Thursday, August 27, 2009

Hekayət və dua: qovuşan söhbətlər

Son vaxtlar ara-sıra düşündüyüm, diqqətimi çəkən nəsnələrdən biri dua və hekayət əlaqələridir. Hekayəti bu halda istənilən narrativ kimi, daha dəqiqi, bir hadisəni, subyekti və onların hərəkətini-dinamikasını nəql edən, anladan danışıq aktı, şəkli kimi anlayaq. Bu mənada istənilən nağıl, Rafiq Tağının hekayələri, dostunuza anlatdığınız başınızdan keçən hadisə, uşağın özünü cəzadan qurtarmaq üçün uydurduyu ssenari və s. hekayətdir. İnsan həyatda bir çox şeyləri hekayət kimi anladır. Istənilən hekayətdə istər açıq, istər qapalı, müəyyən xarakterlər, həmin xarakterlərin biri – biri ilə münasibətləri, hadisələr onların gəlişməsi və s. olur. Bu əlbəttə təxmini təsvirdir və bütün hekayətçiliyi incəliyi ilə əhatə etmir. Ancaq nə demək istədiyimi anladır.

Duanı ən geniş şəkildə Tanrı ilə söhbət, Allahla əlaqəyəgirmə cəhdi kimi qəbul edək. Dua, yazılmış və ya şifahi, ritual və ya sərbəst, düşünülmüş və ya anidən-bədahətən, hətta rəqs şəklində ola bilər. Dua danışmaqla, söyləməklə və ya içdən düşünməklə, bir çox hadisə və insanlara, mürəkkəb münasibətlər şəbəkəsinə istinadları və bu şəxslərin, hadisələrin kontektsini də içinə aldığından dua ilə hekayətin kəsişməsi mümkündür. Başqa sözlə, siz mücərrəd, mühazirə oxuyurmuş kimi dua etmirsiniz. Konkret, həyatınızda olan və bilavasitə içində olduğunuz gerçəkliyi qavrayaraqdan onlara yönələrəkdən dua edirsiniz: qohumunuz xəstədir? Onun xəstəliyində üçüncü bir şəxsin əli var? Onun üçün dua etdiyinizdə bu hadisə, şəxs və ya ümumiyyətlə qardaşınızın, bacınızın, hər hansı başqa insanın içində olduğu kontekst də ortada olduğundan əslində dua hekayətlər şəbəsi kimi qavranılan gerçəkliyə istinad edərəkdən və onlardan əxz edərəkdən həyata keçirilir. Xəyali bir duaya baxaq – deyək birisi dua edir: “Allahım, Həsəni bağışla, onu doğru yola çək və etdiyi əməlindən peşmançılıq hissini yaşat ona. Qoy anlasın ki, yanlış yoldadır. Məni ona qarşı göstərdiyim qəzəbə və acığdan dolayı bağışla”. Bu duaya baxsanız bəlli olur ki, ortada iki şəxs var (Həsən və dua edən), onların münasibəti var (arzuolunmazlığı qavranılan əməl, acıq və qəzəb), bu münasibətlərdə bir konflikt və fərqli yanaşma var(peşmançılıq hissi-əxlaqi yanaşma) və onların hadisəni anlama və şərh şəkli (biri dua vasitəsilə başqasının öz əməlini müəyyən şəkildə qavramasını istəyir) fərqlidir. Bu misal göstərir ki, hekayət və dua arasında kəsişmə-qovuşma var və bu yazı da həmin kəsişmə-qovuşmaı qismən açığa çıxarıb araşdırmağa, dua vərdişi üçün daha anlamlı əlavə yol təklif etməyə çalışır.
Hekayətdə duaHekayətdə dualara istənilən qədər misal vermək olar. İstər Bibliya, istərsə də Qurani-Kərim boldur belə misallardan. Məsələn, Bibliyada İsa Məsihin Getsemani baxçasındakı duası hekayətdə duaya misaldır. Qurani-Kərimdə İbrahim peyğəmbərin hekayətdində onun müsəlman olduqdan sonra Allahın onun ümmətinə də müsəlman imam\peyğəmbər (Məhəmməd) yetirməsi haqqında duası buna misal ola bilər. Hekayətlərdəki dualar iki nüansı anladır: 1) hekayətdəki şəxsin, xarakterin Yaradan ilə münasibəti, 2) hekayətçinin (yazanın və ya söyləyənin) özü, hekayətdəki qəhrəman və İlahi arasındakı münasibətlər. Bizi daha çox duada hekayət və dua hekayət kimi mövzusu maraqlandırdığından, ona diqqət yetirəcəyik.
Duada hekayət və dua hekayət kimiDuada hekayət mümkündür və çox vaxt implisit yəni açıq olmayan şəkildə duada vardır. Bu cür dualarda dua edən, bütövlükdə hekayəti deyil, həyat hekayətində olmasını istədiklərini, arzuladıqlarını, keçirdiyi hissləri, peşmançılıqlarını sözləyir, sözə çevirir, bir sözlə verbal ifadə edir. Məsələn, yuxarıdakı dua misalında şəxs artıq baş vermiş bir hadisə-hekayətin necə gəlişməsi ilə bağlı arzu və hisslərini ifadə edir. Şəxs həmin hadisəni olduğu kimi, tamamən, yenidən başlayaraq danışmağa, Allaha nəql etməyə ehtiyac görmür. Bəzən insanlar dua etdikləri zaman, dinlərindəki məşhur hekayətlərə istinad edərək və ya az-çox həmin hekayəti açıq nəql edərəkdən duaya hekayət gətirirlər. Bibliya bu cür misallardan boldur. Məzmurlarda bol-bol yəhudilərin Misirdən çıxarılması hekayəti bu və ya digər şəkildə danışılır və bu şəkildə içtimai, etnik, sosial hekayət fərdin duasının bir parçası halına gəlir və fərdin duasına çevrilir, fərd özünü və öz duasını həmin kontekstdə, həmin hekayət çərçivəsində anlayır və anladır.İnsan öz duasını tamamən hekayət şəklində danışa bilər və duasını hekayətləşdirə bilər. Belə olduğu zaman, insanın fərdi yaşantıları və gerçəkliyi hekayətə çevrilir və bütövlükdə dua hekayət, hekayət də dua olur.Hekayət duaların həm dua həm də hekayətlərə bənzər və onlardan fərqli bir sıra özəllikləri vardır. Təxmini, bunlar aşağıdakılardır:
Bütün dualar kimi, dua hekayətlər də Tanrıya yönəlib, Tanrı-İnsan münasibətinin sıx, verbal ifadəsidir və gerçək dua kimi səmimidir.
Bütün hekayətlər kimi, dua hekayətlər də dua edən şəxs açıq ifadə etməsə belə, dərk edib anladığı şəxslər, hadisələr, gəlişmələr - belə deyək - bir süjet vardır.
Dua hekayətlərin Tanrıya yönəlməsi onu sırf hekayətdən, öz içində dua edən şəxsin dərk edib yönəldiyi şəxs, süjet, hadisəni içərməsinə görə isə sırf dualardan fərqləndirir.
Dua hekayətlər sadəcə dua deyil, çünki hekayət nəql edilməsi yolu ilə insan içində olduğu gerçəkliyi öz-özünə anladır, onu daha dərindən dərk etməyə çalışır. Unutmayaq ki, hekayət həm də gerçəkliyin bir bədii-estetik tədqiqi və ifadəsidir. Əgər dua hekayət artıq olmuş hadisəni, bir hekayəti anladırsa, o zaman dua edənin perspektivini içinə alır və bundan başqa bir də şəxsə olanı xatırladır, onu yada salır və bu yadasalma olmuş gerçəkliyin zaman keçdikdən sonra yaşanması təcrübəsini ifadə edir. Tövbə bu mənada bir yerə qədər mənəvi-sağaldıcı, ruhi-psixoloji hekayət kimi görülə bilər. Əgər dua hekayət gələcəyə yönəlibsə, arzuolunan ssenarini, hadisələrin gəlişmə şəklini təsvir edə bilər. Bu mənada dua hekayət gələcəyi yaratma və ona ümid yatırımanın bir şəklidir. Bir duanı dua edən, onun gerçək bir niyyətlə Yaradana anladılmasıdır. Dua istər hekayət olsun, istər olmasın, onu dua edən Yaradana anladır, onu dinləyən İlahidir
.

No comments:

Post a Comment

gündəlikdə axtarış