Sunday, December 25, 2011

Milad bayramınız mübarək!

Əzizlərim, hamınızın Milad bayramını təbrik edirəm! İlahi sevgisindən əskik olmayasınız!

Friday, December 16, 2011

Milada Gedən Yol



Bir azdan insanlar Milad bayramını qeyd edəcək. Milad bayramını Rəbbimiz İsa Məsihin insaniləşməsi və cismaniləşməsi ilə bağlasalar da sözügedən bayramın Roma İmperiyasının mədəniyyətindən, həmin dönəmdəki digər bayram və təntənələrdən təsirləndiyi var.

Thursday, November 24, 2011

Rafiq Tağı

Azərbaycanlı yazar və jurnalist, mən də daxil olmaqla bir çoxlarının sevimlisi olan Rafiq Tağı aldığı bıçaq yaralarından sonra xəstəxanada vəfat edib. Böyük bir ehtimalla İran və radikal İslam əleyhinə yazılarından dolayı bıçaqlanan Rafiq Tağının qətli ölkəmizin nə qədər məşum bir boşluğa sürükləndiyini anladır.
Rafiq Tağı, qəbrin nurla dolsun! Biriləri sənin əlindən düşən məşəli götürüb sənin yolunla gedəcək.

Saturday, November 5, 2011

Yaşamaq Rəməl Bəhrində

Salam, əzizlərim, bu günlərdə nəfəs dərməyə bir az vaxt var. Fikirləşdim ki, bir-iki cümlə yazsam, qurumuş bloqumuz bir az canlanar. Bu günlər işlə bağlı məşğul olmaq bir az azaldıqca fikirləşirəm ki, arada bir hər şeydən, işdən, evdən, insanlardan az-çox aralanıb özünlə təkbaşına qalmağı bacarmalısan. Güncəl həyatdan bir az aralanmaq bizə hər şeyə kənardan baxmaq şansı verir. Yoxsa, baş hərdən elə qarışır ki, zamanın, insanların, həyatın necə gəlib keçdiyini belə bilmirsən. Ayılanda artıq gec olur. Günlərinin-həftələrinin detallarını itirmişsən, yavaşıyıb üstündə düşünmək gərəkən, zaman, enerji alan və buna layiq nə qədər fürsəti əlindən qaçırmısan.
Hərdən yavaşıyaq ki, həyatımızdan keçənin kim və ya nə olduğunu daha dəqiq, daha yaxşı görə bilək.
 

Monday, August 22, 2011

İkisi Bir Arada


Düzən axtarışında

Əziz dostlar, yəqin fərqinə varırsınız ki, artıq getdikcə bloqa az yazı yerləşdirirəm və yazıların yerləşdirilməsindəki düzən-ardıcıllıq da əvvəlkitək dəqiq deyil. Bunun artıq qeyd etdiyim kimi bir sıra səbəbləri var və son aylar göstərir ki, bloqdakı müntəzəmliyi minimumda dərəcədə saxlamaq da gedərək çətinləşir. Odur ki, bundan sonra bloqa yalnız vaxtım olanda yazmağı düşünürəm. Təxminən ayda bir dəfə və ya hər bir aydan bir yazı yazmaq yəqin mümkün olacaq. Ən azından yaxın altı-yeddi ay üçün əvvəlki müntəzəmliyi bərpa etmək imkanım yoxdu. İndiliksə aşağıdakı yazını bloqa yerləşdirirəm.

Thursday, July 28, 2011

Tarazlıq İfratçılığın Əksi Kimi

İnancınızın necəliyinə bağlı olmadan istənilən hər hansı istiqamətdə ifrata varmaq məncə yolverilməzdi.  Ola bilsin, Allaha, Tanrıya sizdən çox inanan yoxdu yer üzündə, ancaq bu inancınız sizi başqalarına düşmən edirsə, adamlara yuxarıdan aşağı baxmağa haqq verirsə, gec-tez çirkaba yuvarlanacaqsınız. Ola bilsin, Allaha, Tanrıya inancınızda gerçəkliyi, dəyişən zamanı göz önünə alırsınız, o qədər ki, sizdən daha yaxşı inancını ortama, dövrə görə yaşayan da yoxdu.  Amma bu cür liberal yanaşma maraqlarınıza uyğun yeri gələndə öz inancınıza etinasız davranmağa əsas verirsə, inancınız da sözdən uzağa getmirsə, yenə gec-tez çirkaba yuvarlanacaqsınız.

Friday, July 15, 2011

"Sənə yar, səndən yar, şikayətim var"

Bibliyanın önəmli özəlliklərindən biri İlahi ilə insanlar arasındakı əlaqələri nüansları ilə ifadə etməsidi. Bir çoxlarımız Allah haqqında şikayəti, incikliyi adətən güncəl həyatda İlahiyə inanmayanların dilindən eşidərik və belə olması gərəkdiyini düşünərik. Sanki Tanrıya inanan adam İlahidən inciyə bilməz və ya onların inancı şikayətlənmələrini önləyir. Ancaq iş burasındadı ki, həyat bizim görmək istədiyimiz kimi deyil. Çox inanclı, gerçəkdən səmimi insanların da bəzən Allaha şikayət etmələri, daha doğrusu Allahın özünə, Allahın özündən şikayət etmələrinə rast gəlmək mümkündü. Bibliya həm də bu cür səslərə yer verir, onları tanıyır və onları insanla Yaradan arasındakı münasibətlərə gətirir. Şəxsən mən özüm şikayətlənməyi sevməsəm də, ara-sıra bütün inananlar kimi mən də suallar qarşısında çaşıram, gerçəkliyin ağır paradoksları məni də əzir. Haqsız gördüyünüzü, İlahinin ədaləti haqqında inancla barışdıra bilmirsiniz, ancaq sualı, parakdoksu gözardı etmək də mümkün olmur. Mən bu cür şikayətləri “uman yerdən küsərlər” baxış bucağından və ya Füzulinin dediyi kimi, “sənə yar, səndən yar şikayətim var” şəklində qavrayıram. Aşağıda bu cür nisgil sərgiləyən məzmurlardan (Məzmur 22:1-15) bir örnək verirəm (azerincil.net səhifəsindən alınıb).

Tuesday, June 28, 2011

Bizi Nə Birləşdirir?


Hərdən düşünürəm ki, dünyanın ən müxtəlif dinlərini, inanc sistemlərini, ümumiyyətlə fövqəltəbii dünyayla bağlı olan bütün təlimləri nə birləşdirir. Bütün bunları nəyin birləşdirdiyini deyə bilməsəm də məncə, İbrahim ənənəsindən qaynaqlanan inancları birləşdirən ən önəmli bir şey onların İlahi haqqında nə qədər çox şeyi bilmədiklərini etiraf etmələridi. Musəvi, İsəvi və İslamı birləşdirən şey əslində tək Allaha inanmaq, peyğəmbərlik, vəhy konseptlərindən daha çox onların hər birinin Tanrının nə qədər bilinməz olduğunu etiraf etmələridi. Bizim hamımızı o birləşdirmir ki, biz Rəbb haqqında nəsə bilirik. Bizim hamımızı o birləşdirir ki, biz Rəbb haqqında nə qədər sonsuz, ucsuz-bucaqsız və dibsiz şeyləri bilmirik. Bizi birləşdirən Allah haqqında bildiyimiz deyil, bilmədiklərimizdi.

Sunday, June 12, 2011

Pentekost: Qutsal Ruhun Gəlişi



Məsihilikdə önəmli və sonradan bayrama çevrilən hadisələrdən biri Pentekostdur və bu gün Kilisələr bu bayramı qeyd edirlər. Pentekost yunanca əllinci gün anlamına gəlir. “Həvarilərin Əməlləri” (2:1-6) kitabına görə, İsa Məsihin dirilməsindən əlli gün sonra Qutsal Ruh və ya İlahi özü həvarilərin üstünə enir və ya həvarilərin canına hopur. Bunun nəticəsi kimi, həvarilər öyrənmədikləri, bilmədikləri dillərdə danışırlar və İsa Məsihə şəhadət verirlər. Onlarn ətrafında həmin gün yəhudilərin bayramlarından birini qeyd etmək üçün bir çox ölkələrdən gələn insanlar da öz dillərində müjdəni eşidib ona inanırlar (bu mənada Pentekostun yəhudilərin dini bayramlarıyla dolayı əlaqəsi var). 

Thursday, June 2, 2011

Bap-Balaca Detal

“Nə deməkdi pnevmatologiya?” soruşsam nə deyərdiniz? Bir az tibbi terminlərlə tanışlığı olan deyəcək ciyər xəstəlikləri ilə məşğul olan sahə ya buna bənzər bir şey.
Mən də deyəcəm ki, səhv deyirsiniz. Daha doğrusu tam açıqlamırsınız.
Pnevmatologiya həm də Müqəddəs Ruh haqqında olan düşüncələrə, yanaşmalara verilən addı və Xristian teologiyasının bir bölməsidi.
Pnevma (pneuma) qədim yunan dilində nəfəs, külək, yel anlamına gəlir və ruh mənasında da işlədilirmiş.
Maraqlıdı. Bir vaxtlar pnevmatik silahlar olan tirlər olurdu orda gedib pul verdikdən sonra bir-iki çaq-çuq güllə atırdınız, önunuzdən qaçan oyuncaq dovşanları vururdunuz. Bir sözün heç əlaqəsi olmayan sahələrdə tarixçəsi. 

Sunday, May 15, 2011

Niyələr


Bir dəfə haradasa oxumuşdum ki, insanların tanrıcıl inanca qarşı verdiyi etirazların kökündəki motivləri üç qrupa ayırmaq olar. 1) fəlsəfi. Bəzi insanlar fövqəltəbii varlığa ya varlıqlara, ilahi də daxil olmaqla fəlsəfi xarakterli səbəblərdən inanmırlar. Məsələn, belə insanlara görə, hər şeyə qadir ilahinin mövcudluğu ehtimalı sıfıra bərabərdi. Və ya belə insanlara görə ilahi sadəcə izahedici funksiya daşıyan bir konseptdir və indiki dövrdə elm həmin funksiyanı daha yaxşı yerinə yetirdiyinə görə, ilahiyə inanmağa ehtiyac yoxdu. 

Tuesday, April 26, 2011

Üçqat Ölüm: İlahi, İnanc və Məna


Ara-sıra bizim veb-səhifələrdə (bizim deyəndə mən Azərbaycan dilində olan və ya Azərbaycanla bağlı olan veb-səhifələri nəzərdə tuturam.) Allahın ya ilahinin ölümündən bəhs edilər. Demək olar ki həmişə bu cür yazılarda Nitsşenin adı çəkilir.
İlahi bir  çox insanlar üçün və ümumiyyətlə müasir dünya üçün Nitsşenin dediyi mənada ölüb. Əlbəttə, Nitsşenin nə dediyini bildiyimi yüzdə yüz iddia edəcək deyiləm, ancaq İlahiyə, fövqəltəbii varlığa inanmayan birisi kimi Nitsşe həqiqətən nə vaxtsa mövcud olmuş Allahın, ya İlahinin öldüyünü nəzərdə tuta bilməzdi. Əksəriyyət üçün, Nitsşenin Allah ölüb nidası əxlaqi və mənəvi normaların mənbəyi kimi İlahinin içtimai mühitdən, insanların həyatından silinməsi, belə bir funksiyasını itirməsi anlamına gəlir. Söhbət təbii ki, insanların İlahi konseptindən, qavrayışından gedir və daha çox inkişaf etmiş və ya Qərb dövlətlərində müşahidə edilən fenomendi. Başqa sözlə, insanlar nüfuz mənbəyi kimi mütləq, qeyd-şərtsiz mövcud olması iddia edilən bir X-ə ya Y-ə istinad edəmmirlər artıq. Bir yerə qədər ilahi anlayışı və onunla birlikdə vəhy qavramı irrelevant hala gəlib.

Friday, April 15, 2011

Sürəti Necə Azaltmalı



Əzizlərim, belə bir qərara gəlmişəm ki, bloqda yazı yerləşdirilməsi qaydasını dəyişim. Əgər bloqu daimi oxuyanlardansınızsa onda bilirsiniz ki, bir qayda olaraq həftəyə bir ya iki yazı yerləşdirməyə çalışıram və yazıları biri-birindən zaman etibarilə 3-4 gün ayırır. Son zamanlar artıq bu müntəzəmliyi saxlaya bilmirəm, artıq həftədə bir dəfə, bəzən on gündən bir yazı yerləşdirirəm.

Thursday, April 7, 2011

Qutsal Çağrı



Bu günkü Azərbaycanda ümumbəşəri Kilisə və ya ayrı-ayrı pastorlar məhz kilisəni, Məsihiliyi təmsil edən şəxslər kimi ölkəmizin siyasi-içtimai həyatında iştirak etmirlər. Ola bilsin ki, qəzet və jurnallarda ara-sıra onların adlarına rast gəlirsiniz, ancaq bunun da səbəbi bir qayda olaraq kiminsə qanunsuz toplaşması, polisin bir dini qrupun işinə müdaxilə etməsi kontekstində olur. Yəni Kilisə və pastorlar özləri irimiqyaslı sosial-içtimai münasibətlər başlatmırlar, diqqət mərkəzinə gələndə də əsasən rejimin ədalətsiz qanunlarını pozduqlarına (yoxsa “pozduqlarına”?) görə gəlirlər.  Bunun bir sıra səbəbləri var. Qısaca bəzilərini sadalayım. Katolik və Pravoslav kilisələrinin ənənəvi olaraq sosial-içtimai həyatda zəif iştirakı, ölkədəki çoxluğun başqa dinə aid olması, Xristianların ümumilikdə azsaylılığı və marginallığı, rejimin nəzarəti və kilisə xadimlərinin yetərincə hazırlığının olmaması və s.

Friday, April 1, 2011

"Əgər...Onda" Oyunu



Deyək sizə üç şərt verilib:
 1) Allahın mövcudluğunu tam, qəti və birmənalı sübut etmək mümkün deyil, 2) Əldə edilən bütün faktlar, onların həm elmi, həm dini, həm filan-beşməkani şərhi əlli əlliyə fövqəltəbii qüvvənin olmasına və olmamasına işarət edən şəkildə bölünüblər, yəni əlinizdəki bütün bilgilərin əlli faizi onun varlığını, əlli faizi də onun yoxluğunu göstərir, 3) sizdən tələb edilir ki, yalnız və yalnız iki mövqedən birini seçəsiniz: A) İlahinin (fövqəltəbii mütləqin) varlığına inanmaq və ya B) inanmamaq.
Siz hansını və niyə seçərdiniz?   


Saturday, March 26, 2011

İsa Məsihin Məsəlləri


Əhdi Cədiddə İsa Məsih bu və ya digər işi, nüansı, fikri, ideyanı anlatmaq üçün məsəllərdən istifadə edir. Əslində buna məsəl demək bir az çətindi, çünki dilimizdə, ədəbiyyatımızda məsəl deyilən janr-özəllik İsa Məsihin istifadə etdiyi və yunancası parabole olan təhkiyə-hekayə-narrative-alleqoriya-didaktika-bənzətmə-simvol olan vasitədən az-çox fərqlənir. 

Sunday, March 20, 2011

Novruz Bayramı

Novruz bayramınız mübarək olsun, əzizlərim! Hamımıza uzun ömür, can sanlığı və sevgi arzulayıram.


Wednesday, March 16, 2011

Ruh Oxşayan Jazz: "Let My People Go!"




Ruhsal məzmunlu klassik cazz. Bir az sözlərini dəyişdirsəniz, bizim günlərimiz üçün hələ də aktualdı. "O, President,  let my people go!"

Friday, March 11, 2011

Liturgik Təqvim


Liturgik təqvim kilisə ibadətinin bu və ya digər yönlərini vurğulayan və ya ümumbəşəri Kilisə, Məsihilik tarixindəki önəmli hadisələrin qeyd edilməsini ifadə etmək üçün ayrılmış zaman kəsimidi. Bu təqvim istifadə etdiyimiz zaman təqvimi ilə üst-üstə düşməyə bilər və zamanın axışını bildirmək üçün istifadə edilmir. Sözünü etdiyimiz təqvim sadəcə kilisə tarixindəki hadisələrin ibadətdə təntənəli qeyd edilməsini anlatmaq üçün yararlıdı. Gündəliyimizin daimi oxucuları liturgik təqvimdəki hadisə-aylardan biri ilə, Milad bayramı ilə tanışdırlar. Milada bənzər kilisə təqvimində ya liturgik təqvimdə bir sıra belə qeyd ediləsi şeylər var. Bu cür bayramlar, hadisələr, simvolik matəmlər həm də bir çox kilisələrdə özəl ibadət elementləriylə, bir xristianın ibadət və davranışında həmin zamana həsr olunmuş dəyişikliklərlə xarakterizə edilir.  

Sunday, March 6, 2011

Önyarğılar Dünyasında



Hamımızın önyarğıları var. Birincisi ona görə ki, önyarğısız və ya stereotiplərə dayanan mühakimə olmadan yaşamaq qeyri-mümkündü, ikincisi, ona görə ki, yaşadığımız dünyada bol-bol arzuolunmaz, təhrifedici, mənfi informasiyaları qəbul edirik, üçüncüsü ona görə ki, özümüz mükəmməl deyilik. Niyə insanları stereotiplərə dayanaraqdan mühakimə edirik sualının cavabını istədiyiniz qədər uzatmaq olar, buna nədən görmürəm.

Tuesday, March 1, 2011

Şeirlərdən Nə Boylanır

Bu keçiddəki birinci şeiri oxuyun. Görən, Azərbaycan şairlərini, yazıçılarını Məsihiliklə bağlı ya Məsihiliyə istinad edən mövzulardan yararlanmağa vadar edən nədi? Bir dəfə yazmışdım bu barədə. İndiyə qədər də mətbuatda bu cür yazılar gedir. Məncə pis deyil.

Friday, February 25, 2011

Xocalı Faciəsi


Xocalı faciəsini qeyd etməyə dəyər ancaq bundan ötrü özümüzü qurbanlıq qoyuna çevirməyə dəyməz. Viktim psixologiyası insanı əzən, onun özünəgüvəncini itirməsinə səbəb olan bir düşüncə tərzidi. İllərlə bu düşüncə tərzini ruhuna hopdurmuş insanlarda kin-küdurət, özündən və başqalarından xroniki narazılıq yaranır.

Saturday, February 19, 2011

Yəqubun Məktubu 3:13-18



 “13.Aranızda müdrik və dərrakəli olan varmı? Qoy öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimlikə yaxşı əməllərini göstərsin. 14.Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin. 15.Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir. 16.Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır. 17.Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır. 18.Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir.”

Monday, February 14, 2011

Tanrıcıl Zənglinlik

Bibliyada zənginlik, yəni varlı olmaq və əməlisalehlik/möminlik arasında qəribə bir ilişki var. Bu münasibət birmənalı deyil. İstər Əhdi-Ətiqdə, istərsə də Əhdi-Cədiddə bir çox varlıların daha çox Tanrı qəzəbinə gələcəyi, əldə etdikləri var-dövlətin onlar üçün Tanrı önündə bir yük olacağına dair bir çox mülahizələr var. Bu azmış kimi, bir də Qutsal Kitabda kasıblıq, daha doğrusu var-dövlətdən kasad olmaq zənginliyə nisbətən ümumilikdə üstün görülür söylənə bilər. Bununla belə, Qutsal Kitabda varlılığın birmənalı olaraq pislənməsi və kasıblığın da birmənalı üstün tutulması kim bir yanaşma görülmür. Bibliya var-dövlətdən həm də Tanrının verdiyi nemət, bərəkət kimi bəhs edir. Elə isə İlahidən bərəkət kimi var-dövlət almış əməlisaleh insanları var-dövləti özünə yük olan ədalətsiz insanlardan nə ayırır? Bu yaxınlarda bir məqalə oxudum. Müəllif bu suala cavab verməyə çalışır. Onun yazdığına görə əməlisahel zənginləri belə səciyyələndirmək olar:

Wednesday, February 9, 2011

İnanc. Şübhələndiklərinizdəndirmi?


Şübhəsiz yaşamaq mümkün deyil. İnanc məsələlərində də insanların şübhəsi olur. Şübhə nədir? Şübhəni üç ana elementlə xarakterizə etmək olar. 1) Şübhə bildiyimizin məzmunu haqqında qərarsızlıq, yəni bildiyimizin bildiyimiz kimi olmaması və ya bilmədiyimizin bildiyimiz kimi olması ilə bağlı düşüncələr və bu düşüncələrdən törəyən qeyri-müəyyənlik. 2) Güvəncsizlik. 3) rahatsızlıq. Hər üç elementi birləşdirsək məncə şübhəni əldə edirik. Şübhə ancaq o zaman ortaya çıxır ki, konkret məsələdə qeyri-müəyyənliyin mövcudluğunu  anlayırıq və bu qeyri-müəyyənliyi aradan qaldırmaq bizim üçün önəmli olar. Şübhə o zaman başlayır. Bilmədiyiniz və necəliyini dəqiq anlamadığınız ancaq bundan dolayı rahatsız olmadığınız şeylər şübhə yaratmaz və ya onların törətdiyi əqli-hissi hallar şübhə kimi xarakterizə edilməz. 

Thursday, February 3, 2011

Ekzegetika və Eyzegetika


Ekzegetika Bibliyanın bu və ya digər bir parçasının, hekayəsinin, müəyyən cümlələrinin daha dərindən, daha hərtərəfli anlaşılması üçün araşdırılmasına deyilir. Ekzegitka Məsihi Hermenevtikasının və Məsihi şərhinin təməl sənətlərindədi. Bir şəxsin ekzegetika ilə məşğul olması üçün ən azından qədim İbranii və Yunan dillərində  mətnlərlə işləməsi, üzərində işlədiyi mətni diqqətlə və yaxından oxuyub analiz etməsi, sözügedən mətnlə bağlı başqalarının araşdırmaları ilə tanış olması, mətnin yazıldığı dönəmi və s. öyrənməsi, mətnin ədəbi, linqvistik özəlliklərini ələ alması gərəkir. Ekzegetika teoloji şərhin, vəəzin, homiletikanın mühərriki kimi anlaşıla bilər. Ekzegetikasız Bibliyanı oxuyub anlamaq, ruhi gəlişmə üçün ondan yararlanmaq mümkündü, ancaq mətnin dərinliyinə enmək, onu bir neçə baxış bucağından araşdırmaq, mətnin belə deyək, tapmacalarını tam anlamaq mümkün deyil.  Bibliyanı oxuyan hər kəs şərh səviyyəsində az-çox ekzegetika ilə tanışdı. Ekzegetikada məqsəd Müqəddəs Kitabın sizə verəcəyi mümkün anlamları tapmaq, onları görməkdi.

Saturday, January 29, 2011

Tanrıcıl Çəkingənlik Pisliyə-Ədalətsizliyə Nifrət Kimi

Süleymanın Məsəlləri kitabında (8:13) deyilir ki, Allah qorxusu pisliyə nifrət etməkdi. Sözün düzü, nifrət etmək heç vaxt ürəyimcə olan bir şey deyil, ancaq hər halda pislikdən xoşlandığımı da deyəmmərəm. Yəqin ki, pisliyə nifrət ümumiyyətlə şər, pislik kimi şeyləri həm əqli, həm də emosional rədd etmək anlamına gəlir. Görən niyə pisliyə, şərə nifrət önəmlidi? Yuxarıdakı örnəkdən bəlli olur ki, Tanrı qorxusu laqeydliyi rədd edir. Bu mənada pislikdən, şərdən nifrət etmək həm də Allah qorxusunun bir parçasıdı. Görünüydü kimi, Allah qorxusu Allahdan qaçıb gizlənmək deyil, şərdən, pislikdən uzaq olmaqdı. Allah qorxusu da önəmli özəllik olduğuna görə, Tanrıcıl çəkingənliyi (və ya Allah qorxusunu) əldə etmək istəyən insan həm də pislikdən, şərdən uzaq olmalıdı və ya buna can atmalıdı. Nəzərə alaq ki, pisliyə nifrət (və ya Allah qorxusu) şər, pislik adı altında sadəcə əxlaqi sferadan danışmır, həm də ədalətsizlikdən danışır, ona görə ki, şər olan, pis olan həm də ədalətsiz olandı. 

Monday, January 24, 2011

Bizim Dilimiz və Onların Dili


Yəqin mətbuatı ara-sıra izləyənlər yazıçı Əli Əkbərin Azadlıq radiosuna müsahibəsində işlətdiyi “dilimiz naqis dildi” sözünü oxuyublar və sonra onun ətrafında dönüb dolaşan söhbətlərdən də eşidiblər. Mən dilimizin naqis olub-olmadığını bilmirəm, ancaq dilimizin bir sıra dillərlər müqayisədə, məsələn, İngilis, Rus və s. dillərlə qarşılaşdırdıqda söz ehtiyatı baxımından kasad olduğunu şəxsi təcrübəmdən bilirəm. Bir dilin digər bir dilə nisbətən daha az ya çox sözə malik olması faktdı. 

Wednesday, January 19, 2011

20 yanvar

Unutmayaq.

"Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü." (H.Cavid)

Friday, January 14, 2011

Ədalətsizliyə Qarşı Savaşda İnanc

Ədalət üçün aktiv savaş verən bütün insanların iki özəlliyi var: 1) ədalətə, onu qurmanın, bərpa etmənin mümkünlüyünə və ya ədalətsizliyin aktiv savaşla azaldılmasının mümkünlüyünə inanırlar, 2) bunun üçün savaş verməyə dəyər düşünürlər (və buna inanırlar) və ya ədalətsizliyin azaldılması üçün savaş onların dəyərlər sistemində önəmli yer tutur. 

Monday, January 10, 2011

Milad Fotolarda

Bu keçiddən Azərbaycan Pravoslavlarının Miladı necə qeyd etmələri haqqında yazı oxuya bilərsiniz. Şərhləri də oxuyun və vətəndaşlarımızın öyrənməsi gərəkən çox şeyləri olduğuna diqqət yetirin. Mənsə bir az dincəlim, bu aralar bloq üçün olmasa da çox yazıram. Dincəlməyə ehtiyac var.

Tuesday, January 4, 2011

Bir Səs

Videoda Qul Nəsiminin (İmadəddin Nəsimi deyil) qəzəllərindən birini türk müğənnisi Ahmet Aslan oxuyur. Mənim çox xoşuma gəldi, sizlərlə də bölüşmək istədim.

gündəlikdə axtarış