Tuesday, February 14, 2012

İsəvilikdə İsa Məsih və ya Nəriman Qasımoğlu Nələri Gözdən Qaçırdır - 3




İsa Məsih İlahinin Oğlu Kimi.

İstər-istəməz sual olunur: əgər İlahinin Oğlu olmaq, Nəriman Qasımoğlunun dediyi kimiydisə, onda niyə fəriseylər İsa Məsihi özünə Allahın Oğlu dediyinə görə ittiham edirlər? Gəlin daha bir sual da əlavə edək, əgər İsa Məsih Allahın Oğluydusa, o özünə necə ilahi kimi istinad edə bilərdi? Əslində İsa Məsihdən öncə də "Allahın Oğlu" ifadəsi işlədilirdi. Bu söz birləşməsinə özəl titul kimi yalnız Musəvilikdə deyil, ondan daha öncəki inanclarda, kultlarda da rastlanır. Sadəcə İsa Məsihdə həmin bu konsept, yəni İlahiyə sanki onun oğluymuş qədər yaxın olmaq ideyası daha da gəlişir və Məsihilər üçün yeni anlam qazanır, çünki İsa Məsih kimsənin göstərmədiyi möcüzələr göstərir, Allaha “Ata” deyir, özünün İlahiliyinə işarə edən ifadələr işlədir. Bu kontekstdə İlahinin Oğlu olduğunu iddia etmək sadəcə sıradan Allah adamı anlamında anlaşılmamalıdı və bəlli olur ki, Musəvilər də İsa Məsihin Allah Oğlu sözünü elə onun istədiyi kimi anlamışlar: Allaha onun İlahiliyini bölüşəcək və deməli ibadət olunacaq qədər (İlahitək) yaxın olmaq. Məsih inancına görə, İsa Məsihin İlahi Oğlu olmasına səbəb Müqəddəs Üçlüyün ikinci üzvü Oğulun onda yaşamasıdı. İlahinin Oğlu olmaq o demək deyil ki, İlahi İsa Məsihin insan kimi atası olub. Bu, sadəcə İsa Məsihlə İlahi arasındakı dərin, içdən, başqa varlıqlar arasında rastlanmayan münasibəti ifadə etmək üçün işlədilən məhdud insani bir dildi və İlahinin İsa Məsihə yaxınlığını anladır. İsa Məsihin hər kəs kimi deyil, özəl şəkildə İlahinin Oğlu (və bu mənada onun yerdəki təmsilçisi, davamı, təzahürü) olmasını İncillər də açıqca ortaya qoyur. 

Monday, February 6, 2012

İsəvilikdə İsa Məsih və ya Nəriman Qasımoğlu Nələri Gözdən Qaçırdır 2




Əhdi Cədid İsa Məsih haqqında nə deyir.

Əhdi Cədidin İsa Məsih haqqında yazdıqlarına baxaraqdan, onun həm insani, həm də İlahi özəlliklərə malik olması haqqında nəticəyə gəlmək mümkündü. Tarixən Xristianlıq İsa Məsihin ilahi və insani təbiətə malik olduğunu irəli sürmüş və bu da belə bir düşüncədən qaynaqlanır ki, İsa Məsih İlahinin mükəmməl surəti və kamil məbədidi. İlahi, daha doğrusu Rəbbin əbədi və əzəli Sözü -Oğlu (Müqəddəs Üçlüyün ikinci üzvü) sıravi bir insanda mümkün olmayacaq qədər çox və güclü, dərin və içdən, unikal bir şəkildə Nazaretli İsa Məsidə təcəlla edib, bədən alıb, cismaniləşib. O həddə ki, İsa Məsihə Rəbb deyə ibadət etməyə əsas və haqq var. Odur ki, İsa Məsih yalnız və yalnız insan (İslamın təqdim etdiyi kimi) deyil, o, həm insan, həm də İlahidir (İsəviliyin mövqeyi). Bu mövqenin kökündə Bibliyadan gələn müəyyən mülahizələr, hekayətlər, onların İbrani və Yunan dünyagörüşündən qaynaqlanan bir sıra metafizik konseptlər əsasında, sevgi və inancla şərhi dayanır. Aşağıda mən, həmin bu cür baxışa əsas verə bilən bəzi bibləvi mülahizələri vurğulamaq istədiyim nəsnələr barədə qeydlərlə nəzərinizə çatdırıram.   

gündəlikdə axtarış