Sunday, August 30, 2009

Diriliş və qurtuluş

Bu günlərdə kilisələr Easter bayramını qeyd etdilər və bəzi yerlərdə hələ də qeyd edirlər. Dilimizə Easter bayramını, yəqin Pasxa (sözün ibranicədəki özünü (pesax) saxlayaraqdan) bayramı, ya da Diriliş (bayramın Məsihilikdəki mahiyyətini nəzərə alaraqdan) bayramı kimi çevirmək olar. Ərəbdilli mənbələrdə buna Fisih də deyilir. Bu bayramda məsihilər İsa Məsihin ölümdən dirilməsini qeyd edirlər. Ancaq bayramın kökü qədim ibranilərin qeyd etdiyi Misirdən çıxış - Pesax bayramına gedib çıxır (bu barədə öyrənmək üçün bloqdakı köhnə yazılara göz atın).

Məsihin ölümdən dirilməsi ona pənah gətirən insanların onun timsalında ölümdən oluma keçidini anladır. Bayramın özünə görə ritualları vardır və bu liturgiyada da öz əksini tapıb. Bir sıra ölkələrdə, Pasxa artıq dini anlamını itirib və sadəcə bir tətil kimi, sekulyarlaşmış bir bayram kimi qeyd edilər.
İsanın ölməsinə və sonra da dirilməsinə inanmaq hər zaman məsihiliyin şərtlərindən biri olub. Bu hadisə Xristianlıqda məsihilərin ölümdən qurtuluşa ümid etməsinin əsasıdı. Ölümdən diriliş isə İsəvilikdə qurtuluşun bir parçası, başlanğıcı deməkdir, çünki ölüm bizim inancımıza görə insan övladına Tanrıya üsyan etməsindən sonra verilmiş cəzadı. İsa Məsihin dirilməsi ilə bu cəza ona inananlar üçün cəza olmaq özəlliyini itirir və əbədi qurtuluşa, dirilişə keçid, qapı olmaq xarakteri qazanır. İnsan ölür ki, olsun. Ölüm, oluma keçiddir. Ölümdən sonra Tanrı hüzurunda diriliş və əbədi yaşam vardır. İslamda və İudaizmdə İsa Məsihin ölümdən dirilməsi inkar olunar. İslamda inkar olunar ona görə ki, İslam İsa Məsihin ümumiyyətlə öldürülməsini inkar edir. Musəvilikdə rədd olunar ona görə ki, musəvilər İsa Məsihdə Tanrı təcəllasını qəbul etmirlər və onun ölümdən dirilməsi hadisəsini ya yerli-dibli inkar edərlər, ya da buna alternativ izahlar verərlər. İncillər bunlardan birini təsvir edir: musəvi kahinlərə görə, Məsihin ardıcılları onun bədənini oğurlayıblar və sonra da onun dirildiyini yaymağa başlayıblar.
Hər necəliyindən asılı olmayaraq bu bayram önəmlidir və inanclıların ümidini təzələyir. Ateistlər və naturalist dünyagörüşünə inananlar üçün əlbəttə İsa Məsihin ölümdən dirilməsini ciddi məsələ kimi qoymaq özü gülüncdü: möcüzə baş vermir, möcüzəyə bənzər hadisələrin mütləq bir rasional izahı vardır, və təbiət qanunları çərçivəsində də hələ ki kimsə ölümdən dirilməyib. Beləcə İsa Məsihin dirilişi haqq-hesabı bir xürafatdı onlara görə. Odur ki, bu haqq-hesab ancaq inanclılar üçün az-çox önəm qazana bilər. Isəvi, Musəvi ya musəlmanlardan kimin haqqlı olub-olmaması isə yəqin ki, Tanrının sonuncu günündə bəlli olacaq.

No comments:

Post a Comment

gündəlikdə axtarış