Tuesday, August 25, 2009

İslam Məsihilikdən nə ala bilər? - 1

Bu sual yəqin ki, bir çox müsəlmanlarda xüsusən də təkəbbürlülərində bir ağızbüzməyə səbəb olacaq. Onlara görə, “əsli pozulmuş”, “insanların tərk etdiyi din” İslama nə verə bilər ki? Ancaq məsələ göründüyü qədər əlüstü həll olunacaq haqq-hesab deyil. Bu essemdə mən əsaslandırmağa çalışacağam ki, İslamın əslində Məsihilikdən öyrənə biləcəyi çox şey var.Niyə İslamın Məsihilikdən öyrənəcəyi çox şey var və ümumiyyətlə buna ehtiyac varmı?

Məncə buna ehtiyac var. İcazə verin, bunu izah edim. Əvvəla, onu qeyd edək ki, İslam Məsihilikdən, daha doğrusu Biblical studies deyilən sahədən öyrənir və onu öz çıxarları üçün İslamı müdafiə məqslədilə istifadə edir. Nag Hammadi əlyazmalarına istinad etmək, Həvari Paulosun Məsihiliyi dəyişdirməsi kimi artıq nə Xristianlıqda, nə də Xristianlığın dünyəvi mövqedən araşdırlması diskursunda çoxlarının ciddi qəbul etmədiyi müddəaları əldə bayraq etmək ənənəsi əslində İslam aydınlarının, xüsusən də keçən əsrin əvvələri və ortalarında Qərbdəki Bibliyaşünaslıqdan öyrəndikləri bilgilərə dayanır. Halbuki bu cür seçib öyrənməklə İslam əslində həm də Məsihiliyi daha dərindən öyrənməyi rədd etmiş olur, çünki Məsih inancı və Məsihiliyin tənqidi diskursu bu cür müdafiə məqsədli bilgidən çox daha dərindir. Burda da biz, məhz bu şəkildə, yəni daha dərindən, hərtərəfli və sistematik və anlamaq-hiss etmək məqsədilə öyrənməkdən bəsh edəcəyik.
Bəşər tarixinə kolonializm, modernizm, sənaye inqilabı və indiki dövrdə də postmodernizm, qlobalizm qərbdən, bir vaxtlar Məsihiliyin əsas din olduğu məkandan daxil olmuşdur. Buna görədir ki, Məsihilik, xüsusən də onun Qərbdəki qolu, bu tarixi fenomenlərlə islamdan daha öncə qarşılaşmış, onlarla daha öncə dil tapmağa və onlara daha öncə pis-yaxşı reaksiya verməyə macal tapa bilmişdir. Bundan başqa, bu fenomenlər özləri Məsihiliyə ciddi şəkildə təsir etmişlər. Məsələn, kolonializm Məsihilik tarixində bir vicdan ağrısı ortaya çıxarıb və din, siyasət, mədəniyyət arasındakı münasibətlərin ciddi araşdırılmasına səbəb olub. Afrikaya və Uzaq şərqə gedən ilk imperialistlər xristian olduqlarına inanırdılar və bir çox hallarda missionerlərin bir çoxu onlara yardım edirdi. Tarixdəki acı və sonradan ziddiyyət törədəcək faktlar necə şərh olunur? Onlara necə yaxınlaşmaq lazımdır? Bu məsələlər Məsih teologiyasında indiyə qədər də araşdırılır və İslam bundan öyrənə bilər. İslamın yayılmasında qılıncın iştirakı İslama necə təsir etmişdir? Məncə oxşar məsələdir. Və ya başqa misal: kolonializmlə birlikdə başqa ölkələrə gedən ilk missionerlər həm də ilk antropoloqlar-etnoqraflar idi. Onlar sadəcə xristianlığı yaymırdı, həm də yerli mədəniyyətləri öyrənirdi. Bu öyrənmələr, məsih teologiyasında bir çox suallar ortaya çıxardı. Xristian olmayan insanların Allahla əlaqəsi yoxdurmu? Vardırsa, o zaman onlara Xristianlığı götürmənin anlamı nədir? Əgər onların Allahla əlaqəsi xristianlıq gələnə qədər yox idisə, o zaman o necə Allahdır ki, onları özündən əsrlərboyu uzaq tutur? Yerli dinlə xristianlıq necə münasibətdə olur? Belə suallar İslam teologiyasında da araşdırılmalıdır, ən azından ona görə ki, onlar cavab istəyir. Ömrü boyu İslam haqda eşitməmiş və hər zaman 5-10 Allaha inanmış insan deyək ki, öldüyü zaman ona nə olur? Onun qeyri-müsəlman olaraq ölməsi onu cəhənnəmlik mi edir? Əgər İslam universaldırsa və tək həqiqi dindirsə, onda İslam gəlməzdən öncə yaşayan insanlar bəs necə olsun? Buna bənzər suallara xristianlıq perspektivindən Məsih teologiyasında – çağdaş dövrün faktorlarını da göz önünə almaqla - cavab axtarılır və bunlara İslam da cavab tapmalıdır ona görə ki, bunlar bir universallığa və həqiqətə inhisarçılığa iddia edən bütün dinlərin qarşılaşdığı çətin vəziyyətlərdir. Və ya başqa misal: qloballaşma ilə birlikdə və təbii ki, Qərbin daha açıq cəmiyyət halına gəlməsi nəticəsində qərb bir çox mədəniyyət və dinləri ayılıb öz evində gördü. Bu dinlərlə münasibət necə qurulmalıdır? Bu dinlər və yerli din münasibəti hansı prinsiplərə dayanmalıdır? Biri gün sabah Azərbaycan və müsəlman dünyası da açılacaq və başqa mədəni elementlər bu regiona nüfuz edəcək. İstəsək də, istəməsək də bu olacaq, çünki gələcək dünya izolyasiya olunmuş ölkələr məcmusundan deyil, biri-birinə açıq sistemlərdən qurulacaq. O zaman, İslam təbii ki, bu gün Qərbin qarşılaşdığı suallara cavab vermək məcburiyyətində qalacaqdır. Halbuki bunlara indidən cavab axtarılır və İslam Məsih teologiyasından öyrənə bilər. Məsih inancının İslamın gec-tez qarşılacağı fenomenlərlə artıq qarşılaşması və onlarla münasibətə girməsi Xristianlığın cağdaş dövrdə təcrübəsinin İslam tərəfindən öyrənilməsini zəruri edir. Hətta İslam bu tarixi təcrübəni rədd etsə belə, yenə də uduzan özü olacaqdır, çünki bilgini və başqasını öyrənməkdən indi kimsə uduzmur. Ancaq əksinə, başqasını tanımağı rədd etməkdən hər kəs uduzur, çünki başqa birisi yeni təcrübə, yeni ilham, yeni bilgi və güc deməkdir. Beləliklə, məncə İslamın Məsihilikdən öyrənməsinə əsas vardır
.

No comments:

Post a Comment

gündəlikdə axtarış