Yazılarımızı davamlı izləyənlər çiysüdəmmişliyin nəyi ifadə etdiyini bilirlər. Odur ki, sözü hansı anlamda işlətdiyimi bilmək istəyənlər köhnə yazılara göz ata bilərlər. Bu postda isə məni çiysüdəmmişliyin bir növü maraqlandırır: gəlin onu toplum çiysüdəmmişliyi adlandıraq. Ürəyinizdən keçirsə, buna içtimai çiysüdəmmişlik də demək olar. İçtimai çiysüdəmmişlik qavramı Azadlıq teologiyasında ətraflı işlənib və onun kökü İncillərdən gəlir.
Toplum çiysüdəmmişliyi içtimai strukturlarda, toplumun özündə, toplumdakı münasibətlərdə əks olunmuş və toplumun mövcudluq şəklinin bir halına gəlmiş ədalətsizliyə deyilir. Ədalətsizlik günahkarlıq olduğuna görə, toplum çiysüdəmmişliyi günahkarlığın içtimai tərəfi, onun içtimai yönüdür söylənə bilər. Bununla belə, toplumun çiysüdəmmişliyi ilə günahı qarışdırmaq lazım deyil. Toplum çiysüdəmmişliyi günahdan fərqli olaraq konkret fərdlərin konkret əməllərini-günahı, ya günah əməlini yox, ümumilikdə bütün cəmiyyətə sirayət etmiş, adət-ənənədən, dövlət strukturlarından, insanların verilən konkret cəmiyyətin üzvü kimi müəyyən özəlliklərindən qaynaqlanan ədalətsizlikləri, yolsuzluq özəlliyini anladır. Toplum çiysüdəmmişliyi toplumdakı hər şeyə hopub, insanlar onun bir parçasıdır və insanlar öz fəaliyyətləri ilə onu törədir, yaşadır, davam etdirirlər. Bununla belə, onun konkret bir törədicisi, sahibi yoxdu.