Tuesday, August 25, 2009

İnsanın nağılı

İnsanın içində, onun varlığının dibində və ya qəlbinin bir küncündə nə var görəsən? Sadəcə ət? Bədənin daxili orqanları? Bunlardan bütün canlılarda var. İnsanın başqa canlılardan kəskin fərqlərə malik olduğunu söylərsəm, yəqin təzə Azərbaycan kəşf etmiş olmaram. Bəs onu fərqləndirən nədir? Ağıl? Ola bilər. Başqa? Bilmirəm. Ancaq mən bunu bilirəm ki, insanı başqa canlılardan hər nə fərqləndirirsə, həmin fərq həm də insanın qiymətini ərsəyə gətirir, onun ziynətini ortaya çıxarır. Həmin fərq insanın bir varlıq kimi dəyərini yaradır və insanı dəyərli edir. İnsanın dəyəri onun həmin fərqindən qaynaqlanır. Bibliya insanı dəyərli edən həmin bu fərqi, özəlliyi bir müsəlman üçün küfr sayıla biləcək bir şəkildə ortaya qoyur. Həmin bu fərq bizi həm yüksəldir, həm də bizim üzərimizə sorumluluq qoyur. Nədir insanı dəyərli edən, onu başqa canlılardan fərqləndirən və ümumiyyətlə insanı insan edən həmin bu fərq?

"Tanrı insanı öz surətində yaratdı. Beləcə insan Tanrı surətində yaradılmış oldu" (Baş. 27). Bir cümlə öncədə isə Tanrının niyyətindən bəhs edilir: "Tanrı "insanı öz surətimizdə yaradalım" dedi, "dənizdəki balıqlara, göydəki quşlara, ev heyvanlarına, sürünənlərə, bütün yerüzünə sahib olsun".Bu Quranın İxlas surəsində bəhs edilən və heç bir şeyə bənzəməyən yaradandan çox fərqlənir. Lakin bu o demək deyildir ki, Yaradan ümumiyyətlə insana bənzəyir və bu bənzərlikdən kənarda Yaradanı sadəcə yoxdur. Bibliya bir çox şəkillərdə Tanrının həm də transendent, bənzəri olmayan, tayı-bərabəri tapılmayacaq birisi olmasından bəhs edir. Hər şeyi bilən, hər şeyi idarə edən, hər şeyi yaradan, başlanğıcı və sonu olmayan, mütləq hakim - Tanrı təbii ki, tamamən insanla eyni ola bilməz. Bununla belə, Tanrı ilə insan arasında bir bənzərlik var. Biz onun bənzərində yaradılmışıq. Tanrı surətində yaradılmaq nə deməkdir? Teologiyada qalın-qalın kitabların həsr edildiyi bu ideya əslində Bibliyadan əvvəlki semit inanc ənənələrində də rast gəlinir. Onu regionunun bir çox inanclarında tapmaq olar. Bir çox dinlərə, inanclara səpələnmiş bu həqiqət qırıntılarının böyük bir parçası da Bibliyadadır. İnsanın Tanıya bənzər yaradılması insan üçün ilginc sonuclar verir. Məncə bunlardan bəziləri aşağıdakılardır:1. İnsanın dəyəri. Tanrının surətində yaradılması insana dəyər verir. İnsanın dəyəri bilavasitə Yaradandan gəlir, ona bağlıdır və Yaradandan kənarda, yaradılmışın - insanın dəyəri yoxdur. Bu həm də onu başqa canlılardan fərqləndirir (lakin ayırmır!). 2. Daxili əlaqə. Tanrı surətində yaradılmaq insanı Yaradana bağlayır. Biz istəsək də istəməsək də Onun bənzərində yaradılmaqla onun möhürünü əks etdiririk. Biz sadəcə öz varlığımızla onun mövcudluğundan xəbər veririk. Onun bənzərində yaradılmışlıq bizi onun kopyası, surəti halına gətirir. Həmin daxili əlaqə Rəbbi axtarmağı və tapmağı mümkün edir. 3. İnsan münasibətlərinin əsas prinsipi. Yaradanın surətində yaradılmaq və ya hər hansı şəkildə onunla bənzərliyə malik olmaq hamımıza aid olan bir özəllikdir. Bütün insanlar Yaradandan onun bənzərində olmaq haqqını əldə etmişlər və hər bir insan başqasıyla münasibətdə özü kimi birisiylə (biz hamımız insan olaraqdan biri-birimizə bənzəyirik) və Tanrının surətində yaradılmış bir varlıqla (biz hamımız Tanrının bənzərliyini bölüşürük) əlaqədə olduğunu unutmamalıdır. Tanrıya hörmət və Ona sevgi, həm də onun öz surətində yaratdığı başqa varlığa münasibətdə bir yerə qədər özünü göstərməlidir. Tanrının bənzərində olmaq insan üçün şərəfdir.4. Sorumluluq. Yaradanın surətində ərsəyə gəlmək insan üçün məsuliyyət yaradır: həm Yaradana, həm də başqa bütün canlılara münasibətdə. Tanrı özündən bir şeyləri - bənzərliyi - bizə əmanət etmişdir. Bu bənzərlik bizim özümüzə, özümüzə bənzərlərə və Yaradanın yaratdığı başqa varlıqlara münasibətdə bir borc, öhdəlik, vəzifə ortaya çıxarır. Biz başqa insanlarla onlar da Tanrının bənzərləriymiş kimi rəftar etməli, başqa varlıqlarla isə Tanrı onlarla necə rəftar edirsə - sevgiylə, səbrlə, ədalətlə - rəftar etməmizin gərəkdiyini unutmamalıyıq. Tanrıya ən böyük xəyanət, onun bir yoxsa üç olduğunu düşünmək deyil, onun bizə əmanət etdiyi bənzərliyi şeytana satmaqdır. Bu bənzərliyi şeytana satmaq isə başqalarıyla həyatımızı, varlığımızı və ilişkilərimizi bölüşməmək, eqoistcəsinə yalnız və yalnız öz maraqlarımız güdmək, prinsipsiz yaşamaq və Yaradan yoxmuş kimi hərəkət etməkdir. Tanrı özündən bir şeyləri bizimlə bölüşmüşdür. Biz də özümüzdən - öz varlığımızdan, sevgimizdən, ağlımızdan, həyatımızdan, sevincimizdən, dərdimizdən, qəmimizdən başqalarıyla bölüşməliyik. Bunu etməmək özünü və Yaradanı tanımağa gedən yolu bağlamaqdır. Çünki özümüzü başqaları vasitəsilə tanıyırıq. Başqaları da bizim kimi Tanrıdan bir şeylər almışdır. Özümüzü başqalarından keçərək tanımaqla, Yaradanı tanıyırıq. Bu bizim vəzifəmizdir.Məncə bunlar bizi Tanrıya daha da yaxınlaşdırır. Tanrı əlbəttə ki, bizi özünə bənzər yaratmaqla öz gizliliklərini tükətmir. Əksinə bizi özünə bənzər yaratmaqla bizə göndərdiyi ən böyük ismarış onun müxtəlifliyi və eyniliyi bir araya gətirməsi, onun zənginliyi və onun tam anlaşılmasının ağlasığmaz olmasıdır. İnsanlar bütün bənzərliklərinə rəğmən, həm də fərddirlər, təkrarsızdırlar. Onlar ümumiliklərində təkrarsızlığa malikdirlər. Yaradan da yəqin ki belədir. Onun surətində yaradılmaq Yaradanı adiləşdirmir, onu kiçiltmir, onun gizliliklərini açmır. Əksinə Yaradanın insana olan sevgisindən, insanı yüksəltməsindən, Rəbbin təkrarsızlığından, zənginliyindən və anlaşılmayacağından və insanın ona hər nə qədər bənzər yaradılsa da, onun insana bənzəməyəcəyindən xəbər verir.
Biz onun iziyik. Onun iziylə getməklə biz onu tapırıq və kəşf edirik.

No comments:

Post a Comment

gündəlikdə axtarış