Thursday, August 27, 2009

Qərib(ə)çilik haqqında düşünümlər - 1

Aeroportda keçirdiyim hissləri və bu hisslərin yaranmasına, yaddaşıma həkk olunmasına səbəb olan xanımı indi də xatırlayıram. “Domodedovo”da pasport yoxlama köşkündə cavan, qəşəng ancaq sarılıqda ruslara bənzəməyən bir xanım pasportumu alıb baxdı. Gülümsəməyə çalışdım – hər nə də olsa, təbəssüm soyuq baxışdan çox qapı açar...heyhat... . Rəsmi, paqonlu-filanlı bu xanım mənim gülümsəməyimi heç vecinə də almadı. İlk sorusu niyə gəlməyimlə bağlı oldu. Açıqladım, dissertasiya üçün gəlmişəm. Nəyi, necə araşdıracağımı soruşdu, mən də filan-filan kitabxanada, filan-filan yerdə, filan-filan edəcəyim barədə qısaca açıqlama verdim. Mən danışdıqca qız gözlərim önündə dəyişməyə başladı. Soyuq baxışları, rəsmi danışığı, yumşadı və bayaq təbəssümümü adam yerinə qoymayıb məni pərt edən siması gülümsədi. Az sonra “Rusiyaya xoş gəldiniz” deyib soyuq şimal ölkəsinə qədəm basmağıma yaşıl işıq yandırdı. Bu, mənim qəribçiliklə ilk tanışlığım idi.
Qaraqaş-qaragöz, rusa bənzəməyən, rus qızının soyuq, ilıq sımasında, quruluqdan – mülayimliyə doğru yol keçən səsində qəribçiliklə tanış oldum. Həmin qəribçilik ki, sonralar məni bir ölkədən başqasına götürəcəkdi, insanlar, mədəniyyətlər, dillər, dinlərlə tanış edəcəkdi.
Qərib olmaq əslində bir yaşam yoludur. Qərib olmaq, qəribə olmağa doğru atılan ilk addımın zahiri şəklidir. Qəribçilik, əgər qəribləşən insan ağlı başında, ürəyi sinəsində olan birisidirsə, insanı öyrədən, onu dolğunlaşdıran, bəzən də sındıran, sınağa çəkən bir yoldur. İnsan oğlu və qızı var olduğu gündən qəribçiliyi dadmaq istəyib. Dadanda da bəzilərinə xoş gəlib, bəziləri isə onu acı zəhər kimi rədd ediblər. Bəşər övladının tarixi buna şəhadət verir. Nağıllarımıza nəzər salsanız, nağıl qəhrəmanlarının səyahətə çıxıb alma, üzük, qız, at, var-dövlət və s. üçün ölkələr keçməsini çox görəcəksiniz. Hər keçilən ölkə, hər görülən, yaşanılan an, qəribçiliyə doğru atılmış addımdır. Aşıqlar yuxuda buta verildiyinin fərqində vardıqdan sonra gözəl qızın eşqiylə qəribçiliyə baş vurublar, səyahətə çıxıblar, gəzib-görüblər və qəribləşib qəribələşiblər. İbrahim peyğəmbər Bibliyaya görə Allahın əmri ilə olduğu ölkəni, yəni vətənini tərk edib qəribçiliyə gedib, qərib(ə)ləşib və qərib(ə) olub. İsa peyğəmbər Cəlilədən Yerusəlimə getməklə qəribləşib və qəribə olub. İsa Məsihin simasında İlahi bəşəriləşib insaniləşməklə bizim aramıza gəlməklə qərib olub qəribələşib. Məhəmməd peyğəmbər də Məkkədən Mədinəyə getməklə, orda yaşamaqla qəribçiliyin dadına baxıb. Bir hədisə görə Məhəmməd peyğəmbər deyib ki, “elm Çində də olsa arxasınca gedin”. Başqa sözlə, qəribləşmək elmin də, elmi axtarışın da bir parçası ola bilər. Elə bizim camaat da bunun fərqinə varıb. Nəyə görə “çox oxuyan çox bilməz amma çox gəzən çox bilər” deyiblər? Çünki çox gəzmək – yəni qəribliyi təcrübədən keçirmək daha çox öyrədir, daha çox bərkə-boşa çəkir. Niyə qəribçilik bu qədər önəmlidir? Axı qəribçilik insana nə verir?

No comments:

Post a Comment

gündəlikdə axtarış