Son günlər iki qara xəbər biri-birinə qarışıb. Birincisi budur ki, azəribloq-da yenə də problem var və sayt çalışmır. Ona görə də o biri bloquma girəmmirəm. İkincisi də budur ki, keçən həftə kompüterimdə virus tapılıb və kompüteri “müalicəyə” göndərdiyimə görə, indi özüm kompütersizəm. Ona görə də gündəliyə heç nə yaza bilmirəm. Daha bir neçə gün belə keçməlidi.
"Beləliklə, qalıcı olan üç şey var: iman, ümid və sevgi. Bunların da ən üstünü sevgidir." (Korinflilərə Birinci Məktub 13:13)
Monday, December 28, 2009
Monday, December 21, 2009
Yazının Yozumu: yanaşım başlanışı
Müqəddəs kitabı yozmaq və ya şərh etməyi bacarmaq zahirdən asan görünsə də daxildən çətin və dərinə gedildikdə alışqanlıq, öyrənmək istəyən bir işdi. Bu elənişi (eləmək –eləniş = fəaliyyət) öyrənmək üçün iki ana anlayışa göz ataq. Bunun biri içdən başlanış, digəri isə çöldən başlanışdı. Hər ikisi bir arada Müqəddəs Kitaba yanaşmağımızın hardan və necə başlandığını anladır. Gəlin bu başlanğıca yanaşım başlanışı deyək. Yanaşım başlanışında önəmli olan Müqəddəs Kitabı anlamaq üçün ona hansı baxış bucağından ilk addımı atacağımızıdı.
Monday, December 14, 2009
Gəliş: insanın vəhyləşməsi, vəhyin insaniləşməsi
Bu günlərdə kilisələr dünyanın dörd bir yanında İsa Məsihin, yəni Tanrı Oğlunun və Tanrının gəlişini (Advent) qeyd edirlər. Təxminən son iki həftədir ki, mən də istər-istəməz bayram əhval ruhiyyəsinə köklənirəm. İsa Məsihin doğuluşu Tanrı Sözünün insaniləşməsi, bəşəriləşməsi və doğulub bizim aramızda yaşamasını anladır. Bu, İsa Məsihin birinci gəlişidi. Ölümündən və Dirilişindən sonra Tanrı Sözü bizlərə söz verib ki, bir daha dönəcək və o sözdə də özünü bizə verib. Ancaq Ruhi – Rəvan hər zaman onu bizim içimizə sindirir və İsa Məsih davamlı olaraq bizimlədir. Küçədə sizə uzanan dilənçi ovucunda, kasıbın qətiyyətsiz yerişində, fahişənin saxta və faciə dolu təbəssümündə İsa Məsihin Surətini görsəniz, qorxmayın. Günahkarlarla yeyib-içən, onların evinə gedib onlara ümid verən, xəstələrə şəfa verib onları ayağa qaldıran, kasıb-kusubu yedirib-doyuran İsa Məsih sizə hər halda gözəl saraylardan, lap elə hündür kilisə qüllələrindən gülümsəməz.
Tuesday, December 8, 2009
Tanrı Gözləri
Göy üzü,
Tanrının gözləriylə dolub.
İşıldayır, sayrışır, göz vurur.
Hər yerdə, bir yerdə
O yerdə və
Heç yerdə
Onun gözləri.
Thursday, December 3, 2009
Ədalət üçün tanıqlıq: başlanğıca dönüş - 4
Ədalətlə bağlı cızma-qırmızılarımızı bitirmək vaxtı gəldi. Bir-iki sözlə ədaləti öz axınına buraxalım. Ədalət üçün tanıqlıq sonsuz bir axıntı kimidi. Onun başlanğıcı və sonu yoxdu. Hər bir isəvi doğuluşundan ədalət üçün tanıqlıq etmək işini Tanrıdan əmanət alır və buna uyğun yaşamağa çalışmalıdı. Bu bir İlahi işidi və içimizdəki ədalət naləsi bunu ömrümüz boyu bizə xatırladır. Başqalarından ədalət istəyərik, başqalarının başqalarına qarşı ədalətsizliyinə qəzəblənərik. Bəzən ümidsizləşərik, bəzən bir yerdə, bir məkanda kiçik bir ədalət qığılcımı görəndə içimizə ümid dolar. Bütün bunlar bizə ədaləti xatırladar. Ancaq çox azımız ona diqqət yetirir, ədaləti düşünülmüş, ardıcıl yaşamağa can atdığımız prinsiplərə çevirir.
Subscribe to:
Posts (Atom)