Azərbaycanda Məsihilik və ya Xristianlıq nə zamandan gəlib yerləşib? Bu suala necə cavab verməyimiz bizim üçün Məsihiliyin Azərbaycana olan haqqını əsaslandırır. Ən qısa şəkildə bu suala belə cavab verilə bilər:
1. Azərbaycanda Xristianlıq 4-cü əsrdən başlayaraq mövcuddur. O yerli dindir və ölkəmizə yad deyil. O İslamdan daha öncə Azərbaycana gəlib və yerləşibdir. Qafqaz Albaniyası mədəni abidələri, kilisə və monastırları buna sübutdur.
2. Məsihilik (və ya Xristianlıq, İsəvilik də deyilir) arasıkəsilmədən bu ölkədə mövcud olub. Udinlər və onların dilində yazılmış tarixi abidələr buna sübutdur. Onlar (Udin və ya Uti etnik qrupu) indi də ölkəmizdə yaşayırlar və indiyə qədər də Məsihidirlər. Nə Sovet rejimi, nə də İslam Məsihiliyin kökünü kəsə bilməyib.
3. Məsihilik mürəkkəb sosial-siyasi mövqeyə malikdir. O əsasən etnik azlıqların dinidir, çünki ölkədəki ən çoxsaylı etnik qrup - azərilər - müsəlmandır. O həm də ölkəni işğal edənlərin dinidir, çünki Azərbaycanı işğal edən ruslar Məsihidirlər. O, həm də şübhəli, düşmənin dini kimi görülür bəzən, çünki Ermənistan kimliyindəki Məsihilik elementini siyasi məqsədlə sui-istifadə edir. Bu din ölkəmizdə həm də daxilən etnik mozaikanı xatırladır, çünki ölkəmizdəki məsihilər bir deyil, bir neçə etnik qrupa aiddirlər.
4. Məsihilik Azərbaycanda özünün bütün əsas qolları ilə Katoliklik, Pravoslavlıq, Protestantizmlə təmsil olunmuşdur (necə ki İslam ölkədə sünni və şiəlik şəklində mövcuddur).
5. O daim yenilənən və buna görə də yerli olduğu qədər həm də gəlmə dindir. Missionerlər indiyə qədər də bu ölkədə bu dini canlandırmağa çalışırlar (necə ki Türkiyə və s. ölkələrdən dindarlar İslamı yaymağa çalışırlar).
6. O Azərbaycanın ana mədəni dəyərlərinə zərbə vurmur, çünki həmin dəyərlərə çox yaxındır. Əksinə, Məsihilik həmin mədəni dəyərləri müsbət yöndə təkmilləşdirə bilər. Onun bizim müsəlman dini-mədəni dəyərlərinə yaxınlığını görmək üçün Bibliyada 10 nəsihəti oxumaq kifayətdir. Eyni zamanda bu din ana dəyərlərinə xələl gətirmədən müasirliklə ən çox dialoqa girən dindir.
Məncə bütün bunlar belə bir iddiaya əsas verir ki,: A) Məsihilik bu ölkəyə yad din deyil, B) Məsihilik Azərbaycan mədəniyyətinə ümumilikdə tərs düşmür, C) O mürəkkəb sosial-siyasi mövqeyə və ölkə mədəniyyətinə töhfə vermək potensialına malikdir. D) Onun İslamla parallel xüsusiyyətləri var. O həm də bir çox fərdlərin Yaradana yaxınlaşma cəhdlərinə gözəl cavab, tapıntı ola bilər.
Buna görə də bu dini tanıtmaq, yaşatmaq və gəlişdirmək lazımdır.
No comments:
Post a Comment