Teologiya qısaca və ən ümumi şəkildə deyilsə, Yaradan və ya Allah, Əzəl Başlanğıc haqqında düşünmə şəkli, sənəti, elmidir və ya bilimdir. Bu klassik teoloji/teologiya anlayış(ı) olmasa da geniş sahə kimi, teologiyanın bir parçası olan iç teologiyanı (theology proper) anlamağa kömək edir. Çaşdaş dövrdə teologiya sadəcə Yaradanı deyil, həm də insan, varlıq, kosmos və onların biri-birinə münasibəti məsələlərini əhatə edir. Lakin, teologiyanın hələ də əhəmiyyətini itirməyən və onun klassik anlayışı hesab olunan konsept Kenterburili Anselmdən gəlir. Latin Qərbinin teologiyasının sütunlarından biri olan Anselm teologiyanı anlamağa çalışan inanc kimi izah etmişdi. Bu halda teologiya konkret olaraq Yaradanı anlamağa çalışan dini inanc kimi şərh edilmişdi. Onun izah etdiyi aspektdən teologiya məhz yunan mütəfəkkirlərinin əql, din və vəhy qavramlarına uyğun şəhr idi və vəhyin inanc işığında əqllə anlaşılması cəhdi, təcrübəsi deməkdir.
Teologiya əqlin və inancın din/fövqəltəbii varlıq diskursunda qarşılaşmasıdır. Müasir dünyəvi cəmiyyətlərin başa düşdüyü mənada bu sahəyə elm demək özünü yalnız qismən doğruldur ki, bu da teologiyanın xüsusiyyətlərindən irəli gəlir. Teologiya başqa elmlər kimi yalnız əqlə dayanaraqdan səbəb-nəticə əlaqələrini, təbiəti, insanı əqli-məntiqi- empirik-metodoloji-riyazi dəlillər və üsullar əsasında öyrənmir. Teologiya hər şeydən əvvəl Yaradan haqqında vəhy konseptinə və inancına, fövqəltəbii gerçəyin varlığının fakt kimi qəbul olunmasına dayanan bir bilgidir və bu ən azından onu legitim qaynaq sarıdan çağdaş, sekulyar elmlərdən fərqləndirir. Siz fizikada və ya hüquqda spekulyasiya edə bilərsiniz, sübüt etməyə çalırşarsınız, məntiqə söykənərsiniz, hər cür "obyektiv" və s. və ia metodlara dayana bilərsiniz ancaq heç cür vəhydən çıxış edib ilahi/fövqəltəbii/diqqətəşayan gerçək və Yaradan haqqında mülahizə yürütməzsiniz. Yaradanın qəbul olunmadığı elmi dairələrdə bu sadəcə ciddi görülməz.İkincisi, teologiya bir bilgi olaraqdan öncədən verilmiş inanca, qəbul olunmuş mənbəyə dayanır. Bu inanc da müəyyən bir konkret məzmunun məhz vəhy vasitəsilə bəlli olduğunu və bu bilginin bir metod\vasitə olaraqdan vəhylə və ya daha başqa sıradışı olan, qeyri-adiliyə malik mənbədən gəldiyini iddia edir. Başqa sözlə deyilsə, teologiya həm konkret məzmunun alınma yolunun, həm də məzmunun özünün vəhydən\fövqəltəbiidən gəldiyini, cəmiyyətin fərqli-özəl mənbəyindən və s. nüfuz, güc aldığını etiraf edir. Bu o deməkdir ki, siz Yaradanın əlamətlərinin vəhy yolu ilə insana çatdırıldığına və "x" deyil, məhz "y" əlamətinin vəhy yolu ilə gəldiyinə inanırsınız. Buna görə də teologiya, xüsusən də ayrı-ayrı dinlərin teoloji bilgi sistemləri müqəddəs qəbul olunan mətnlərə dayanır (Bibliya, Quran, Tövrat və s). Bununla yanaşı, ən azindan Xristian teologiyasında bəşəri amillərin vəyhə təsiri və vəhyin insan və ilahi başlanğıcın bir araya gəlməsindən oluşması ideyası kökündən rədd edilməmişdir.Buradan da teologiyanın üçüncü əlaməti aşkar olunur: teologiya müqəddəs hesab olunan mətn üzərində-ki dəyişməz, əsas, normativ xarakterlidir-dialektik, interpretativ qavrama, anlama prosesi, təcrübəsi, sənətidir. Onun söykəndiyi mətn müəyyən statusa malikdir və dəyişməzdir.Dördüncüsü, teologiya müasir materialistik və ruhsuzlaşan dünyanın itirməkdə olduğu şeylərlə məşğuldur. Bunların ən başında inanc aspektindən baxılan Yaradan, insan, həyat, təbiət, ölüm, məna kimi sorular gəlir. Teologiya bəşəriyyətin bilavasitə başlanğıcı, özü, ölümü və ondan sonrasının varlığı haqqında düşüncə və yaşam təcrübəsinin əqli ifadəsidir. Bu mənada teologiya paradoks dolu fəlsəfəyəbənzər bir şeydir. O paradokslarla doludur, çünki onun təbiəti prinsipcə tam anlaşılması mümkün olmayan bir varlıqla, obyektlə - Yaradanla ilgilidir. o həm də fəlsəfəyə bənzəyir, çünki onun mülahizələri hər nə qədər müqəddəs mətnlərdən gəlsə də, onlar fəlsəfi yönümlü şərhlər və qavramalardır. O həm də fəlsəfədən fərqlənir bu mənada ki, teologiya həyatı, öyrənməyə, öyrətməyə və yaşam dəyərlərini müəyyən nüfuz-mənbə-diskurs çərçivəsində "istehsal" etməyə, sistemləşdirməyə, bunu fövqəltəbii qavramlar çərçivəsində və onlara inanclarla bağlamağa iddia edir. Bu artıq müəyyən mənada fəlsəfədən kənara çıxır. Bu və bu kimi çoxlu fərqləri olsa da teologiya həm də müasir dövrün elmləri ilə, bir yaxınlığa da malikdir. Bu yaxınlıqlar da özünü aşağıdakılarda göstərir.Əvvəla, teologiya əqli istifadə edərəkdən vəhyi anlamağa çalışır. Teologiya, vəhyin olduğu kimi qəbulunu deyil, onun anlaşılması və insan düşüncəsi daxilində, mümkün mənalarının bir anlam verməsi üçün axtarılmasını, aktuallaşdırılmasını, nəticənin və prosesin din-cəmiyyət-praktika-təbiət simvolları, konseptləri çərçivəsində istifadəsini nəzərdə tutur. Məsələn, deyək ki Allahın hər yerdə və hər zaman olması müddəası, onun həm də taxta malik olub taxtda oturması müddəası ilə necə bir araya gətirilə bilər? Və ya Allah necə eyni zamanda bir və üç ola bilər? Və ya Rəbbin hər şeyi öncədən müəyyən etməsi və insanların iradə sərbəstliyi necə anlaşılmalıdır? Sosial günah nədir və müasir insan Allahın varlığını qəbul edərəkdən necə yaşayır və yaşamalıdır? Dinlərarası münasibətlər nəyə əsasən qurulmalıdır? Yaradan özünü insanlara bəlirləyirmi, əgər bəlirləyirsə o zaman bunu necə edir? Bu kimi sualların inanc diskursu çərçivəsində əqllə münasibətləri, uyğunlaşdırılması, qütbləşdirilməsi, onların konsensusu və bu barışığın axtarışı təcrübəsi teologiyanın məşğul olduğu önəmli məsələlərdir. Bu mənada, teologiya əqllə tam anlaşılması mümkün olmayan şeylərin, əqllə qismən anlaşıması üçün göstərilən cəhd və bu cəhdin nəticəsidir.İkincisi, teologiya müasir elmlərin dəlil və metodlarından, onların aldığı sonuclardan istifadə edir. Buraya biologiyadan tutmuş, tarix və hüquqa qədər bir çox sahələr daxildir. Məsələn, Bibliya arxeologiyası bibliyada keçən hadisə və hekayələrin arxeologiya vasitəsilə öyrənilməsi və aşkarlanması deməkdir. Bibliya dilçiliyi Bibliyada dil fenomeni, onun şərhi, anlaşılması, dilin vəhyə təsiri və s bu kimi məsələlərlə məşğul olur. Fəlsəfi teologiya Yaradanın mövcudluğunun subutu və bunun mümkünlüyü kimi məsələləri araşdırır. Tarixi teologiya Xristian tarixini və bu tarixlə Bibləvi vəyh arasındakı münasibəti araşdırır.Teologiya həm də diskursdur. O diskursdur, çünki onun özünəməxsus qavramları, hadisələri şərh konseptləri, ənənələri, "işığı sındırma prizmaları" vardır. Bu diskursun özünə görə sabit və gəldi-gedər mövzuları və s. vardır. Bu diskursda hər şeydən və bir çox mövqelərdə durub danışmaq olar. Bu diskursda - əgər söhbət müasir Qərb Xristian\Protestant teologiyasından gedirsə - Allahın ölməsi kimi diskurs üçün ifrat gözlənilməz\az ehtimal ideyalar bele danışılır. Qısacası diskurs olaraq, teologiya ətrafı, insanı və həyatı Yaradan, inanc və müəyyən dəyərlər kontektstinə qoyub araşdırmaq, öyrənmək və hiss etmək sistemi və sənətidir. Məsələn, evdə ərin arvadını döyməsi də daxil olmaqla, kosmik proyektlərdən tutmuş, prezident seçkiləri və bunun məhkəmə sisteminə necə təsir etməsi qədər ən müxtəlif məsələləri teoloji aspektdən araşdırmaq və öyrənmək olar və bu da nəticə olaraq teoloji diskursu verir. Teoloji diskurs belədə, hər şeyə bir baxış açısı olaraq da göstərilə bilər.Mənim üçün ən önəmlisi teologiyanın bir rəqs olmasıdır. Niyə məhz rəqs? Ona görə ki, o məhz rəqsə bənzəyir və rəqsəbənzərlik onu anlamaq və anlatmaq üçün ən yaxşı bənzətmədir. Rəqs bir sənətdir və hər bir rəqsdə o rəqsi ifadə edənin şəxsi improvizasiyası, müvafiq rəqs konseptinin peşəkarlıq şərtləri ilə qarışaraqdan sonsuz sayda fərdi ifadəetmə şəkilləri yaradır. Hər bir rəqs fərdidir. Eyni zamanda da hər bir rəqsdə bir konsept, struktur və s. ümumiliyi var ki, onunla da onu qiymətləndiririk. Rəqsdə biz sübut olunmuş elmi dəlillər axtarmırıq. Rəqs estetikdir, ritualistikdir, ənənəvidir, çağdaşdır, bizi emosional olaraq çəkir, bizə təsir edir və bizə bir çox şərh imkanları verərəkdən dünyanı, fərdi anladır. O bizə bu anlatmanı öz şərhimizlə, intuisiyamızla, əqlimizlə, emosiyalarımızla, dünyagörüşü paradiqmalarımızla fərdiləşdirməyə və mənalandırmağa çağırır. Teologiya da belədir. O, çağdaş dövrdə sübutetmə üsul və konseptlərini istifadə edərəkdən bir çox şeyləri ortalığa çıxarmağa çalışsa da daha önəmli məsələləri vardır. Hər bir teoloq müqəddəs mətnin üstündə Yaradanı, özünü, insanları və həyatı anlamaq üçün o mətnin verdiyi imkanlar daxilində intellektual-emosional-ruhi rəqs edir. Bu bir intellektual oyundur, arzudur, estetikadır, siyasətdir, ideologiyadır və inancdır ki, insanı emosional və ruhi yaşanması mümkün olan psixoloji, estetik təcrübəyə, yeni yaşam eksperimentlərinə dəvət edir. Hər bir teoloqun müqəddəs mətnləri, vəhyi anlaması fərdidir, ancaq yenə də bir sistem vardır ki, onunla da həmin teoloqu başqa teo-rəqqaslar, dindarlar, siyasətçilər və düşmənlər qiymətləndirərlər. Bunun yanısıra, eynilə rəqsdə olduğu kimi, teologiya intuitivdir. Biz onu intuitiv olaraq qavrayırıq. Elə teoloq özü də onu bir yerə qədər intuitiv qavrayır. Bu praktiki, emosional, intellektual nəticələri olan, bizi bir aspektdən gəlişdirən intellektual oyun, əqllə anlaşılması mümkün olmayanı əqllə anlamaq cəhdidir. Hər bir teoloq fərdi izah-rəqs yolu ilə buna cəhd edir, inandığı mətnin ona verdiyi imkanlar daxilində başqalarına və özünə Rəbbi, Özünü və Ətrafı anlama cəhdlərinin sonsuz şəkillərindən birini - məhz ona uyğun olanını anlatmağa, ifadə etməyə çalışır. Biz insanlar müxtəlif, təkrarsız rəqslərdən təsirlənib, hərəmiz o rəqsdən bir şeylər öyrəndiyimiz, zövq aldığımız, şərh etdiyimiz, başa düşdüyümüz bəzən bezdiyimiz, anlamadığımız və nifrət etdiyimiz kimi, teologiya da inancın, həyat təcrübəsinin, bəsirətin, intellektin, hisslərin və şüuraltının bir araya gəlib Rəbb və ona inanc kontekstində özünü ifadə etdiyi bir rəqsdir. Bu bloq da mənim rəqsimi anlatmaq üçündür. Təbii ki, anlayanlar üçün... .
No comments:
Post a Comment