“...Sənə yalvarıram ya Rəbb,
Qulaq ver səsimə,
Lütfən cavab ver mənə!
Ürəyimdən bir səs duydum,
“Üzümü ara” dedin.
Budur, üzünü arayıram Ya Rəbb.
Üzünü məndən gizləmə, Qulunu qəzəblə geri çevirmə...”
Yuxarıdakı parça Zəburdan, daha doğrusu Məsihilərin “Məzmurlar” dedikləri kitabdan alınmışdır. Qurani-Kərimə görə, Zəbur müqəddəs kitablar arasında yer alır. Ona Psaltir və ya Psalm da deyirlər. İnsanın Yaradan üçün yanğısını və Rəbbin gerçəyini gündəlik həyatın ağrı-acısından, hər gün təkrarlanan məişət həyatının içindən anladır bu kitab. Bu kitab insanın hər günkü, yeknəsəq həyatında tapdığı ümid, şikayət, sevgi, sevinc, qəm, çaşqınlıq, çıxılmazlıq, qələbə, dözüm kimi ruhi-hissi yaşantılarda Allahla qarşılaşmasının dastanıdır, onun nəfəs – nəfəs toparlandığı bir ah dənizidir. Yuxarıda istinad edilən sətirlər isə sayca 27-ci məzmurdan götürülmüşdür və kilisə ənənəsinə görə Davud şahın məzmurudur. Bir bu cümlələr üzərində düşünün. Sadəcə beyninizlə deyil, həm də ürəyinizlə onu anlamağa çalışın. Bəlkə Rəbbi ürəyinizdə taparsınız. İnandığınız Allah sizə hardan səslənir? Niyə onun deyək ki, əl-ayağını deyil, lakin üzünü, simasını axtarmaq insanın dəvət edildiyi bir səyahətdir? Sizin simanıza, alın yazısı yazılmışmıdır və bu alın yazısında Rəbblə qarşılaşmanız, onu özünüzdə və həyatınızda kəşf etməniz varmıdır? Musa peyğəmbər Allahı görmək istədiyi zaman, Allah ona sən məni görüb həyatda qala bilməzsən demişdi. Məgər bu məzmuru yazan bundan xəbərsizmi idi? Mümkünsüz olanı, ürəyinizdə mümkün etmək necə olar? Rəbbin siması sizə nələri anlada bilər? Axtarın onu. Orda-burda deyil, öz ürəyinizdə və insanların simasında... . Rəbbi axtarmaq üçün özündən get, gəzib-dolaşıb yenə özünə gələcəksən. Və Rəbbi Ruhunda görəcəksən. Çünki sən Müqəddəs Ruhun məbədisən. Allahın günəşi səninlə yanaşı düşməninin də üzərinə doğur. Otur, düşməninə sevgi yoğur. Öz Ruhundan...Bacararmısan?Əgər həqiqət inanılmayacaq qədər Absurddursa, Gerçəklik Həm də yalandırsa, Həqqilik çəkilməyəcəq qədər Ağırdırsa, Onda İsa Məsihdən sənə nə? Sənin həqiqi dəyərin nədir?
No comments:
Post a Comment