına başqalarına öz mövqeyimi inandıraraqdan qəbul etdirmək deyildir. Bir zamanlar adını xatırlamadığım bir filosofdan oxumuşdum ki, mübahisənin heç bir faydası yoxdur çünki hər iki tərəf özünün daha haqlı olmasını düşünərəkdən ayrılır. Mən də belə düşünürəm, çünki uduzduğunu qəbul etmək və acı xatirələr daşımamaq hər adamın işi deyil. Mənsə kimsədə acı izi buraxmaq istəmirəm. Heç özümdə də başqalarının acı izini daşımaq istəmirəm.Sizin də niyyətinizdə mübahisəyə girməyəcək qədər açıq və təvazökar olmağınızı istərdim.
Başqa dinlərə münasibət:Mən başqa dinlərə hörmətlə yanaşıram, sinkretizmə (yəni dinləri necə gəldi qarışdırmaq, birləşdirmək) varmadan başqa dinlərdən öyrənmənin və mənimsəmənin əleyhinə deyiləm. Başqalarından öyrənməyi sevirəm və bir dəfə tutduğum mövqeyi ömrümün sonuna qədər müdafiə etməyə özümü borclu bilMİrəm.Bununla belə bu o demək deyildir ki, dinlərlə və dünyagörüşü ilə bağlı bütün suallarımın cavabları var və mən artıq özüm üçün hər şeyi həll etmişəm. Qətiyyən. Hər zaman, hər şəkildə hər yerdə, hər şeydə bütün suallara hazır cavabı olmaq ya dardüşüncəliliyin ya da savadsızlığın əlamətidir. Mən hələ də öyrənirəm, ziddiyyətli fikirlər daşıyırıam, bəzilərinə şübhəylə yanaşıram, bəziləri üçünsə acı çəkirəm (çünki mən yalnız beynimlə deyil, həm də ürəyimlə düşünürəm), bəziləri ilə bağlı isə əminlik var.Sizin də mənə və dinimə münasibətdə alicənab davranacağınıza və hirslə, kinlə, "həqiqəti sübut etmək niyyəti ilə" deyil, öyrənmək və öyrətmək, bilgini bölüşmək və ruhən zənginləşmək niyyətilə reaksiya verəcəyinizə və dəyişməyə açıq olacağınıza ümid edirəm.
Dil haqqında:Mən təhqirsiz, sətiraltı/mənfi mənaları olmayan ünsiyyət dilindən istifadə edirəm. Kontekstdə anlaşılması mümkün olmayan məsələlər üzrə əlavə bilgi verməyi özümə borc bilirəm (məs: regenerativ teologiya, ruhun müstəqilliyi təlimi və s.).Oxucuları da belə bir dil istifadə etməyə və ekspert terminlərini istifadə etdikləri zaman onları açıqlamağa dəvət edirəm (məs: vəhdəti-vücud kimi).
İnancımla bağlı bəzi dəqiqləşdirmələr:
Mən özümü sadəcə İsəvi görürəm və birbaşa olaraq hər hansı bir Xristian ənənəsinə özümü aid etməsəm də kənardakılar məni protestant ənənəsindən çıxış edən bir Xristian olaraq tanıya bilər, çünki bir çox ideya və təlimlərdə Protestant ənənəsinə daha yaxınam. Bununla yanaşı bu o demək deyildir ki, başqa ənənələrdəki ideyaları qəbul etmirəm .
Xeyr. Bir Məsih inançlısı olaraqdan məni bir çox Qərb Xristianlarından fərqləndirən nüanslardan biri də budur ki, mən müxtəlif dini ənənələrdəki təlimləri, ideyaları məhz öyrəndikdən və əgər ruhuma yaxındırsa, ondan sonra qəbul edirəm. Bu və ya digər Xristian ənənəsinin mənim üçün birbaşa imperativ anlamı yoxdur.

No comments:

Post a Comment

gündəlikdə axtarış