Thursday, February 3, 2011

Ekzegetika və Eyzegetika


Ekzegetika Bibliyanın bu və ya digər bir parçasının, hekayəsinin, müəyyən cümlələrinin daha dərindən, daha hərtərəfli anlaşılması üçün araşdırılmasına deyilir. Ekzegitka Məsihi Hermenevtikasının və Məsihi şərhinin təməl sənətlərindədi. Bir şəxsin ekzegetika ilə məşğul olması üçün ən azından qədim İbranii və Yunan dillərində  mətnlərlə işləməsi, üzərində işlədiyi mətni diqqətlə və yaxından oxuyub analiz etməsi, sözügedən mətnlə bağlı başqalarının araşdırmaları ilə tanış olması, mətnin yazıldığı dönəmi və s. öyrənməsi, mətnin ədəbi, linqvistik özəlliklərini ələ alması gərəkir. Ekzegetika teoloji şərhin, vəəzin, homiletikanın mühərriki kimi anlaşıla bilər. Ekzegetikasız Bibliyanı oxuyub anlamaq, ruhi gəlişmə üçün ondan yararlanmaq mümkündü, ancaq mətnin dərinliyinə enmək, onu bir neçə baxış bucağından araşdırmaq, mətnin belə deyək, tapmacalarını tam anlamaq mümkün deyil.  Bibliyanı oxuyan hər kəs şərh səviyyəsində az-çox ekzegetika ilə tanışdı. Ekzegetikada məqsəd Müqəddəs Kitabın sizə verəcəyi mümkün anlamları tapmaq, onları görməkdi.

Eyzegetika ekzegetikanın əksidi və mətnlə, özəlliklə də Qutsal Kitabla, sayğısız davranış nümunəsidi. Eyzegetika mətndən siz deyəni və siz istəyəni çıxarmaq üçün onu oxumaqdı, araşdırmaqdı. Birisi eyzegetika ilə ona görə məşğul olmur ki, mətnin mümkün anlamlarını anlasın, ona görə oxuyur ki, artıq öncədən bildiyi ideyanın, münasibətin mətndə olduğunu, yəni mətnin onun dediyini deməsini əsaslandırsın. Odur ki, eyzegetika ilə ekzegetika arasında əsas fərq niyyətdə açılır. Ekzegetika ilə məşğul olan şəxs mətnin verəcəyi və onun razılaşmayacağı anlamlara açıq olur, mətn onun üçün təəccüblü, onun sevmədiyi bir şeylər ortaya çıxaranda onu ört-basdır etmir, onu öz məqsədləri üçün sağa-sola buruşdurmur.  Eyzegetika ilə məşğul olan şəxs isə əksinə, kitabı öz istədiyi kimi danışmağa məcbur edir, kitabdan öz istədiyi anlamı çıxarmaq üçün onu oxuyur. Həmin anlamın isə kitabdan çıxarılması mümkün anlamlar arasında olması da önəmli deyil. Önəmli olan eyzetikayla məşğul olanın niyyətidi.
Buna iki örnək verək. Təsəvvür edin ki, birisi Bibliyanın dini azlıqlar haqqında nə dediyini öyrənmək istəyir. Adam düşünür ki, Bibliya dini azlıqlar haqqında bir, vahid və onları məhdudlaşdırdan yanaşma ortaya qoyur. Dostumuz bir az araşdırma aparır və öyrənir ki, Bibliya dini azlıqlar haqqında bir neçə fərqli, bəzən ziddiyyətli fikirlər söyləyir, bunların heç biri onun düşündüyünə uyğun deyil. Bu dostumuz fikirlərini həmin araşdırmasına görə dəyişir, Bibliyanın yanaşmasına tənqidi baxış bucağından baxır, bəzilərini qəbul, bəziləri barədə isə tərəddüd edir. Ikinci bir dostumuz da düşünür ki, Bibliya dini azlıqlar haqqında bir şeylər deyir və adam Bibliyanın məhz necə yanaşması haqqında qəti fikrə malikdi. O da Bibliyanı araşdırır, ancaq araşdırmasında məqsəd özü də bilmədən Bibliyanın nə dediyini öyrənməsindən daha çox, özünün düşüncələri üçün Bibliyada presedent, əsas tapmaqdı. Odur ki, onun düşüncələrinə uyğun tapdığı hər şeyi vurğulayır, düşüncələrinə uyğun gəlməyən tapıntılarını isə gözardı edir ya marginallaşdırır. Nəticədə dostumuz əmin olur ki, elə Bibliya onun dediyini deyir. Birinci dostumuz ekzegetika ilə, ikincisi isə eyzegetika ilə məşğul olur.
Bibliyanı ruhi gəlişməmiz üçün oxuduğumuz vaxt bu fərqlərə diqqət etməliyik ki, Bibliyadan öyrənmək adı altında, öz qartımış fikirlərimizin təsdiqini orda tapıb əslində elə bizim haqlı olduğumuz haqda nəticəyə gəlməyək. Əlbəttə, Bibliyada fikirlərimizi təsdiq edən çox şey tapmaq olar. Ancaq o nəticəyə gəlmək üçün də Bibliyanın sürprizlərinə, anlaşılmazlıqlarına ekzetikada olduğu kimi açıq olmalıyıq.  

No comments:

Post a Comment

gündəlikdə axtarış