Monday, August 24, 2009

Bəzi sözlərin izahı: məsihdən məshedilmişliyə

İsa - Məsih inancının kökündə duran insanın adıdır. Məsih İnancı İsa Məsihin özünün, həyatının və öyrətdiklərinin şərhi əsasında yaranmışdır. İsa Yaradanı bizə öz əməllərində və həyatında, qısacası özündə tanıdan birisinin adıdır. Bu ad əsasən Quranda, İslamda və Məsihiliyi sonradan qəbul etmiş islam kökənli məsihilərin arasında işlədilir. Hərfi mənası Kenneth Cragg-in yazdığına görən tam aydın deyil. Daha doğrusu İsa sözünün hardan gəlməsi tam olaraq aydın deyil. Bununla yanaşı bəzi izahlara görə bu sözün ibranicədəki əslinin dəyişikliyə uğramış şəkli də ola bilər.

Yeşua (İeshua) və ya Yeşaya – İsa Məsihin İbranicədəki adı. Yeshua İbrani sözü olub, hərfi mənası “xilaskar”, “xilas edən” deməkdir. Bu söz Bibliyada başqa şəxslərlə bağlı da istifadə olunmuşdur. İisus, İesus Yesu, Yesus – Yeshua sözünün yunan və latincadakı variantları. Ərəb məsihilər yanılmıramsa Yasu və ya Yesu söünü işlədirlər. Bununla belə, yunan və latinca variantların daha əski və oxşar semit variantlarından qaynaqlandığını düşünürəm. Məsələ burasındadır ki, ibranicədə Yeshua sözü əlifbanın özəlliklərinə görə Yesua kimi də oxunula bilər.Məsih – ibranicədəki Meşşiah (Meşşiak, Meşşiax) sözünün ərəbləşdirilmiş şəklidir deyəsən. Lakin zahiri oxşarlıq yanıldıcı ola bilər, bundan əmin deyiləm. Sözün kökündə yatan hərfi anlam “yağlanmış birisi”, “üzərinə yağ tökülmüş birisi” deməkdir. Bu söz o zaman anlam verir ki, qədim İbranilərdə cəmiyyətin kahin, hökmdar və s. bu kimi vəzifələrə, işlərə qəbul etdiyi adamların və ya hər hansı özəlliyinə, qəhrəmanlığına görə seçilmiş insanların üzərinə zeytun yağı tökərək (başından aşağı) xeyir-dua verməsi, bərəkətləndirməsi ritualını anlayasan. İbranilər seçilmiş adamların, öz peyğəmbərləri də daxil olmaqla, bir sıra mərasimlərdə üzərlərinə zeytun yağı tökərək xeyir-dua verərmişlər. Meşşiah və ona dayanan Məsih sözü buna istinad edir. Yəni bərəkətlənmiş, xeyir-dua verilmiş birisi. Söz zahirən bir ənənəyə, mərasimə (yağ tökmə) istinad edərək bu mənanı anladır. Xristos sözü eyni sözün yunan variantıdır və eyni mənanı verir. Qədim ibranilərdə bu söz xüsusi bir inancla bağlı idi. Həmin inanc İsa Məsihdən öncəki tarixi dönəmlərdə başlayır. O inanca görə, Allah seçilmiş birisini, yəni Meşşiahı (Allah tərəfindən xeyir-dua verilmiş - üzərinə zeytun yağı tökülmüş) göndərəcəkmiş ki, cəmiyyəti dəyişsin. Məsihilər inanır ki, həmin Meşşiah və ya Məsih artıq göndərilmişdir. Həmin Məsih Nazaret şərəhindən olan Yeşua və ya İsadır. Buna görə də ona Məsih deyilir və o İsa Məsihdir. İsa Məsihdən öncə də, sonra da yəhudilərin arasında əsil məsih olduğunu iddia edən insanlar olmuşdur. Buna səbəb odur ki, yəhudilər, məsihilərdən fərqli olaraq, İsa Məsihi Allahın öncədən göndərəcəyini müjdələdiyi Məsih olaraqdan qəbul etmirlər.Məsih sözü indi də həmin o üzərinə yağ tökülərək bərəkətləndirilmiş, xeyir-dua verilmiş, bir sözlə “yağlanmış birisini” dolayı yolla dilimizdə ifadə edir. Hətta azərisayağı islamda belə bu ritualı anladan söz var. Müsəlmanlar abdəst zamanı başlarını və ayaqlarını MƏSH edərlər. Başı məsh etmək əli isladıb başa çəkməkdir. Ayağı məsh etmək, əli isladıb ayağın üstünə sürtmək və ya ayağı yumaqdır (sünni və şiəlikdə olan detallar bu yazı üçün önəmli deyil). Abdəst dini məqsədlə təmizlənmə ritualıdır və başı məsh etmək təmizlənməyi anladır. Əski ibranilərdəki Meşşiah sözü də Allahın əliylə məsh edilmiş birisini anladır. O insan Allah tərəfindən məsh edilmiş olur, yəni MƏSİH olur. O, Allah tərəfindən Müqəddəs Ruhla məsh edilib, yəni ona Allahın Ruhu gəlib və O təmizlənib, xeyir-dua alıb, bərəkətləndirilib. Allah Onu Öz(ün) Ruhunda yuyub. Tarixin tanıdığı tək belə insan İsa Məsihdir.

No comments:

Post a Comment

gündəlikdə axtarış